YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır

Elbrus Quliyev

Dövlət Statistika Komitəsi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri

Azərbaycanın siyasi həyatında Yeni Azərbaycan Partiyasının müstəsna rolu vardır. Yaranmasının 29-cu ildönümü qeyd etdiyimiz YAP özünün tarixi missiyasına uyğun olaraq  cəmiyyətimizdə  ümumxalq partiyası statusunu qazanıb. Partiyanın yarandığı dövrdə ölkəmizdə hökm sürən xaos, anarxiya və hərc-mərclik Azərbaycanın öz müstəqilliyini itirmək təhlükəsi ilə üzləşməsinə səbəb olmuşdu. Hakimiyyətdə olan səriştəsiz qüvvələr ölkəni dərin siyasi böhrandan xilas etmək iqtidarında deyildi. Bu hadisənin fonunda ölkəmizin üzləşdiyi siyasi, iqtisadi böhran və tənəzzül meyilləri, həmçinin mənəvi-ideoloji kataklizmlər Yeni Azərbaycan Partiyasının yaranmasını zəruri etdi. Belə bir şəraitdə 91 nəfər ziyalı yeni yaranacaq Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verməsi üçün 1992-ci il oktyabrın 16-da Ulu Öndər Heydər Əliyevə müraciət etdi. Ümummilli Lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. 1992-ci il noyabrın 21-də Naxçıvanda 550-dən çox nümayəndənin iştirakı ilə keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası yaradıldı və Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi. Ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində təşkilatlandı, xalqın dəstəyi ilə 1993-cü ildə hakimiyyətə gəldi.

Yarandığı gündən YAP-ın Ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub və partiyamız ötən illər ərzində öz məqsədlərinə uyğun fəaliyyət göstərib.

YAP-ın yarandığı tarixi zamana, həmin vaxtlarda Azərbaycanda cərəyan edən hadisələrə nəzər saldıqda, YAP-ın cəmiyyətdə oynadığı rol daha aydın şəkildə özünün büruzə verir. Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlər silsilə xarakter daşıyır və bugünkü uğurların ciddi tarixi və siyasi əsasları mövcuddur. YAP Ulu öndər Heydər Əliyevin ideyaları əsasında irəliləyərək böyük və şərəfli yol keçib. Əminliklə söyləyə bilərik ki, cəmiyyətin avanqard siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu siyasət bu gün də uğurla davam etdirilir. Partiya öz səmərəli fəaliyyəti ilə Azərbaycanın inkişafına xüsusi töhfələr verir, ölkənin etibarlı gələcəyinin təmin olunmasında müstəsna rol oynayır.

Partiyamız yarandığı vaxtdan xalqımıza xidmət onun başlıca amalı olub. Ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik prinsipinə söykənən Yeni Azərbaycan Partiyası ölkəmizin ən qabaqcıl nümayəndələrini öz sıralarında birləşdirərək müstəqil Azərbaycan dövlətinin qurulması yolunda geniş, çoxşaxəli fəaliyyət göstərib.

Beləliklə, Yeni Azərbaycan Partiyası siyasi sistemin monolit gücü və avanqard siyasi institutudur. Başqa sözlə, YAP sahib olduğu resurslara, ictimai-siyasi nüfuzuna, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi sistemdəki avanqard yerinə görə Azərbaycanın siyasi palitrasının ən güclü və nüfuzlu partiyasıdır. YAP, eyni zamanda, ölkəmizdə siyasi mədəniyyətin və siyasi sistemin formalaşmasına, təkmilləşməsinə birbaşa, fundamental töhfələr verən ümumxalq partiyasıdır.

Partiyanın keçdiyi tarixi yoldan danışarkən YAP Sədri, Prezident İlham Əliyev bildirib: “Partiyanın çox böyük tarixi var, partiya Ulu Öndər Heydər Əliyev tərəfindən çox çətin, ağır şəraitdə yaranmışdır. Ondan sonra partiyanın bütün fəaliyyəti Azərbaycan xalqına xidmətdən ibarət olmuşdur. Bizim partiyamız müxalifətdə yaranmışdır. Yəni biz ilk fəaliyyətimizi müxalifət partiya kimi olaraq başlamışıq. Ancaq buna baxmayaraq, Azərbaycanın qarşısında duran bütün çətin vəzifələrin həlli işində bizim partiyamız çox fəal iştirak etmişdir. Bu bir daha onu göstərir ki, Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətçiliyini möhkəmləndirən və Azərbaycan dövlətçiliyini ən uca tutan partiyadır”.

Ümumiyyətlə, faktlar və reallıqlar göstərir ki, Yeni Azərbaycan Partiyası zəngin və şərəfli inkişaf yoluna malikdir. Eyni zamanda təkzibolunmaz fakdlr ki, Yeni Azərbaycan Partiyasının formalaşmasında və inkişafında  Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı cənab İlham Əliyev amili əvəzsiz rol oynamışdır. Hələ Yeni Azərbaycan Partiyasının yeni yarandığı vaxtlarda cənab İlham Əliyev Azərbaycanın dövlət müstəqilliyini qoruyan, milli dövlətçilik əsaslarını möhkəmıəndirən, respublikamızda demokratik ənənələrin təsbir olunmasına şərait yaradan ümummilli lider Heydər Əliyevin ən yaxın silahdaşı kimi çiynində daşıdığı ağır yükün məsuliyyətini yaxşı dərk edir, müstəqilliyi yeni qazanmış dövlətimizin rifahı üçün bütün qüvvə və bacarığını sərf etmişdir.

Xüsusi vurğulanmalıdır ki, partiyamızın yarandığı vaxtdan etibarən Azərbaycanda keçirilən bütün seçkilərdə parlaq qələbələr qazanması hər kəsə bəllidir. Burada diqqətçəkən məqam ondan ibarətdir ki, hər seçkidən-seçkiyə partiyamızın uğurlarının miqyası genişlənir və bu, seçkilərin nəticələrində də özünü aydın şəkildə ifadə edir. Ona görə də, Yeni Azərbaycan Partiyası cəmiyyətimizdə haqlı olaraq qələbələr partiyası statusunu da qazanıb. 

Özündə yüksək intellektual potensialı birləşdirən YAP-ın sıralarında gənclər də böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti də gənclərdən ibarətdir. Təkzibolunmaz faktdır ki, gənclərin partiyamıza axını Heydər Əliyev ideyalırna sadiq olmaqla yanaşı, İlham Əliyev amili ilə sıx bağlıdır. Ümumiyyətlə, Yeni Azərbaycan Partiyası hər zaman fəaliyyətində gənclərə geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirib. Ulu öndərin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən YAP Sədri, Prezident İlham Əliyevin və Onun rəhbərliyi ilə YAP-ın fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi, bu gün də Azərbaycan gənclərinin hərtərəfli inkişafı, ölkənin ictimai-siyasi, sosial-mədəni həyatındakı rolunun artması, idarəçilik strukturlarında geniş təmsil olunması xüsusi diqqət mərkəzindədir.

Yeni Azərbaycan Partiyasının 2021-ci il  martın 5-də keçirilən VII qurultayı isə istər partiyanın, istərsə də ictimai-siyasi münasibətlər sistemimizin tarixində mühüm bir hadisə kimi yadda qaldı. Qurultayda partiyanın rəhbər strukturlarının yenidən formalaşdırılması ilə bağlı əhəmiyyətli qərarlar qəbul edildi. YAP-da kadr islahatları aparılaraq, Ümummilli Liderimiz Heydər Əliyevin yetişdirdiyi, mərd, mənəviyyatlı, işgüzar, ən əsası sədaqətli şəxslərin seçilməsi günün tələblərinə cavab verdi. YAP-ın yeni Nizamnaməsi təsdiq olundu, İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası seçildi və bir sıra siyasi partiyaların Yeni Azərbaycan Partiyasına qoşulmasına dair müraciətlərinə baxıldı. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev çıxışı zamanı Ümummilli Liderimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi inkişaf yoluna nəzər saldı, qarşıda duran vəzifələri diqqətə çatdırdı, mühüm fikirlər səsləndirdi. Prezident İlham Əliyev onu da vurğuladı ki, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır: “Partiyamızın böyük ənənələri var. Qeyd olunduğu kimi, biz gələn il, partiyamızın 30 illik yubileyini keçirəcəyik. Hesab edirəm ki, partiya yeniləşmiş formatda, o cümlədən rəhbər orqanlarında təmsil olunan namizədləri nəzərə alsaq daha fəal olacaq, ölkə qarşısında duran problemləri daha fəal icra edəcəkdir”.

Əlbəttə, ötən müddət ərzində zəngin və şərəfli inkişaf yolu keçən Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi bir sıra zəruri amillərlə əlaqədardır. Hər şeydən öncə qeyd etmək lazımdır ki, Yeni Azərbaycan Partiyasının qurucusu, böyük dövlət xadimi Heydər Əliyevin YAP-ı yaradarkən qarşıya qoyduğu məqsəd və vəzifələr, demək olar ki, bütünlüklə artıq yerinə yetirilib. Bunlar ölkəmizdə ictimai-siyasi sabitliyin bərpa olunması, dövlətçiliyimizin möhkəmləndirilməsi, milli maraqlarımızı beynəlxalq münasibətlər sistemində müdafiə edə bilən xarici siyasət strategiyasının formalaşdırılması, milli rəqabətqabiliyyətli iqtisadiyyatın yaradılması, müstəqil siyasətin həyata keçirilməsi və ən əsası, ərazi bütövlüyümüzün bərpa olunması ilə bağlı olan prinsiplər idi. Azərbaycan Prezidenti, partiyamızın Sədri cənab İlham Əliyev 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərlə Azərbaycan xalqının, eyni zamanda, Yeni Azərbaycan Partiyasının ən mürəkkəb və ən çətin, ancaq həm də ən ali məqsədini reallaşdırmış oldu. Azərbaycan möhtəşəm qələbə qazanaraq həm tarixi ədalətin, həm də ərazi bütövlüyünün bərpasına nail oldu. Şübhəsiz, Azərbaycanın əldə etdiyi tarixi zəfəri şərtləndirən bir sıra mühüm əhəmiyyətli amillər var ki, onların da başında hər şeydən əvvəl lider amili gəlir. Tarixi təcrübə və bugünkü ən yeni reallıqlar bir daha təsdiq edir ki, qələbəni yalnız güclü iradəyə sahib, qətiyyətli, cəsur qərarlar qəbul edən, milli maraqları hər şeydən üstün tutmağı və həm də onu qorumağı bacaran liderlər qazana bilirlər.

44 günlük Vətən müharibəsi tarixində Azərbaycan xalqı öz liderində bütün bu keyfiyyətləri bir daha gördü. Ancaq bunu təkcə Azərbaycan xalqı deyil, dost da, düşmən də, bütün dünya da gördü. Azərbaycan xalqı öz mübarizəsi ilə işğala məruz qalan, haqqı əlindən alınan xalqlara bir örnək oldu, bütün dünyaya ədaləti, beynəlxalq hüququ necə bərpa etməyi göstərdi. Ancaq bunun üçün milli gücün məqsədyönlü şəkildə səfərbər olması şərti də var ki, bu da yenə əsas etibarilə lider amili ilə bağlıdır.  İlham Əliyevin sədaqətli silahdaşı ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mərdliyi, vətənpərvərliyi nəticəsində ölkə iqtisadiyyatının dinamik inkişafında xüsusi rolu qələbələrmizə öz töhfəsini vermişdir. Beləliklə də, istər xalqımızın, istərsə də Yeni Azərbaycan Partiyasının həyatında bir tarixi mərhələ geridə qaldı. Hazırda isə əldə etdiyimiz tarixi qələbəmiz yeni reallıqlar yaradıb və Yeni Azərbaycan Partiyası da elə bu reallıqlardan çıxış edərək, özünün yeni fəaliyyət proqramını müəyyənləşdirərək yoluna davam etməkdədir. Hər şeydən əvvəl gənclərin müharibədən əvvəl və sonra vətənpərvərlik ruhunda tərbiyələnməsi, elm və təhsilə maraq göstərməsi, ölkə Prezidentinə inamı, gənclərin YAP-na könüllü olaraq kütləvi üzv sıralarına daxil olmaları sosial-iqtisadi inkişafa və Vətən müharibəsində qələbələrimizə öz töhfələrini vermişlər.

Beləliklə, həm Yeni Azərbaycan Partiyasının fəaliyyətində, həm də ölkəmizin gələcək inkişafı baxımından yeni mərhələnin əsası qoyulmuş oldu. Əminliklə söyləmək olar ki, ümumxalq partiyası olan YAP bundan sonra da qarşısında duran strateji əhəmiyyətli vəzifələri uğurla yerinə yetirməklə ölkəmizin dayanıqlı və dinamik inkişafına müstəsna töhfə verəcək.

 

 

DİGƏR Xəbərlər Arxiv