YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Professor Yoko Hirose: Vətən müharibəsində Azərbaycanın Zəfərinin arxasında güclü iqtisadiyyat və nüfuzlu Lider dayanır

Ötən 30 ilə yaxın müddətdə işğal altında olan torpaqların azad edilməsi uğrunda baş vermiş Vətən müharibəsində Azərbaycanın böyük Zəfərinin arxasında güclü iqtisadiyyat, müasir ordu, yüksək beynəlxalq mövqe və nüfuzlu Lider dayanır.

Bu sözləri Yaponiya üzrə xüsusi müxbirinə məxsusi müsahibəsində Tokionun Keyo Universitetinin siyasi idarəetmə və beynəlxalq münasibətlər kafedrasının professoru xanım Yoko Hirose deyib. Yapon professor bildirib ki, uzun müddət Ermənistan ordusu tərəfindən işğal altında qalmış ərazilərin qısa müddətdə azad edilməsi bütün dünyada yaşayan azərbaycanlıların və Azərbaycanın dostlarının böyük sevincinə səbəb olub. Həmçinin professor münaqişənin tam həlli üçün ötən ilin noyabrında Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı Bəyanatın bütün bəndlərinin həyata keçirilməməsinin onu narahat etdiyini də bildirib. Qeyd edib ki, bu və bundan sonra tərəflər arasında imzalanan digər sənədlər regionda sabitliyin bərqərar olmasına və inkişafa mühüm təsir göstərə bilər.

Azərbaycanın bütün dünyanı heyrətə salan böyük Qələbəsinin səbəblərinə gəlincə isə xanım professor qeyd edib ki, bunun əsasında ilk növbədə müstəqilliyin bərpasından sonra əldə edilən mühüm iqtisadi inkişaf və uğurlar dayanır. Azərbaycan məhz bu amildən faydalanaraq, müasir silahlara malik yüksək keyfiyyətli ordu quruculuğuna nail ola bildi.

Y.Hirose Qələbənin əsasında dayanan növbəti mühüm məqam kimi, Azərbaycanın uğurlu diplomatik fəaliyyəti nəticəsində beynəlxalq nüfuzunun yüksəlməsini qeyd edib. Bildirib ki, son illər Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasət, həm ölkənin beynəlxalq nüfuzunun artmasına, həm də onun etibarlı tərəfdaşa çevrilməsinə səbəb olub. Məhz bu siyasət nəticəsində bir çox dövlətlər müharibə vaxtı Azərbaycana dəstəklərini ifadə ediblər.

Türkiyənin Azərbaycana göstərdiyi dəstəyi dördüncü amil kimi qeyd edən professor bildirib ki, belə bir nüfuzlu müttəfiqin olması işğal altında olan ərazilərin qısa müddətdə azad edilməsində mühüm rol oynayıb. Y.Hirose, həmçinin Rusiyanın neytral mövqe nümayiş etdirməsinin də Qələbəyə təsirini vurğulayıb.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xüsusi roluna diqqət çəkən yapon alim bildirib ki, böyük Zəfərin əldə edilməsində məhz dövlət başçısının insanları ruhlandırması, onları vahid ideya ətrafında sıx yumruq kimi birləşdirməsi xüsusi qeyd edilməlidir. Onun yüksək peşəkarlığı ilə seçilən dövlətçilik fəaliyyətini xüsusi vurğulayan professor deyib ki, bu bacarıq nəticəsində Prezident İlham Əliyev xalq arasında nüfuzunu, ona olan etimadı da xeyli artırıb.

Ermənistanın ağır məğlubiyyətinin səbəblərinə gəlincə isə, Y.Hirose bildirib ki, bu dövlətin özünün yox, başqasının gücünə arxalanaraq hərəkət etməsi bu məsələdə xüsusi rol oynayıb. Professor deyib: “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına arxayın olan Ermənistan, nəinki öz ordusunu müasir silahlarla təmin edə bilmədi, eyni zamanda, həyata keçirdiyi səhv xarici siyasət nəticəsində müttəfiqlərini də itirdi”. Yapon alim bu məğlubiyyətdə Ermənistanın öz daxilindəki qeyri-sabitliyin rol oynadığını da əlavə edib.

Dünya mediasının, o cümlədən Yaponiya KİV-nin müharibənin gedişi ilə bağlı yaydığı informasiyaların birtərəfli olmasına diqqət çəkən Y.Hirose bu məsələdə erməni lobbisinin mətbuata təsirinin xüsusi rolunu qeyd edib. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin dünyanın aparıcı KİV-nə verdiyi müsahibələr məhz hadisələrin tarixi, gedişi və nəticələri barədə obyektiv məlumatların yayılmasına mühüm təsir göstərib.

Qələbənin mühüm tarixi əhəmiyyətə malik olduğunu vurğulayan professor bildirib ki, bu Zəfər Azərbaycanın regional və beynəlxalq nüfuzuna böyük təsir göstərib. Xüsusən Mərkəzi Asiya ölkələri bu Qələbədən sonra Azərbaycana daha böyük hörmətlə, onunla əməkdaşlığa xüsusi diqqətlə yanaşmağa başlayıblar. Bu, həmin münasibətlərdə əsaslı dəyişikliklərə səbəb olub və regionun inkişafına mühüm təsir göstərəcək Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında Lapis-Lazuri tranzit dəhlizi layihəsinin tezliklə həyata keçirilməsi üçün lazımi addımların atılmasına əsas verib. Həmçinin Qazaxıstan Azərbaycandan keçməklə Türkiyə və Avropaya ixracı artıracaq Aktau limanının daşıma imkanlarının genişləndiriləcəyini elan edib.

Bununla yanaşı, professor Türkmənistanla Azərbaycan arasında neft yataqlarının, xüsusən də “Dostluq” yatağının birgə tədqiqi barədə razılaşmanın mühüm əhəmiyyətini qeyd edib, Özbəkistanla Azərbaycan arasında sənaye sahəsində əməkdaşlıq barədə 2021-ci ilin yanvarında imzalanan razılaşmanı xatırladıb.

Y.Hirose, həmçinin bildirib ki, Vətən müharibəsində Qələbə bütün dünyanın Azərbaycana və regiona marağını daha da artırıb. Qeyd edib ki, bunu oktyabrın 22-də Hokkaydo Universitetində təşkil edilən “İkinci Qarabağ müharibəsi” adlı vebinar da təsdiq edib. Vebinarda yalnız Yaponiya deyil, eyni zamanda, dünyanın bir çox ölkələrindən sərhədlərarası münaqişələri tədqiq edən alimlər iştirak ediblər. Professor bildirib ki, təqribən 80 alimin qatıldığı elmi toplantıda beynəlxalq tədqiqatçıların Azərbaycana və regionun gələcəyinə böyük marağının şahidi olub.