YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin Baş Prokurorları Şurasının ilk iclası keçirilir

Noyabrın 1-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv Dövlətlərin Baş Prokurorları Şurasının ilk iclası keçirilir.

Yüksək səviyyəli iclasa Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğız respublikalarının Baş prokurorları, Türk Şurasının Baş katibinin müavini, Beynəlxalq Prokurorlar Assosiasiyasının prezidenti və digər nümayəndələri qatılıblar. Tədbirdə, həmçinin iştirakçı dövlətlərin və Macarıstanın ölkəmizdəki səfirləri iştirak edirlər.

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev iclasda çıxış edərək böyük coğrafiyanı əhatə edən türk dünyasının hüquq-mühafizə orqanları arasında qarşılıqlı və səmərəli əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Baş prokuror dostluq və qardaşlıq təməlləri əsasında yaradılacaq Şuranın regional təhlükəsizliyə, sülhə və sabitliyə yeni, daha təhlükəli təhdidlər üçün çağırışlara tutarlı cavab verməyə xidmət edəcəyini, mövcud potensialın inkişafında və qarşılıqlı fəaliyyətin əlaqələndirilməsində səmərəli vasitə olacağını bildirib.

Baş prokuror Kamran Əliyev dövlətimizin başçısı İlham Əliyevin iclas iştirakçılarına salamlarını və Şuranın yaradılması ilə bağlı təbriklərini çatdırıb.

Baş prokuror Kamran Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin Türk Şurasına üzv dövlətlərin Baş Prokurorlarının ilk iclasının iştirakçılarına ünvanladığı müraciəti oxuyub. Müraciətdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin Baş Prokurorları Şurasının ortaq soykökə, tarixə, milli-mədəni dəyərlərə malik xalqlarımız arasında birliyin və qarşılıqlı səmərəli fəaliyyətin bariz nümunəsi olduğu vurğulanıb. Qeyd olunub ki, Azərbaycan 2019-cu ilin oktyabrından Türk Şurasına sədrlik edir. Təşkilata sədrliyimiz dövründə müxtəlif sahələrdə əlaqələrin daha da gücləndirilməsi, yeni birgə fəaliyyət mexanizmlərinin yaradılması üzrə təşəbbüslər irəli sürülüb. Bu mənada Türk Şurası çərçivəsində qardaş ölkələrimizin prokurorluq orqanları arasında yeni əməkdaşlıq formatının yaradılması da mühüm əhəmiyyət kəsb edir.

Həmçinin bildirilib ki, Azərbaycan torpaqlarının 20 faizinin 30 ilə yaxın müddət ərzində Ermənistan tərəfindən işğalı, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərin törədilməsi ilə müşayiət olunub. Həmin ərazilərdə etnik təmizləmə siyasəti aparılıb, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan 1993-cü ildə Xocalı soyqırımı törədib. 613 nəfər günahsız dinc sakin vəhşicəsinə qətlə yetirilib. Birinci Qarabağ müharibəsi nəticəsində 4000-ə yaxın vətəndaşımız itkin düşüb. İşğal dövründə Ermənistan bütün kənd və şəhərlərimizi tamamilə dağıdıb, tarixi, mədəni və dini abidələrimizi vandalizmə məruz qoyub. Ermənistan işğal edilən ərazilərimizdə ekoloji terror həyata keçirib, meşələrimizin 60 min hektarı məhv edilib, torpaqlarımız və çaylarımız çirkləndirilib, zəhərləndirilib. Qızıl yataqları və digər təbii yataqlar xarici şirkətlərin iştirakı ilə qeyri-qanuni istismar edilib. İşğal edilən ərazilərimiz narkotik maddələrin istehsalı və dövriyyəsi, beynəlxalq terrorçuların hazırlanması üçün geniş istifadə edilirdi. Ermənistan, həmçinin bu ərazilərdə qanunsuz məskunlaşma siyasəti həyata keçirib.

Müraciətdə İkinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusu qadağan olunmuş silahlarla mülki əhalini hədəfə alması nəticəsində 100-dən çox dinc sakinin, o cümlədən 11 uşağın qətlə yetirildiyi, 450 nəfərdən çox insanın yaralandığı vurğulanıb. Bildirilib ki, Ermənistan Azərbaycana qarşı muzdlu və əcnəbi döyüşçülərdən də istifadə edirdi. Müharibədən sonra isə 150-dən çox vətəndaşımız Ermənistan tərəfindən məqsədyönlü şəkildə basdırılmış minalara düşərək həlak olub, xəsarətlər alıb. Ermənistanın bütün bu əməlləri müharibə və insanlıq əleyhinə cinayətlərdir. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan özü Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələri, beynəlxalq hüququn norma və prinsiplərini icra edərək ərazi bütövlüyünü bərpa edib.

Müraciətdə diqqətə çatdırılıb ki, hazırda regionda yeni reallıq yaranıb. Zəngəzur dəhlizinin açılması regional əməkdaşlığın inkişafına əsaslı töhfə verəcək. Eləcə də iclasda Türk Şurasına üzv dövlətlərin Baş Prokurorluq Şurasının təsis edilməsinin regionumuzda insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə, cinayətkarlığın bütün formalarına qarşı mübarizədə səylərimizin birləşdirilməsinə və qarşılıqlı əməkdaşlığın daha səmərəli həyata keçirilməsinə təkan verəcəyinə əminlik ifadə olunub.

Daha sonra Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iclas iştirakçılarına videomüraciəti nümayiş olunub. Türkiyə Prezidenti videomüraciətdə Türk Şurasına üzv dövlətlərin Baş Prokurorları Şurasının iştirakçılarını ilk iclas münasibətilə təbrik edib, iclasın işinə uğurlar arzulayıb. Türk Şurasının birlik və bərabərliyin simvollarından biri olduğunu diqqətə çatdıran qardaş ölkənin dövlət başçısı türkdilli dövlətlər arasında əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirib. Prezident Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasında əlaqələrin qarşılıqlı təcrübə əsasında inkişaf etdiyini xüsusi vurğulayaraq, Türk Şurasının yeni qatılan ölkələrlə güclənərək beynəlxalq status qazanacağını bildirib. Dövlət başçısı türkdilli dövlətlər arasında qarşılıqlı əlaqələrin daha da gücləndirilməsinin vacibliyini bildirib.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibinin müavini Mirvoxid Azimov təsis ediləcək Şuranın türkdilli ölkələr arasında əməkdaşlığın inkişafında, xüsusən cinayətkarlığa və terrorçuluğa qarşı mübarizədə mühüm rol oynayacağını vurğulayıb.

Sonra türkdilli dövlətlərin əməkdaşlığının uğurlu nəticələrinə dair videoçarx nümayiş olunub.

Tədbirə qonaq qismində dəvət olunmuş Beynəlxalq Prokurorlar Assosiasiyasının prezidenti Çol-Kyu Hvan çıxışında qlobal, o cümlədən regional təhdidlərə qarşı mübarizədə birgə platformaların önəminə diqqət çəkərək, Şura üzvlərinin qazanılmış təcrübədən və məlumat mübadiləsindən fəal faydalanmaq imkanına malik olacaqlarını bildirib.

Açılış çıxışlarından sonra Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin Baş Prokurorları Şurasının Əsasnaməsinin imzalanması mərasimi olub. Bununla da Türkdilli Dövlətlərin Baş Prokurorları Şurası təsis edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq, Azərbaycan Prokurorluğu beynəlxalq tərəfdaşlarla və nüfuzlu təşkilatlarla səmərəli əməkdaşlıq həyata keçirməklə yanaşı, çoxsaylı qlobal və regional təşəbbüslərdə də fəal iştirak edir.

Regionumuzda baş verən çağırışlara və təhdidlərə qarşı mübarizədə, mövcud potensialın inkişafında və qarşılıqlı təcrübə mübadiləsində qardaş və dost türkdilli ölkələrin prokurorluq orqanları ilə əlaqələrin yeni formatda təşkili cinayətkarlığa qarşı mübarizə üzrə birgə səylərin gücləndirilməsinə və daha effektiv təşkili üçün mühüm amil hesab edilib.

2009-cu il oktyabrın 3-də türkdilli ölkələrin dövlət başçılarının Naxçıvanda keçirilən IX Zirvə toplantısında türkdilli ölkələr arasında ortaq tarix, dil, mənsubiyyət və mədəniyyətə əsaslanan qarşılıqlı maraqları və münasibətləri daha da inkişaf etdirmək və həmrəyliyi gücləndirmək məqsədilə təməli qoyulmuş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində üzv ölkələrin Baş Prokurorları Şurasının təsis edilməsi qərara alınıb.