YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev irsinin öyrənilməsi

Dekabrın 15-də YAP Xətai rayon təşkilatında  Bakı Şəhər üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Xətai rayonunda yerləşən orta təhsil müəssisəlgrinin XI sinif şagirdləri  üçün  “Heydər Əliyev irsinin öyrənilməsi” dərsləri çərçivəsində ilk dərs keçirilib.

  Tədbir iştirakçıları öncə  YAP Xətai rayon təşkilatının  foyesində  müasir müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin büstü önünə qızıl gül dəstələri düzüblər.

  YAP Xətai rayon təşkilatının akt zalında davam edən tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

   YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə tədbirin mahiyyətini, mövzunun bütün dövrlər  üçün aktuallığını  və hər bir Azərbaycan vətəndaşının qarşısında dayanan vəzifə olduğunu önə çəkərək bilbirib ki, bugünkü qüdrətli, güclü, qalib Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir: “Ümummilli Lider 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə yeni Azərbaycan qurdu.  Müstəqilliyimizin  bərpasının ilk illərində Azərbaycanın yaşadıqları hər kəsin yaddaşındadır.  Bugünkü gənclik o illəri  tarix dərsliklərindən və digər  vəsaitlərdən öyrənirlər.  Ulu öndər Heydər Əliyevin   gördüyü işlər Vətəninə, dövlətinə, xalqına nə qədər bağlı olduğunu nümayiş etdirir. O hələ hakimiyyətinin birinci dövründə- 1969-1982-ci illərdə Azərbaycanın müstəqil gələcəyini düşünərək biri-birindən önəmli addımlar atmışdır. Bunlar arasında gənclərin keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsini, Cəmşid Naxçıvanski adına  hərbi liseyin yaradılmasını xüsusi qeyd etmək olar. Ulu öndər Heydər Əliyev sovetlər birliyi dövründə Azərbaycanı qabaqcıl respublikalar sırasına çıxardığı kimi, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə müstəqilliyi əbədiləşdirən uğurlu bir yolun başlanğıcını qoydu. 1993-cü ildə  xalqın təkidli tələbi ilə  hakimiyyətə qaydışından  sonra Azərbaycanın qısa müddətdə   sabitilk diyarına,  qüdrətli  iqtisadiyyata malik ölkəyə çevrilməsinə əsas yaratdı.”

 V.Rəhimzadə qeyd edib ki, Heydər Əliyevin fəaliyyəti bir məktəbdir. Hər bir Azərbaycan  vətəndaşı bu məktəbi öyrənməyə borcludur.  Çünki bugünümüz, işıqlı gələcyimiz üçün dahi şəxsiyyətə borcluyuq.   Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısında xidmətləri misilsizdir. 2003-cü ildən bu günədək keçilən yola nəzər salsaq  Ümummilli Liderin   siyasi kursunun uğurla davam etdiyini görərik. Dövlət başçısı İlham Əiyev bütün çıxışlarında bu çağırışı edir ki, Azərbaycan gəncliyi milli ruhda tərbiyə olunmalıdır. Təbii ki, 44 günlük Vətən müharibəsi gənclərin nə qədər vətənpərvər, ölkəsini, xalqını sevən olduğunu bir daha təsdiqlədi. Heydər Əliyev irsi öyrənilməli,  nəsildən-nəslə  ötürülməlidir.

Milli Məclisin deputatı, Bakı Dövlət Universitetinin kafedra müdiri,  professor Kamilə Əliyeva mövzu ilə bağlı məruzəsində bildirib ki, ulu öndər Heydər Əliyev respublikamıza rəhbər təyin olunana qədər Azərbaycana qarşı ögey münasibət bəslənilirdi: “Şübhəsiz ki, keçmiş SSRİ rəhbərliyinin xalqımıza qarşı bu cür münasibət bəsləməsinə tarixi düşmənlərimiz olan ermənilərin də fitnəkarlığı təsir etmişdi. Dilimizə, dinimizə, milli-mənəvi dəyərlərimizə, bir sözlə, xalqımızın mənsub olduğu bütün xüsusiyyətlərə təcavüzlər edilirdi. O vaxtlar təhlükəsizlik orqanlarında çalışan Heydər Əliyev bunları yaxşı görürdü və vəziyyətdən çıxış yolu axtarırdı. Onun Azərbaycana rəhbər təyin edilməsi ilə xalqımızın üzləşdiyi çətinliklər, təqib və təzyiqlər aradan qaldırılmış oldu. Demək olar ki, baş verən xoşagəlməz hallara son qoyuldu. Heydər Əliyevin 1969-cu ildə Azərbaycan rəhbərliyinə təyinatı sözsüz ki, Onun Liderlik kefiyyətlərinə, təşkilatçılıq bacarığına, şəxsi intellektual imkanlarına o vaxtkı SSRİ rəhbərliyi tərəfindən verilən yüksək qiymətin göstəricisi idi. Heydər Əliyev bu etimadın müqabilində sadəcə respublikada Moskvanın təlimat və göstərişlərini həyata keçirən bir rəhbərə çevrilmədi. Əksinə  sovet idarəçiliyinin şablonlaşmış ideologiyasının respublikanın rifahına, inkişafına yönəltməyi bacaran bir Lider kimi özünü təsdiq etmiş oldu.”

“İndi bunu aydın dərk edirik ki, Heydər Əliyev o dövrdəki fəaliyyəti ilə həm də Sovet dövlətinin iqtisadi imkanlarını Azərbaycanın uzun illər sonrakı tərəqqisi və nəticə etibarilə indiki müstəqil dövlətçiliyimiz üçün maksimum dərəcədə sərf etməyi bacarmışdı” söyləyən millət vəkili qeyd edib ki,  o, müdrik siyasət, böyük siyasi iradə nümayiş etdirərək respublikanın ittifaq büdcəsinin imkanlarından maksimum yararlanmasını təşkil etmiş fövqəldövlətin xammal bazası kimi tanınan Azərbaycanın sənaye mərkəzinə çevrilməsinə nail olmuşdu. Respubikanın sənaye və kənd təsərrüfatında ümumiyyətlə, ictimai həyatın bütün sahələrində yüksəliş mərhələsi başlanmışdı.

   K.Əliyeva vurğulayıb ki, respublikaya rəhbərliyinin ilk günlərindən xalqın sabahını düşünən ulu öndər Heydər Əliyev zamanı qabaqlayaraq Azərbaycanın gələcək inkişafı və müstəqilliyi üçün mühüm təminatlar yaratmışdı: “Məhz elə həmin illərdən etibarən xalqımızın milli mənlik şüuru yüksəlmiş, kadr korpusunun milliləşdirilməsi istiqamətində qətiyyətli addımlar atılmışdı. Xalqın həyat səviyyəsinin yüksəldilməsi üçün bir sıra sosial-iqtisadi islahatlar həyata keçirilmiş, Azərbaycan sovetlər birliyinin ən inkişaf etmiş respublikaları sırasına daxil olmuşdu.” 

  O da bildirilib ki, Azərbaycan sürətli inkişaf yolu keçərək digər respublikaları üstələdi. Halbuki ulu öndər Heydər Əliyevdən əvvəl Azərbaycan bütün respublikalardan, hətta tarixi torpaqlarımız üzərində yaradılan Ermənistandan belə geri qalırdı. Azərbaycan bütün sahələrdə tənəzzüldən qurtularaq tərəqqiyə doğru istiqamətləndi.

  Xətai Rayon İcra  Hakimiyyətinin şöbə müdiri,  Aprel döyüşlərinin və ikinci Qarbabağ müharibəsinin iştirakçısı,  kapitan  Anar Məmmədov çıxışında əsas diqqəti Azərbaycanın ordu quruculuğu sahəsində qazandığı uğurlara yönəldərək bildirib ki, ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə  bu sahəyə xüsusi diqqət göstərilib. Cəmşid Naxçıvanski adına liseyin yaradılması Ümummilli Liderin  gərgin səylərinin nəticəsidir. Bu gün orduda xidmət edən zabitlərin böyük əksəriyəti həmin liseyin yetirmələridir. 

  Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbində təhsil aldığını qeyd edən  Anar Məmmədov  bildirib ki, bu gün dünyanın bir çox dövlətindən bu  məktəbdə təhsil alanlar vardır. Bu da  tədrisin  keyfiyyətinin yüksək olmasından,  gənclərin   yüksək vətənpərvərlik ruhunda tərbiyə olunmasından irəli gəlir. 

   A.Məmmədov qeyd edib ki, ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan  sürətli inkişaf yoluna qədəm qoydu.  Beynəlxalq nüfuzu artdı.  Ordusu dünyanın ən güclü orduları sırasında yer aldı.  Bu gün böyük qürür hissi ilə qeyd etdiyimiz “Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alır” fikri Ulu Öndərin   yaratdıcı möhkəm təməlin nəticəsidir.  2003-cü ildən bu günə həmin siyasət dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir.  2016-cı ilin Aprel döyüşləri,  2020-ci ilin  27 sentyabrından 10 noyabradək  davam edən Vətən müharibəsi Azərbaycan ordusunun gücünün, qüdrətinin təqdimatı oldu.

    Anar Məmmədov gəncləri daim vətənpərvər olmağa, dövlətimizi, dövlətçiliyimzi  qorumağa çağırıb. Bildirib ki, bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı  belə qüdrətli, qalib  Azərbaycanın  vətəndaşı olmağı ilə qürur duymalıdır. Qarşıda görüləcək işlər çoxdur. Birliyimiz, həmrəyliyimiz sayəsində  hər bir hədəfə  yüksək səviyyədə nail olacağıq.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, BDU-nin professoru  Hüseyn Əsgərov bildirib ki, Zəfərimizin əldə olunmasında Ulu Öndərin rolundan bəhs etmək istərdim: “Müharibədə qalib gəlməyin 7 əsas şərti var: güclü iqtisadiyyat, güclü ordu,  güclü Lider, hakimiyyətlə xalqın birliyi, ölkədaxili sabitlik,  milli ruhun yüksəkliyi və  beynəlxalq ictimai aləmdə üstünlük. Əgər bu yeddi şərt yoxdursa müharibəyə başlamaq olmaz. Bəzən deyirlər ki, niyə 30 ilə yaxın gözləyirdik. Dözməyib, nə edə bilərdik? Çünki bu şərtlər hələ təmin olunmamışdı. Ulu Öndərimizin davamçısı Prezident İlham Əliyev dəmir yumruğu ilə sözünü dedi. Bu işlərin təməlini də ulu öndər Heydər Əliyev qoyub.”

 “1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı zamanı nə güclü ordu, nə iqtisadiyyat var idi.  Ümumiyyətlə, bu dediklərimin heç biri yox idi” söyləyən Hüseyn Əsgərov vurğulayıb ki, belə olan təqdirdə müharibəni davam etdirməyin bir mənası vardımı? Bu şərtlər yoxdursa, tərpəndikcə batacaqsan: “Ona görə də Heydər Əliyevin tarixi nailiyyətlərindən biri 1994-cü ilin mayında müharibəni dayandırmaq oldu. Yəni, atəşkəsə nail olundu. Müharibəni dayandırdıq ki, yuxarıda sadalanılanları əldə edək. Neft strategiyası ilə güclü iqtisadiyyatın və güclü ordunun əsası qoyuldu. Çünki güclü ordu güclü iqtisadiyyata bağlıdır. Güclü iqtisadiyyat yoxdursa güclü iqtisadiyyat da olmayacaq. Bu şərtlərin hamısı bir-birinə zəncirvari bağladır. Bu  şərtlərin təminatının əsası məhz 1993-cü ildə Ulu Öndərin hakimiyyətə qayıdışından sonra qoyuldu. Ona görə də bizim Zəfərimizin tarixi 1993-cü ildən başlayır. Möhtərəm Prezident, Ali BAş Komandan İlham Əliyev məqamı yetişəndə “Dəmir yumruğ”u ilə öz sözünü dedi və ərazi bütəvlüyümüz bərpa olundu.”

O da qeyd edilib ki, Ulu Öndər Heydər Əliyev dahidir.  Azərbaycanın siyasət arenasında, siyasi tarixində, siyasət müstəvisində “dahi” sözünü yalnız ulu öndər Heydər Əliyevin adı və soyadı qarşısında işlətmək olar. “Heydər Əliyevin iris bizim milli sərvətimizdir. Onu öyrənmək, ərz etmək, gələcək nəsillərə çatdırmaq hər şeydən əvvəl bizim vətəndaşlıq borcumuzdur. İnanın ki, bu iris öyrəndikcə, çox rahat olacaqsınız. Ümummilli lider Heydər Əliyev haqq dünyasına qovuşanda Amerika Birləşmiş Ştatlarının o zamankı dövlət katibinin birinci müavini Riçard Armitac  belə bir ifadə səsləndirdi: “Heydər Əliyev ölümü ilə dünya bir qədər də kiçildi.”  Bu, o anlama gəlir ki, dünya 7,5 milyard insanın çiyinləri üstündə deyil, məhz Heydər Əliyev kimi nadir, unikal dahilərin, şəxsiyyətlərin çiyinləri üstündə dayanıb.”

Diskussiya şəklində davam edən tədbirdə  şagirdləri maraqlandıran suallar cavablandırılıb.