YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“YAŞAT” Fondu Türkiyədə müalicə alan qazilərimizi ailə üzvləri ilə görüşdürüb

“YAŞAT” Fondu tərəfindən Türkiyədə müalicəsi davam etdirilən Vətən müharibəsi qazilərinin ailə üzvləri üçün xüsusi layihə baş tutub.

Layihə çərçivəsində dekabrın 26-dan yanvarın 2-dək Türkiyədə müalicəsi davam etdirilən yeddi qazimizin 19 ailə üzvünün qardaş ölkəyə səfəri keçirilir.

Layihənin əsas məqsədi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramında qazilərimizin ailə üzvləri, eləcə də yaxınları ilə birlikdə olmalarını təmin etmək, onlara xoş əhval-ruhiyyə və bayram sevincini yaşatmaqdır.

Yaralılarımızın ailə üzvləri təşkil edilən səfərə görə “YAŞAT” Fonduna və layihənin reallaşdırılmasına dəstək göstərən qurumlara təşəkkürlərini bildiriblər.

Səfərdə iştirak edən “YAŞAT” Fondunun əməkdaşları, həmçinin ağır yaralılarımızın Türkiyədəki müalicə şəraiti və prosedurları ilə maraqlanıb, həkim heyəti ilə görüşlər keçiriblər. Görüşlər zamanı ağır yaralılarımızın müalicəsi istiqamətində ciddi irəliləyişlərin olduğu müşahidə edilib.

Səfər çərçivəsində Türkiyədə müalicə alan qazilərimizin ailə üzvləri ilə görüşləri keçirilir. Yaralılarımızın və onların ailə üzvlərinin iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə şam yeməyi və xüsusi proqram təşkil edilib.

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının təşkilatçılığı ilə baş tutan tədbirdə hər iki qardaş ölkənin dövlət himnləri səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Federasiyanın İdarə heyətinin sədri Ədalət Turan Azərbaycanın Vətən müharibəsində əldə etdiyi şanlı Zəfərin bütün türk dünyasının tarixi Qələbəsi kimi qiymətləndirib.

Bildirilib ki, İkinci Qarabağ müharibəsi müasir türk tarixinin ən əhəmiyyətli hadisələrindən biridir və bu müharibə nəticəsində otuz ilə yaxın müddət ərzində işğal altında olan torpaqlarımız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan oğullarının qəhrəmanlığı sayəsində azad edilib.

Qazilərimiz layihənin və tədbirin təşkilatçılarına öz minnətdarlıqlarını bildiriblər.

Tədbir Azərbaycan milli rəqs və musiqilərindən ibarət bədii hissə ilə davam etdirilib.

Layihə “AMO Group”un sponsorluğu, "Azərbaycan Hava Yolları" QSC, Azərbaycan Diasporuna Dəstək Fondu, “PAŞA Həyat Sığorta” və Azərbaycan Respublikasının İstanbuldakı Baş Konsulluğunun dəstəyi ilə baş tutub.

Xatırladaq ki, “YAŞAT” Fondu tərəfindən ümumilikdə 157 ağır yaralı müalicə edilməsi məqsədilə Türkiyə Respublikasına göndərilib. Onlardan 116-sı ölkəyə geri qayıdıb. Hazırda 41 ağır yaralının müalicəsi Türkiyə Respublikasında davam edir.