YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Naqif Həmzəyev: Həmrəylik günü milli birlik, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir

Azərbaycan xalqı o xoşbəxt xalqlardandır ki, dahi şəxsiyyət Heydər Əliyev kimi bir siyasət nəhəngini yetirməklə milli ənənələr üzərində qurduğu dövlətçiliyini tarixin ən sərt sınaqlarından çıxararaq müstəqilliyini təmin edib, xalqın həmrəyliyinə və gələcəyinə xidmət edən dövlət siyasəti həyata keçirib. Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olub, dünya azərbaycanlılarının həmrəyliyini, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayıb.

Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, dünya azərbaycanlılarının həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları üçün artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib: “Ümummilli lider Heydər Əliyev dediyi kimi “Dünya azərbaycanlılarının həmrəyliyi gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir”.

“Ulu Öndərin milli həmrəylik və azərbaycançılıq amalının şüurlarımızda möhkəm yer tutmasına yönəlmiş uzaqgörən siyasətini bu gün Prezident İlham Əliyev inamla davam etdirir. Xalqımızın milli həmrəyliyinin daha da güclənməsinin Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində bir daha şahidi olduq. Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə idi.

Dövlət başçısı İlham Əliyevin Azərbaycan cəmiyyətindəki etimadının daha da yüksəlməsi, dövlət başçısının yürütdüyü siyasətin xalqımız tərəfindən yekdilliklə və coşqu ilə dəstəklənməsi milli həmrəyliyimizin ifadəsi kimi tarixə yazıldı. Torpaqlarımızın işğaldan azad olunması həm də milli həmrəylimizin təntənəsi, xalqımızın öz rəhbəri ətrafında sıx birləşməsinin təcəssümü oldu. Məhz bunun üçün müstəqil Azərbaycan xalqının əlamətdar bayramlarından olan Dünya azərbaycanlılarının həmrəyliyi günü daha yüksək əhvali-ruhiyyə ilə qarşılanır. Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir”, - deyə N.Həmzəyev vurğulayıb.