YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pakistan Prezidenti Məmnun Hüseyn: Azərbaycan ilə Pakistan arasında ikitərəfli münasibətlər ortaq tarixə əsaslanır

“Azərbaycan ilə Pakistan arasında ikitərəfli münasibətlər ortaq tarixə əsaslanır. Cənab Prezidentin qeyd etdiyi kimi, bu münasibətlər ortaq tarixə, dinə, mədəniyyətə, ənənələrə söykənir. Bizim xalqlarımız bir-birinə dərin rəğbət və etibar bəsləyir. Eyni zamanda, bir sıra regional və beynəlxalq məsələlərdə birgə baxışlarımız var. Biz regionlarımızın daha təhlükəsiz və əmin-amanlıq şəraitində olmasına töhfəmizi veririk. Biz ikitərəfli münasibətlərimizin bütün sahələrini nəzərdən keçirdik. Biz mükəmməl siyasi əlaqələrimizin iqtisadiyyat, sərmayə, ticarət, kommersiya, təhsil, müdafiə sənayesi, elm, texnologiya və mədəniyyət sahələrində nəzərəçarpacaq dərəcədə əməkdaşlığa çevrilməsinə olan sadiqliyimizi yenidən ifadə etdik. Biz ikitərəfli qarşılıqlı ticarət və sərmayə əməkdaşlığına təkan verilməsi ilə bağlı razılığa gəldik.” Bu sözləri martın 11-də Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə birgə mətbuata bəyanatla çıxışı zamanı söyləmişdir.  

Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn qeyd etmişdir ki, bu gün imzalanmış birgə bəyannamə və digər sənədlər müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığımızı gücləndirəcək: “Mən Dağlıq Qarabağdakı hazırkı vəziyyət və münaqişənin nizamlanması istiqamətində Azərbaycanın səyləri ilə bağlı məlumat aldım. Biz bu məsələnin beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə tezliklə həll edilməsini dəstəkləyirik. Biz, həmçinin Pakistan-Hindistan münasibətlərinə dair fikir mübadiləsi apardıq. Mən Hindistan ilə mehriban qonşuluq münasibətlərinin yaradılmasında səylərimizi və bütün mübahisələrin, o cümlədən mühüm əhəmiyyət kəsb edən Cəmmu və Kəşmir məsələsinin sülh şəraitində həll edilməsinə sadiqliyimizi vurğuladım. Biz bu məsələdə Azərbaycanın dəstəyinə böyük dəyər veririk.”
Pakistan Prezidenti Məmnun Hüseyn bildirmişdir ki, Azərbaycan ilə Pakistan arasında ikitərəfli münasibətlər gündən-günə güclənməkdə davam edəcək. Bizim ikitərəfli əməkdaşlığımızın inkişafı ilə bağlı birgə səylərimiz, beynəlxalq və regional səviyyədə sülh və inkişafa töhfəmiz gələcək illərdə daha da dinamik olacaq.