YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Artur Rasizadə: Ölkəmizdə aparılan inkişaf və tərəqqi siyasəti uğurla davam etdirilir

Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin illik hesabatı təqdim olunub. Hesabatı təqdim edən Baş nazir Artur Rasizadə 2014-cü il ərzində görülən işlər barədə məlumat verib.

Artur Rasizadə bildirib ki, ölkəmizdə aparılan inkişaf və tərəqqi siyasəti uğurla davam etdirilir. Onun sözlərinə görə, ötən il qarşıya qoyulan bütün məqsədlərə nail olunub, iqtisadiyyat şaxələndirilib, xalqın rifahı üçün əhəmiyyətli addımlar atılıb: «Azərbaycan Prezidentinin siyasəti nəticəsində ölkədə davamlı iqtisadi sabitlik yaranıb. Dünya iqtisadiyyatında baş verən qeyri-davamlılığın ölkə iqtisadiyyatına təsiri az alıb. 11, 5 milyard xarici investisiyasına şərait yaradılıb. Əhalinin gəlirləri artıb, inflyasiya isə 1,4 faiz səviyyəsində saxlanılıb. Manatın sabitliyi qorunub, valyuta ehtiyatları 51,3 milyard dolları  keçib”.

Baş nazir qeyd edib ki, ünvanlı dövlət sosial yardım alan şəxslərin sayı 33 faiz azalıb: “Bir ailəyə düşən sosial yardım 149 manat təşkil edib. Ölkə üzrə yoxsulluğun səviyyəsi azalaraq 5 faizə düşüb. Məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilib. 4 mindən çox məcburi köçkün ailəsi mənzillə təmin edilib, bu istiqamətdə 650 milyon manatdan artıq maliyyə xərclənilib”. Onun sözlərinə görə, dövlət büdcəsinin vəsaiti hesabına real sektorda layihələr maliyyələşdirilib: “Sahibkarlara 290 milyon manat kredit verilib, 39 iri müəssisə yaradılıb. Ötən il üçüncü dövlət proqramı qəbul edilib, əvvəlki proqramlar səbəbindən regionlarda çoxlu sayda istehsal müəssisələri, sənaye parkları yaradılıb, təmir-tikinti işləri aparılıb. Regionların inkişafına 4,5 milyard manat yönəldilib. 2014-cü ilin «Sənaye ili» elan olunması qeyri-neft sektorunun inkişafını stimullaşdırıb. Bunun nəticəsi olaraq 2014-cü ildə ölkədə 230-dan çox sənaye müəssisəsi açılıb”.

A. Rasizadə bildirib  ki, neft-qaz sektoru hələ uzun illər ölkə iqtisadiyyatında mühüm yer tutacaq: “Ötən il Azərbaycan qazının Avropa ölkələrinə nəqli üçün nəzərdə tutulan Cənub Qafz dəhlizinin əsası qoyulub. Cənub Qaz Dəhlizi, TAP, TANAP kimi layihələr uzun illər ölkənin iqtisadi maraqlarına və xalqın rufahına xidmət edəcək”. A.Rasizadə təəssüflə bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar ötən il də heç bir nəticə verməyib: “Ermənistanın münaqişənin həllində tutduğu mövqe mövcud status-kvonun saxlanmasına, məsələnin həllinin qeyri-müəyyən müddətə uzadılmasına səbəb olur. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bunu nəzərə alaraq ordu quruculuğunun daim təkmilləşdirilməsini və ordunun ən müasir silah-sursatla təmin edilməsini, hərbçilərin sosial vəziyyətinin yaxılaşdırılmasını gündəlik nəzarətində saxlayır. Son zamanlar hərbçilərimizin işğalçı erməni silahlı birləşmələrinin cəbhə xəttində törətdikləri təxribatlara verdiyi tutarlı cavablar Azərbaycan Ordusunun döyüş qabiliyyətinin gündən-günə artdığının əyani sübutudur”.

A.Rasizadənin sözlərinə görə, hərbi quruculuq və Milli Ordu ilə bağlı məsələlər bütün dövlət orqanlarının, digər qurumların və cəmiyyətimizin daim diqqət mərkəzində olmalıdır. Sevindirici haldır ki, artıq bu diqqəti, qayğını əks etdirən çoxlu nümunələr var. Silahlı Qüvvələrə Yardım Fonduna toplanılan könüllü ianələrin ilbəil artması da ordumuza göstərilən hərtərəfli ümumxalq dəstəyinin təzahürüdür".

Müzakirələrdə çıxış edən deputatlar Nazirlər Kabinetinin illik hesabatını qənaətbəxş qiymətləndiriblər.