YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məşhur Məmmədov: Türkiyə-Azərbaycan əməkdaşlığı, qardaşlığı regional və dünya miqyasında önəmli amilə çevrilib

  Milli Məclisin deputatı Məşhur Məmmədov qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana, Qarabağımıza ikinci dəfə səfərindən bəhs edərək bu tarixi hadisəni  “Bir millət, iki dövlət” kimi tanınan Azərbaycan və Türkiyənin birliyinin, həmrəyliyinin sarsılmazlığının göstəricisi kimi dəyərləndirib: “Bu ilin iyun ayında Şuşadan, oktyabrın 26-da isə Füzulidən və Zəngilandan dünyaya birlik, qardaşlıq mesajı ünvanlandı. Zəngin tarixi köklərə malik olan Azərbaycan və Türkiyənin münasibətləri müttəfiqlik səviyyəsindədir. Şuşa Bəyannaməsi bu müttəfiqliyin təsdiqi, dünyaya təqdimatı oldu.  Türkiyə ilə Azərbaycan arasında əməkdaşlıq, qardaşlıq regional və dünya miqyasında önəmli amilə çevrilib. İki dost, qardaş ölkə Zəfərimizin yaratdığı reallıqlara uyğun olaraq müəyyənləşdirilən hədəflərin həyata keçirilməsində səylər göstərir, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təminatında maraqlıdırlar.”

   “Azərbaycan-Türkiyə birliyi dostluq, qardaşlıq və müttəfiqlik rəmzinə çevrilib” söyləyən millət vəkili qeyd edib ki, Azərbaycan və Türkiyə Prezidentləri  əməli fəaliyyətləri ilə milli maraqları hər şeydən üstün tutduqlarını və qətiyyətlə qoruduqlarını nümayiş etdirirlər: “Hər zaman bir-birinin yanında olan iki dost ölkə  dünyanın ikili standartlara əsaslanan siyasətindən narazılıqlarını ən yüksək tribunalardan bəyan edərək onun yaratdığı problemləri əsaslı şəkildə diqqətə çatdırıblar. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT-də dünyanın ikili siyasətinə  narazılığını “Dünya 5-dən böyükdür” fikirləri ilə  ifadə etməsi də bunun bariz nümunəsidir. Rəsmi Ankara daim hazırda tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin ədalət və beynəlxalq hüquq çərçivəsində həllinin vacibliyni, Ermənistana “Dur!” demək zamanı olduğunu bəyan edirdi. 30 ilə yaxın dövrdə dünyanın aparıcı dövlətlərinin, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədrləri olan BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçünün, həmçinin nüfuzlu beynəlxalq təşkilatların  deyə bilmədikləri “dur” kəlməsini Azərbaycan ordusu dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında dedi və Ermənistanı diz çokdürdü, kapitulyasiya aktına imza atmağa məcbur etdi.”

     M.Məmmədov vurğulayıb ki, bu gün işğaldan azad edilmiş torpaqlarımızda  həyata keçirilən bərpa və quruculuq işləri də Azərbaycan-Türkiyə dostluğunun aydın mənzərəsini yaradır: “Füzuli Beynəlxalq Hava Limanının iki dost ölkənin Liderlərinin birgə iştirakı ilə açılışı oldu. Qarabağın hava qapısı dünyaya açıldı. Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlinin qoyulması tarixi əhəmiyyətə malikdir.  Zəngəzur dəhlizinin regionda kommunikasiyaların, iqtisadi əlaqələrin möhkəmlənməsində  rolu böyükdür. Bütün iştirakçı ölkələr bu yoldan  yararlanmaq imkanı qazanacaqlar. Dövlət başçısı İlham Əliyev daim bildirirdi ki, işğaldan azad olunmuş torpaqlarımızda bərpa və quruculuq işlərinə dost ölkələr, onların şirkətləri cəlb olunacaqdır. İşğaldan azad olunmuş ərazilərdə Türkiyə şirkətlərinin yaxından iştirakı ilə görülən  işlərin miqyası genişdir.  Füzuli Beynəlxalq Hava Limanı bu birliyin uğuru kimi dəyərləndirilir. O da məlumdir ki, Azərbaycan və Türkiyə Prezidenlərinin iştirakı ilə  Zəngilan rayonunda “Dost Aqropark”ın təməlini qoyuldu. Bu sərmayə layihəsi də Türkiyə və Azərbaycanın birgə layihəsidir. Dövlət başçısının qeyd etdiyi kimi,  bu, bir daha onu göstərir ki, bütün işlərdə, o cümlədən işğaldan azad edilmiş torpaqlarda gedən quruculuq, bərpa işlərində də  çiyin-çiyinə bir yerdə irəliləyirik.”

    Məşhur Məmmədov bildirib ki, Azərbaycanın azad edilmiş torpaqlarında fəaliyyət göstərən bir çox Türkiyə şirkətlərinə öz təşəkkürünü bildirən ölkə Prezidenti İlham Əliyev bu əminliyi də ifadə etdi ki,  bundan sonra da Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bir yerdə irəli gedəcək, xalqlarımız bir-birinə daha da yaxın olacaq, dövlətlərimiz  uğurlu əməkdaşlıq edəcək.