YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: Dünyaya ünvanlanan birlik, həmrəylik, qardaşlıq mesajı

 «Möhkəm təmələ, ən əsası beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan  münasibətlər daim yüksələn xətlə inkişaf edir, yeni-yeni prioritetlərin müəyyənləşdirilməsinə stimul olur. Bu gün dünyaya  nümunə olan  Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı məhz bu prinsiplərə əsaslanır. Artıq bu əlaqələr müttəfiqlik səviyyəsinə yüksəlib. Bu mütəffiqlik sənədinə şahidlik edən  Qarabağın tacı, musiqi beşiyimiz Şuşa oldu. Bu ilin  15 iyununda- Milli Qurtuluş Günündə  bu unikal şəhərdə  Türkiyə və Azərbaycan bayraqlarının yan-yana  dalğalanması fonunda dünyaya ünvanlanan birlik, həmrəylik, qardaşlıq mesajı olan  Şuşa Bəyannaməsində öz əksini tapmışdır. Bu sənəd iki dost ölkənin münasibətlərində yeni mərhələnin əsası oldu. Dövlət başçısı İlham Əliyev Zəngilanın Ağalı kəndində mətbuata bəyanatında da bu məqama, bu   tarixi hadisəyə xüsusi diqqət yönəldərək bildirdi ki, Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi tarixi sənəddir. Bu Bəyannamə bizim əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır.»

   Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

  V.Rəhimzadə qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın işğaldan azad edilmiş  torpaqlarımıza ikinci səfəri hazırda  bütün  dünyanın diqqətində olan mühüm siyasi hadisədir: «Bu səfər bir daha göstərir ki,  44 günlük İkinci Qarabağ müharibəsində qardaş Türkiyənin Azərbaycana siyasi və mənəvi dəstəyi ilə tarixi Qələbəmizə əldə olunmasına necə  nail olduqsa, bu gün də Prezident Rəcəb Tayyib Ərdoğan  işğaldan azad edilmiş əraziərimizə səfəri ilə  soydaşlarımızın  Böyük Qayıdışına yönələn addımların reallaşmasına öz töhfələrini vermək istəyini nümayiş etdirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün regional məsələlərdə, hətta dünya çapında Türkiyə və Azərbaycan əməkdaşlığı, qardaşlığı önəmli amilə çevrilib. Türkiyə Rəcəb Tayyib Ərdoğanın  liderliyi ilə artıq dünya çapında böyük gücə çevrilib və heç kim Türkiyəyə öz iradəsini diktə edə bilməz.  Öz milli ləyaqətini,  xalqının, dövlətinin maraqlarını, qürurunu qoruyan və müdafiə edən Lider bu gün  Azərbaycandadır, Zəngilandadır, Ağalıdadır.  Bütün türk dünyası üçün Rəcəb Tayyib Ərdoğan faktoru ən önəmli amillərdən biridir.»

  «Qardaş ölkənin Prezidentinin səfəri  Azərbaycan-Türkiyə sarsılmaz birliyinin əyani təzahürü,  dövlətlərimiz  arasında dostluğun, əməkdaşlığın  regional və dünya miqyasında önəmli amilə çevrilməsinin göstəricisidir» söyləyən YAP Xətai rayon təşkilatının sədri  bildirib ki,  dünyada dil və etnik baxımdan bir-birinə yaxın ölkələrin çoxluğu fonunda Azərbaycan-Türkiyə birliyi nümunəvi xarakter daşıyır: «Prezidentlər  İlham Əliyevin və  Rəcəb Tayyib Ərdoğanın dostluğu və liderliyi yalnız  iki ölkənin  münasibətlərində deyil, regionda və dünyada cərəyan edən proseslərə təsirində də özünü göstərir.  Hər iki Lider öz əməli fəaliyyətləri ilə milli maraqları hər şeydən üstün tutduqlarını və qətiyyətlə qoruduqlarını nümayiş etdirirlər. Bu gün öz liderlərinin sayəsində Türkiyə və Azərbaycan böyük uğurlar qazanır,  bütün dünyada prinsipial, cəsarətli, düşünülmüş siyasət yürüdən ölkələr kimi tanınır və qəbul edilirlər.» 

    Vüqar Rəhimzadə diqqəti Azərbaycanın  gələn ay  Türk Şurasında sədrliyini Türkiyəyə təhvil verəcəyinə  yönəldərək bildirib ki, iki qardaş ölkənin birgə səyləri nəticəsində reallığa çevrilən layihələr, irəli sürülən təşəbbüslər bütün türk dünyasının birliyinə, həmrəyliyinə xidmət edir: «Buna əmin olmaq üçün təkcə son illər   dünyanı cənginə almış  koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinə başlandığı vaxtlarda Azərbaycanın  dünyaya etdiyi birlik, həmrəylik çağırışlarına diqqət yetirmək kifayətdir. Bu təşəbbüslər  beynəlxalq dəstək qazanaraq reallığa çevrildi. Belə ki, öncə türk dünyasının birliyinə, həmrəyliyinə nail olmaq üçün Türk Şurasının Zirvə görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış edib onu reallığa çevirən Azərbaycan daha  sonra dünyanı bir araya gətirdi.  Ölkəmizin Türk Şurasında fəaliyyəti, ən əsası bu təşkilata  sədrliyi dövründə atdığı addımlar daim təqdir olunub. Sədrliyin Türkiyə kimi qüdrətli, beynəlxalq hüququ və ədaləti  müdafiə edən bir dövlətə   təhvil verilməsi təbii ki, hədəflərin reallığa çevrilməsinə böyük dəstəkdir.  Beynəlxalq hüququn zamana və məkana  görə tətbiq olunduğu, dünyanın əksər ölkələri arasında etimad  mühitinin qorunmadığı bir  zamanda Azərbaycan-Türkiyə birilyinin yüksələn xətlə inkişafı, həmçinin Türk Şurasına sədrliyin iki qardaş ölkədən bir-birinə təhlvil verilməsi olduqca əhəmiyyətlidir. Dövlət başçısı İlham Əliyev bu əminliyi ifadə edir ki,  Türkiyə əziz qardaşımın rəhbərliyi ilə Şuraya uğurlu sədrlik edəcək. Türk dövlətləri arasındakı əməkdaşlıq və qardaşlıq əlaqələri daha da güclənəcək, beləliklə, bütün türk dünyası üçün yeni imkanlar açılacaq.»

    YAP Xətai rayon təşkilatının sədri   diqqəti həyata keçirilən müstəqil və qətiyyətli siyasət nəticəsində Türkiyənin qlobal güc amilinə çevrilməsinə,  Türkiyə Prezidentinin BMT-də ikili standartı tənqid edərkən söylədiyi «Dünya 5-dən böyükdür” fikrinə yönəldərək Azərbaycanın 30 illik işğal dövründə münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən   ATƏT-in Minsk qrupu həmsədrlərinin, ən əsası BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçünün – Rusiya, ABŞ və Fransanın Ermənistana havadarlğının sonda hansı  vəziyyətə gətirib çıxarmasından bəhs edib: «30 il imitasiya naminə danışıqlara dəstək olmaq münaqişənin həlli prosesinin uzanması ilə Ermənistanın yeni ərazilər uğrunda müharibə planlarına yol açdı.  Ermənistan silahlı qüvvələrinin ötən ilin sentyabrın 27-də müxtəlif istiqamətlərdən hücumlarının qarşısını  almaq üçün Zəfər yürüşünə başlayan Azərbayan Ordusu dövlət başçısı, Müzəffər Ali Baş Komandan  İlham Əliyevin qətiyyəti sayəsində  tarixi Qələbəyə imza atdı. Hadisələr bir daha bu  reallığı təsdiqlədi ki, beynəlxalq münasibətlərdə güc və hüquq  əsas amildir. Azərbaycanın  gücü, qüdrəti, ən əsası müstəqil siyasəti hər bir uğurunun əsasıdır.   İstər Azərbaycanın, istərsə də qardaş Türkiyənin timsalında bu fikri xüsusi qeyd edə bilərik ki,  dünya həqiqətən də beşdən böyükdür.»