YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Azərbaycan beynəlxalq münasibətlər sistemində öz layiqli yeri olan, rəyinə hörmətlə yanaşılan ölkə kimi böyük nüfuz qazanmışdır

 “Azərbaycan iqtisadi inkişaf göstəricilərinə görə dünyanın lider ölkələrindən birinə çevrildi və daha da gücləndi. Düşünülmüş proqramlar əsasında həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ümumi daxili məhsul 3,4 dəfə, iqtisadiyyatın qeyri-neft sektoru 2,6 dəfə, büdcə gəlirləri 16 dəfə artdı, strateji valyuta ehtiyatlarının həcmi isə 50 milyard dolları keçdi. Ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi isə 170 milyard dolları ötmüşdür.” Bu sözləri  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “The Business Year” nəşrinə müsahibəsində bildirmişdir.

Dövlət başçımız qeyd etmişdir ki, sürətli inkişaf həm də vətəndaşların sosial rifahının yüksəlməsinə səbəb olmuşdur: “Son 10 ildə əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artmışdır. Hesab edirəm ki, yoxsulluğun səviyyəsinin 49 faizdən 5,3 faizə düşməsi, habelə işsizliyin iki dəfə azalaraq cəmi 5 faiz təşkil etməsi bizim ölkənin mühüm uğuru hesab oluna bilər. 10 ildə respublikada genişmiqyaslı quruculuq işləri həyata keçirilmiş, şəhər, qəsəbə və kəndlərimiz müasirləşmiş, bütün sahələrdə ən müasir standartlar və qabaqcıl texnologiyalar tətbiq olunmuşdur.

Azərbaycanın uğurları aparıcı beynəlxalq təşkilatlar, nüfuzlu reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilir. Dünya İqtisadi Forumunun “Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2013-2014” hesabatına əsasən, dünya ölkələrinin rəqabət qabiliyyətliliyi reytinqində Azərbaycan 39-cu yeri tutmuşdur.”
“Bu illər ərzində dünyada mövqelərimiz möhkəmlənmiş, Azərbaycan beynəlxalq münasibətlər sistemində öz layiqli yeri olan, rəyinə hörmətlə yanaşılan ölkə kimi böyük nüfuz qazanmışdır. Bizdə keçirilən çoxsaylı beynəlxalq tədbirlər əyani şəkildə təsdiq edir ki, ölkəmiz artıq regionun siyasi, iqtisadi və mədəni mərkəzi kimi qəbul edilir.

Hazırda dünyada sosial gərginliyin, işsizliyin və yoxsulluğun artması fonunda Azərbaycanda tam əks proseslərin müşahidə olunması - sürətli inkişaf, tərəqqi, əhalinin rifahının yüksəlməsi, ictimai-siyasi sabitlik, milli həmrəyliyin möhkəmlənməsi və s. düşünürəm ki, 2013-cü il prezident seçkilərinin taleyini həll edən başlıca amillər olmuşdur.