YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəngəzur dəhlizi vasitəsi ilə türk birliyi xöşbəxtlik, firəvanlıq və əbədi sülh gətirəcək

Vüqar Seyidov

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri

Vətən Müharibəsi tarixində oktyabr ayının özünün müstəsna yeri, rolu vardır. Haqq savaşı 27 sentyabrda başlasa da ilk şəhərlərimiz məhz oktyabrda azad olunmuşdur. Yəqin hər kəs televiziya ekranı qarşısında şad xəbərləri, gözlədiyimiz o günləri xatırlayır. Kəndlərlə yanaşı hansı rayon mərkəzinin azad olunması xəbəri o zamanlar ən gözlənilən xəbər idi. O günləri birgə yaşamışıq. Biz canlı tarixin şahidləriyik. Gözlərdə sevinc göz yaşları, əllərdə şanlı bayraqlar, dillərdə Vətən şüarı hamı tək bir ürək olmuşdu. Bizim qalib gəlməyimizə ən böyük səbəb də məhz Dəmir yumruğun ətrafında birləşə bilmə qabiliyyətimizdir. Bu milli ruh bu gün də var, sabah da olacaq.

4 oktyabr Cəbrayılla başlayan rayon mərkəzlərinin - şəhərlərin işğaldan azad olunma tarixi 9 oktyabr Xocavənd rayonunun Hadrut şəhərtipli qəsəbəsi, 17 oktyabr Füzuli, 21 oktyabr Zəngilan və 25 oktyabr Qubadlı şəhərlərinin azad olunması ilə davam etmişdir. Bu şəhərlərin hər biri uğrunda yüzlərlə vətən oğlu öz canını qurban verib. Torpaqların işğaldan azad olunması tarixi missiyadır. Onların yenidən qurulması, əhalinin öz ata-baba yurdlarına qaytarılması cəmiyyət olaraq bizim ən ümdə vəzifəmizdir.

Cənab Prezident İlham Əliyevin Füzuli, Zəngilan və Qubadlı rayonlarına azad olunmalarının birinci ildönümü münasibəti ilə etdiyi səfərlər həm beynəlxalq arena, həm də öz cəmiyyətimiz üçün böyük əhəmiyyətə malikdir. Ümumiyyətlə, dövlət başçısı təkcə azad olunmuş ərazilərdə görülən işlərlə bağlı deyil, bütün ərazilərimizdə verilmiş tapşırıqların icrasını vaxtaşırı yoxlamaqdadır. Bu da iş icraçılarının məsuliyyəti ilə yanaşı işin keyfiyyətini və sürətini də artırır. Azad olunmuş ərazilərin bərpası, ora həyatın qayıtması o torpaqların azad olunması qədər vacib amildir.

Cənab Prezidentin azad olunmuş ərazilərə səfərlərini diqqətlə izləyərkən bir məsələ ön plana çıxır. Dövlət başçısı bir çox hallarda həmin ərazilərdə ilk dəfə olur. Lakin hər kəndi, hər şəhəri, hər dalanı sanki əzbər bilir. Qubadlıda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə bu amil bir daha özünü biruzə verdi. Sanki Prezident füzulililərdən daha çox füzulili, zəngilanlılardan daha çox zəngilanlı, qubadlılılardan daha çox qubadlılıdır. Bu həm müharibə dövründə döyüş əməliyyatlarına Ali Baş Komandan kimi şəxsən rəhbərlik etməsindən, həm də bərpa prosesinə Prezident kimi bir başa nəzarət etməsindən irəli gəlir. İlkin mərhələdə strateji əhəmiyyətə malik obyektlərin tikintisi, infrastruktur layihələrin icrası vacibdir. Bu məqsədlə bütün Qarabağı ölkəmizin əsas magestral yollarına bağlayan yolların çəkilməsi prosesi sürətlə gedir. Nəzərə alsaq ki, cənubdan iki dövlətlə həmsərhəd olan ərazilərdən strateji yollar keçir, hansı ki, Naxçıvana və Türkiyəyə qədər uzanır. Bu layihələrin icrası Ali dövlət rəhbərliyinin nəzarətindədir. Eyni zamanda da rayonlararası, kəndlərarası yolların yenidən qurulması, körpülərin salınması, keçidlərin bərpa edilməsi regionun müxtəlif istiqamətli inkişafına səbəb olacaqdır. Kənd təsərrüfatı obyektlərinin yenidən qurulması, turizm əhəmiyyətli dilbər guşələrin bərpası həm də bölgəyə qayıdacaq əhalinin işlə təmin olunmasında böyük rol oynayacaqdır.

Azad olunmuş ərazilərin elektrik enerjisi ilə təmin olunması və həmin bölgələrin ölkənin ümumi enerji bazasına daxil edilməsi işi demək olar ki, başa çatmaq üzrədir. Prezidentin səfər etdiyi yaşayış məskənlərində yarımstansiyaların yenidən qurulması həmin bölgənin gələcək inkişafına hesablanmış amildir. İşğaldan əvvəl bu rayonların əhalisinin sayı qat-qat az olmuşdur. Mövcud olan bütün elektrik enerjisinin infrastrukturu düşmən tərəfindən dağıdılmışdır. İndi qurulan yeni yarımstansiyalar isə gələcəkdə fəaliyyət göstərəcək dövlət və özəl müəssisələrin enerji tələbatını təmin etməyə hesablanmışdır. Həm mövcud imkanları artırılmış, həm də potensial imkanların artırılması nəzərdə tutulmuşdur.

Prezident İlham Əliyevin səfər etdiyi rayonların ictimaiyyətləri ilə keçirdiyi görüşlər xalq-iqtidar birliyinin növbəti təntənəsi hesab olunmalıdır. Azərbaycan hakimiyyəti birmənalı olaraq xalqın iradəsinin ifadəsidir. Bütün məsələlərin vətəndaşlarla birgə müzakirə olunması, onların duyğu, düşüncələrinin nəzərə alınması sübut edir ki, Prezident xalqına, xalqı isə rəhbərinə güvənir, onu dəstəkləyir. Vətən Müharibəsində əldə olunmuş Zəfərin əsas səbəbi elə bu amildir. İnsanlar Dəmir yumruğun ətrafında birləşərək milli ruhu, milli təfəkkürü formalaşdıra bilmişlər. Bu, ilk növbədə ölkə başçısının apardığı doğru ideoloji siyasətin nəticəsidir. Xüsusi ilə də gənclərin vətənpərvər ruhda tərbiyəsi əldə olunan möhtəşəm zəfərin təməl daşıdır.

Regionda yaranmış yeni reallıqlar nəinki Azərbaycan xalqının gələcək tərəqqisinə hesablanıb, eyni zamanda da regionun digər xalqlarının inkişafını təmin edəcək. Azərbaycan ordusu cənab Prezidentin də vurğuladığı kimi regionda sülhün və əmin-amanlığın qarantıdır. Ölkəmizin silahlı birləşmələrinin və ordusunun azad olunmuş bölgələrdə gücləndirilməsi əməkdaşlıq mühitinin qorunmasına xidmət edir. İndi Azərbaycan Avropadan uzaq şərqə qədər geniş bir regionda nəqliyyat və logistika mərkəzinə çevirilməkdədir. Çox yaxın zamanda gerçəkləşəcək Zəngəzur dəhlizi vasitəsi ilə rahat, qısa və təhlükəsiz şəkildə insanların hərəkətini və yüklərin daşınmasını təşkil edəcəyik. Erməni xalqı və Ermənistanın hərbi-siyasi dairələri mövcud reallığı qəbul etməyə başlamışlar. Bu, ilk növbədə onların özləri üçün böyük dividentlərə səbəb olacaqdır. Region dövlətlətinin “3+3” formatında əməkdaşlığı dəstəkləməsi yeni iş yerlərinin və qazanc mənbələrinin formalaşması deməkdir. Bu amil isə təhlükəsizliyi təmin edəcəkdir.

Azərbaycan və Türkiyə arasında Ulu Öndər Heydər Əliyevin tarixi sözlərinə uyğun bir millət, iki dövlət prinsipi ilə əməkdaşlıq, qardaşlıq münasibətləri tarixin ən gözəl və məhsuldar dövrünü yaşamaqdadır. Bizim birliyimiz dünyaya sübut etdi ki, dünya siyasi xəritəsinin formalaşması, dünya dövlətlərinin idarəedilməsi və dünyanın gələcək inkişafında türk faktoru öz sözünü deməyə qadirdir. Zəngəzur dəhlizi vasitəsi ilə türk birliyi bütün regiona xöşbəxtlik, firəvanlıq və əbədi sülh gətirəcəkdir. Müharibə bitsə də cənab Prezidentin mübarizəsi, xalqımızın mücadiləsi davam etməkdədir. Bizə qarşı əsassız, ikili standartlarla atılmış addımların nəticəsiz olacağını artıq bütün dünya Vətən müharibəsində gördü. İndi isə dünyada Azərbaycanın yaratdığı reallıqlar fövqündə bütün region ölkələri və xalqları qüdrətli Azərbaycan gerçəkliyi ilə barışmalıdırlar.

Azad olunmuş torpaqlarda Azərbaycan-Türkiyə əməkdaşlığı, qardaşlığı yaradılmaq istənilən süni problemləri zamanında boğmağa və milli maraqlar naminə inkişafı təmin etməyə qadirdir. Son bir il ərzində növbəti dəfə Azərbaycana gələn Türkiyə Respublikasının Prezidenti cənab R.T.Ərdoğanın Füzulidə beynəlxalq hava limanının açılışında cənab Prezident İlham Əliyevlə birgə iştirak etməsi və onlara Qarabağın hava qapısının simvolik açarlarının təqdim edilməsi özlüyündə regionda baş verən hadisələrə avtomatik cavabvermə qabiliyyətinə malikdir. Bu simvolik, lakin mənalı addımla bütün dünya regionda Azərbaycan və Türkiyənin iştirakı olmadan heç bir qüvvənin söz sahibi ola bilməyəcəyini gördü. Daha sonra Zəngilanın Ağalı kəndində, İran və Ermənistanla sərhəddin cəmi bir neçə kilometrliyində, Azərbaycanın strateji hədəfi olan Zəngəzur dəhlizinin yaxınlığında Türkiyə Prezidenti cənab Ərdoğanla birgə cənab Prezident İlham Əliyevin bəyanatla çıxış etməsi tarixi missiyadır. Azərbaycana qarşı əsassız iddialarla çıxış edənlər iki qardaş ölkənin sıx əlaqələrinin daha da möhkəmlənməsindən lazımi dərslər çıxarmalıdırlar. Əks halda necə illərdir regionda dalana dirənənlər, dünya birliyinin müasir inkişaf meyillərindən geridə qalanlar üçün bu tendensiya bundan sonra da davam edə bilər. Qüdrətli Azərbaycan dövləti özünə qarşı yönəlmiş istənilən hərbi, siyasi və iqtisadi təhlükəni dəf etməyə qadirdir. Buna həm daxili birliyimiz, vahidliyimiz, həm də beynəlxalq arenada nüfuzumuz imkan verir.