YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Həsənov: Azərbaycanda azad söz və media mühiti mövcuddur

"Azərbaycanda azad söz və media mühiti mövcuddur. Azərbaycanda azad mətbuat, azad internet var, hər bir jurnalist istədiyi informasiyanı sərbəst şəkildə toplaya bilir, heç bir senzuraya məruz qalmadan cəmiyyətə yaya bilir və topladığı məlumatları və materialları ictimai müzakirəyə çıxara bilir". Bunu Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zaman deyib.

Əli Həsənov qeyd edib ki, Azərbaycan dövləti və ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş media siyasəti bu gün Azərbaycanı həm daxildə, həm regionda, həm də beynəlxalq aləmdə təmsil edə biləcək azad media nümunələrinin, azad jurnalistikanın inkişaf etmiş elektron və çap media nümunələrinin yaranmasına şərait yaradıb: “Azərbaycan Prezidenti cənab İlham Əliyev media nümayəndələri ilə dəfələrlə görüşlər keçirib və bu görüşlərdə Azərbaycan dövlətinin mətbuat siyasətini, informasiya siyasətini bəyan edib. Dəfələrlə cənab Prezident bildirib ki, biz media üçün bütün şəraiti yaratmışıq və yaratmaqda da davam edəcəyik, biz Azərbaycan dövlətini, hakmiyyətini, ölkənin ictimai-siyasi həyatını azad mediasız təsəvvür etmirik, azad media olmayan yerdə şəffaflıq da ola bilməz, şəffaflıq olmayan yerdə isə effektli dövlət idarəçiliyi ola bilməz. Bu anlamda cənab Prezidentin bu bəyanatları bizim media siyasətimizin təmlində dayanır. Cənab Prezident dəfələrlə onu da bildirmişdi ki, hər kəs bu gün dövlət idarəçiliyində təmsil olunan istənilən məmur haqqında yaza bilər, istənilən məmurun fəaliyyətini təhlil edə bilər, dövlət qurumlarının bütün strukturlarını ictimai müzakirəyə çıxara bilər. Lakin tələbimiz ondan ibarətdir ki, bu təhlillər, bu məlumatlar, informasiya fəaliyyəti şəffaf, ədalətli, obyektiv olsun".