YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami rayonunda Daun sindromlu və Serebrial iflic uşaqlar üçün bayram tədbiri keçirilib

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı və Qayğı Sağlam Nəsil Naminə İctimai Birliyi Daun sindromlu və Serebrial iflic uşaqlar üçün Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir təşkil edib.

Tədbirdə ictimai birliyin sədri Sevinc Abdullayeva, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev, DOST Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin direktoru Şahin Əliyev, Vətən müharibəsi qaziləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə daun sindromlu şəxsin pianoda ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

İctimai birliyin ötən yeddi ildə həyata keçirdiyi uğurlardan bəhs edən sədr qeyd edib ki, birliyin əsas məqsədi daun sindromlu və serebral iflicli uşaqları cəmiyyətə faydalı fərd kimi qazandırmaqdır: "Sevindirici haldır ki, son illər daun sindromlu və sereblar iflicli uşaqları cəmiyyətə çıxaran valideynlərin sayı xeyli artıb. Burada həmin şəxslərlə işləyən qurumların və əlbəttə ki, peşəkar pedaqoqların rolu böyükdür”.

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov qeyd edib ki, bu il Yeni ili və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü tamam fərqli dövrə qədəm qoymuş dövlətin vətəndaşları kimi qeyd edirik: "Bunu bizə yaşadan qazilərə Allahdan şəfa, şəhidlərə rəhmət diləyirik. Allah dövlətimizi, Prezidentimizi qorusun. Qoy, uğur və nailiyyətlərimiz davamlı olsun".

Çıxış edən Milli Məclisin deputatı Sədaqət Vəliyeva da ölkədə uşaqların diqqət və qayğı ilə əhatə olunmasından danışıb. Bildirib ki, 44 günlük Vətən müharibəsindən Azərbaycan qalib ölkə kimi çıxıb: "Prezident İlham Əliyevin rəhbərliyi altında bizim rəşadətli ordumuz erməni faşizminə zərbə endirib. Bu gün də günəşli Azərbaycanın günəş balaları Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın qayğısı ilə əhatə ediliblər. Bütün uşaqlar kimi, Daun sindromlu və sereblar iflicli uşaqlar üçün də gözəl dünya yaradılıb. Yaxşı yaşamaq bütün uşaqların haqqıdır. Tədbirdə iştirak edən Vətən müharibəsi qaziləri xalqımız, xüsusilə də gələcəyimiz olan uşaqların təhlükəsiz yaşayışının təminatı naminə düşmənlə üz-üzə gəlməkdən çəkinməyiblər".

DOST Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin direktoru Şahin Əliyevin sözlərinə görə, daun sindromlu uşaqlar, sadəcə olaraq, bizdən müəyyən qədər fərqlidirlər, onlar saf və daxilən daha gözəldirlər: "Məhz ona görə də həmin uşaqların təbəssümü bu qədər gözəldir. Belə uşaqlarla ünsiyyət, hesab edirəm ki, hər kəsi daxilən saflaşdırır. Daun sindromlu və serebral iflicli uşaqları daim diqqətdə saxlamağa xidmət edən tədbirlərin təşkilini vacib hesab edirəm. Həmin uşaqların cəmiyyətə inteqrasiyası bu gün üçün olduqca vacibdir. Onu da qeyd edim ki, Azərbaycan bütün uşaqlara, eləcə də daun sindromlu və sereblar ifliclilərə dövlət tərəfindən göstərilən qayğı və onlar üçün yaradılan şərait əvəzolunmazdır".

Tədbirdə, həmçinin Nizami Rayon İcra Hakimiyyətinin başçısının müavini İldırım Mehdiyev, Qayğı Reabilitasiya Mərkəzinin direktoru Bənövşə Məmmədova, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin direktoru Natella Həsənova və Azərbaycan Dillər Universitetinin Pedaqogika fakültəsinin dekanı Nigar Zeynalova çıxış ediblər. Çıxışlar zamanı Daun sindromlu və serebral iflicli uşaqlara xüsusi dövlət qayğısının göstərilməsi, inklüziv təhsilin əhəmiyyəti, birliyin effektiv fəaliyyətindən danışılıb.

Daun sindromlu şəxslərin reabilitasiya mərkəzində keçirilən tədbirdə, həmçinin Vətən müharibəsi qaziləri - Vüqar Bünyatzadə, Səid Məmmədov, Teymur Kərimli, Aydın Zöhrabov, Emin Eminov, Ervin Cavadov, Denis Quzlayev, Turan Məmmədov, Məmməd Məmmədzadə təltif ediliblər. Eyni zamanda, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin istedadlarından biri, Daun sindromlu Nurcanın qardaşı şəhid Ümman Əmiraslanovun xatirəsi yad edilib.

Tədbirin sonunda daun sindromlu və serebral iflicli uşaqlara hədiyyələr təqdim edilib, qonaqlar həmin uşaqlar tərəfindən hazırlanan nümunələrdən ibarət sərgiyə dəvət olunub.