YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İllərlə birgə çalışdığı əqidə yoldaşlarını aşağılayan və alçaldan bir partiya sədri xalqın maraqlarını necə qoruya bilər!?

Sevinc Qasımova

YAP Gənclər Birliyinin sədr müavini

Məlum olduğu kimi Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədr müavini Əliyar Şirməmmədov Vətəndaş və İnkişaf Partiyasının Siyasi Şurasından və partiya üzvlüyündən istefa verib. Ə. Şirməmmədov partiyada diktator rejimin qurulmasından gileylənir.

21-ci əsrdə, əksər ölkələrin və partiyaların demokratik imic yaratmağa çalışdığı bir zamanda, insanların hər bir məsələni araşdıraraq qərar verdiyi bir vaxtda hansısa partiyanın demokratiyadan kənar idarəçilik cəhdləri gülüncdür. Bu istefada partiya sədri Əli Əliyevin birbaşa və dolayı yolla ‘’töhfə’’sini görürəm. Öncəliklə qeyd edim ki, Ə. Şirməmmədov təkcə müavin kimi fəaliyyətini dayandırmır, hətta partiya sıralarından belə imtina edir. Bu birbaşa olaraq Əli Əliyevin həyata keçirdiyi siyasətin qeyri-effektiv olması və doğru təşkil olunmaması ilə bağlıdır. Partiyada daxilində yaranmış şübhələr həm şəxs kimi, həm də partiya sədri kimi Əli Əliyevə partiyada inamın qalmadığını açıq-aydın nümayiş etdirir. Müavininin şifahi istefasını 3 ay ərzində heç bir şəkildə cavablamaması da sədrin partiya üzvlərinə nə qədər biganə yanaşmasının bariz nümunəsidir. Əli Əliyev partiya yoldaşlarına biganə qalmaqla kifayətlənmir, hətta maraqları toqquşduğu halda onları  “iti qovan kimi qovacam’” deməkdən də çəkinmir. Cənab Prezident bu sözü Xocalı faciəsini törətmiş, torpaqlarımızı işğal etmiş azğın düşmən haqqında işlətmişdi. Nə səbəb ola bilər ki, bir insan öz həmvətəninə və partiya yoldaşına erməni münasibəti bəsləsin?!

Həmçinin, partiya daxilində parçalanmaların digər bir nümunəsini Ağdam səfəri zamanı görürük. Belə ki, Azərbaycanda fəaliyyət göstərən bir çox partiya sədrlərinin və rəhbər üzvlərinin işğaldan azad olunmuş Ağdam şəhərinə səfəri təşkil olunmuşdu. Əli Əliyev isə öz çıxışında ora gedənləri “avtobus müxalifəti” adlandırmışdı. Düşünürəm ki, mövzu vətən, torpaq olanda iqtidar, bitərəf və ya müxalifət yönümlü olmasından asılı olmayaraq hər bir azərbaycanlı birlik nümayiş etdirməlidir. Qələbəni hələ müharibənin ilk günlərindən birlik nümayiş etdirən Azərbaycan xalqı qazanıb. Müharibə dövründə neçə-neçə partiya sədri ali baş komandan İlham Əliyevi dəstəklədiyini açıqlayıb. Siyasi əqidəsindən asılı olmayaraq hər bir azərbaycanlı döyüşə atılıb və düşmənə qarşı vuruşub. Bir partiya sədrinin uzun illərlə davam edən həsrətdən sonra azad olunmuş Ağdam torpağına səfər edən şəxsləri “avtobus müxalifəti” adlandırması, hələ bunu öz müavini orda iştirak etdiyi halda səsləndirməsi partiya daxilində hərcmərcliyin hökm sürdüyünü bir daha sübut edir.

Nəzərə alsaq ki, bu, partiyada baş verən ilk istefa deyil, deməli, partiya sədri partiyanı şəxsi məqsədləri üçün istifadə edir və partiya yoldaşlarının fikrini önəmsəmir. Belə olan halda hətta öz partiyasının üzvlərini razı sala bilməyən bir şəxs “lider” olmağa yenə də iddialı olmalıdıdır mı? Bu gün nəinki iqtidar nümayəndələri hətta öz silahdaşları tərəfindən tənqid və təhqir olunmağa davam edən Əli Əliyev partiya sədri kimi fəaliyyətə iddiasını davam etdirməlidir mi? İllərlə birgə çalışdığı əqidə yoldaşlarını aşağılayan və alçaldan bir partiya sədri xalqın maraqlarını necə qoruya bilər!?