YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İordaniyalı akademik: Prezident İlham Əliyev yubileyini parlaq və ardıcıl qələbələrlə qeyd edir

Azərbaycan Prezidenti İlham Əliyev mənalı və xalqına xidmətə həsr etdiyi həyatının altmışıncı ilini parlaq və ardıcıl qələbələrlə qeyd edir. Dahi siyasi xadim Heydər Əliyev sayəsində dünyaya günəş kimi işıq saçan Azərbaycan bu gün də etibarlı əllərdədir. İqtisadi qüdrəti, beynəlxalq nüfuzu və böyük gələcəyi olan ölkəniz, eyni zamanda, XXI əsr tarixinə torpaqlarını düşmən tapdağından azad edən dövlət kimi düşdü. Bu möhtəşəm Qələbə məhz Prezident İlham Əliyevin siyasi və hərbi məharəti nəticəsində mümkün oldu.

Bu sözləri müsahibəsində iordaniyalı akademik Mərvan Suda söyləyib.

O bildirib: “Prezident İlham Əliyev yubileyini ona sonsuz etimadı olan və hər zaman mənafeyi uğrunda fəaliyyət göstərdiyi xalqı ilə birlikdə qeyd edir. Azərbaycanın dövlət başçısı 44 günlük müharibədə möhtəşəm Qələbəni də məhz xalqının dəstəyi ilə qazandı. Azərbaycanlılar öz Liderinə sevgi və böyük ehtiram hissi bəsləyirlər. Mən istər sosial şəbəkələrdə, istərsə də müxtəlif zümrələrdən olan Azərbaycan vətəndaşları ilə görüşlərdə buna əmin oldum. Prezident İlham Əliyev həm də olduqca səmimi insandır. Xatırlayıram, müharibə günlərində onun xalqa müraciətlərində düşmənə qarşı söylədiyi bir çox fikirlər sadə insanların leksikonuna daxil olmuşdu. Bizim zamanımızda öz xalqı tərəfindən bu qədər sevilən dövlət başçısı çox azdır. Prezident İlham Əliyevin yüksək intellekti, müxtəlif sahələrə dair dərin ensiklopedik bilikləri, özünün əsas ixtisası – diplomatiya sahəsində məharəti beynəlxalq siyasət aləmində ona böyük nüfuz qazandırıb. Ötən il onun bu məziyyətlərinə daha bir yüksək keyfiyyəti – böyük sərkərdəlik qabiliyyəti əlavə olundu. Təsadüfi deyil ki, Azərbaycan xalqı öz Prezidentini məhz Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı adlandırıb”.

Prezident İlham Əliyevin İslam və ərəb dünyalarında nüfuzundan danışan akademik vurğulayıb: “Mərhum Heydər Əliyev dünyanın iki qlobal gücündən biri olan SSRİ-nin rəhbərlərindən biri kimi ərəb dünyasında böyük nüfuza malik idi. Onun davamçısı İlham Əliyev isə bizim coğrafiyada müsəlmanlara məxsus olan torpaqları qısa müddətdə işğaldan azad edən sərkərdə, İslam abidələrini və dini məbədləri qoruyan xilaskar olaraq tanınır. O, təkcə öz xalqının deyil, bütün müsəlmanların qürur və ləyaqətini, habelə özünə inam hissini möhkəmləndirdi. Son bir ildə ərəb mətbuatının xülasəsinə baxsanız, Prezident İlham Əliyevin böyük siyasətçi və sərkərdə məharəti haqqında çoxlu sayda məqalələrin şahidi ola bilərsiniz. Düşünürəm ki, Azərbaycanın dövlət başçısı həm öz xalqı, həm də İslam aləmi üçün nadir tarixi şəxsiyyətlərdən biridir. Prezident İlham Əliyev siyasət aləmində siyasətçilərə, hərb sənətində hərbçilərə, iqtisadiyyat üzrə ən yaxşı iqtisadçılara dərs keçə biləcək dərəcədə böyük istedada malikdir”.

M.Suda sonda deyib ki, siyasət, ilk növbədə, səbir və qətiyyət elmidir. Prezident İlham Əliyev bu iki mühüm keyfiyyətə malik siyasətçidir. Uzun illər - 30 ilə yaxın müddətdə öz xalqının erməni işğalından çəkdiyi əziyyətləri, məruz qaldığı qətliamlara son qoymaq üçün ona güclü dövlət, iqtisadi qüdrət, yüksək döyüş qabiliyyətinə malik olan ordu lazım idi və dövlət başçısı tədricən, addım-addım buna nail oldu. Təkcə Azərbaycanın deyil, bütün regionun rifahını və gələcəyini düşünən Prezident bu gün sülh və əməkdaşlıq istiqamətində yorulmaz fəaliyyətini davam etdirir.

“İordaniya və bütün ərəb ölkələrinin ziyalıları adından bu çətin və şərəfli yolda Prezident İlham Əliyevə uğurlar diləyirəm”, - deyə akademik bildirib.