YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Anar Məmmədov: Azərbaycan-Türkiyə münasibətləri regionun inkişafına, sabitliyinə və təhlükəsizliyinə mühüm töhfələr verir

“Azərbaycan-Türkiyə əməkdaşlığının hüquqi bazası kifayət qədər yetərli olsa da, bu bazanı möhkəmlətmək üçün zaman-zaman yeni addımlar atılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dünən Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində, Zəngilan rayonunda “Dost Aqropark”ın və “Zəngəzur” dəhlizinin təməlqoyma mərasimlərində iştirak etməsi təkcə iki qardaş ölkənin xalqlarının sarsılmaz birliyini ifadə etmir eyni zamanda bütün dünya ölkələrinə xüsusən də Cənubi Qafqaz regionuna Azərbaycan və Türkiyə həmrəyliyinin nümayişi üçün bir mesaj idi. Belə ki Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi təkcə bu rayonun deyil, bütövlükdə Qarabağın, Şərqi Zəngəzurun hərtərəfli inkişafına şərait yaradacaq”.

Deputat bildirib ki, Füzuli rayonunda yerləşən hava limanı beynəlxalq statusa malik olduğundan bir çox üstünlüklərə malikdir. Hava limanında uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı istismara verilməsi hər növ təyyarələri qəbul etmək imkanı yaradır. Bu da təbii ki, rayonun və regionun inkişafı üçün zəruri olan yerli və idxal olunan mal və materialların daşınması üçün əlverişli şərait yaradacaq. Digər bir üstünlük isə yerli sakinlərin köçürülməsi və yerləşdirilməsi prosesində səmərərəliliyin gələcəkdə nəzərdə tutulmasıdır. Bu işdə də Füzuli Beynəlxalq Hava Limanının böyük rolu olacaq. Ən başlıcası isə bu hava limanı həmçinin Zəngəzur dəhlizinin də əhəmiyyətini artıracaq. Bu dəhlizin bərpası nəinki Azərbaycanın, həmçinin regionun iqtisadi inkişafına böyük töhfələr verəcək. Bu dəhliz vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Azərbaycana quru yolla birləşdirilməsi də bu tarixi diyarımızın Azərbaycan iqtisadiyyatına daha da reinteqrasiyasına səbəb olacaq. Beləliklə, Zəngəzur dəhlizinin Azərbaycan iqtisadiyyatında çox böyük rolu olacaq. Bu dəhlizin ən üstün cəhətlərindən biri ondan ibarətdir ki, nəinki Azərbaycanla Naxçıvan arasındakı nəqliyyat əlaqələrinin şaxələndirməsinə, həmçinin Xəzər və Aralıq dənizlərindən başlayaraq Cənub- Şərqi Asiya və Mərkəzi Asiya ilə Avropa arasındakı nəqliyyat-logistika xətti olacaq. Zəngəzur dəhlizi Azərbaycanı öz ayrılmaz hissəsi olan Naxçıvanla, həmçinin Türkiyə ilə birləşdirəcək. Əlbəttə, növbəti mərhələdə regional əməkdaşlıq platformasına qoşulub-qoşulmamaq Ermənistan hökumətinin öz işidir. Bu ölkə hələ ki çalxalanır, Azərbaycan Ordusundan aldığı sarsıdıcı zərbədən özünə gələ bilmir. Eyni zamanda, erməni siyasətçiləri gah Azərbaycanla münasibətləri normallaşdırmağın vacibliyindən danışır, gah da məğlub olduğu ölkədən intiqam almaq barədə düşünürlər.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan və Türkiyə liderlərinin Zəngilanda verdikləri bəyanatlar isə bir daha iki qardaş ölkənin xalqlarının sarsılmaz birliyini ifadə edirdi: “Prezident İlham Əliyev dünyaya növbəti dəfə mesaj verdi ki, Azərbaycan Ordusunun qazandığı tarixi zəfər Azərbaycan-Türkiyə birliyinin təcəssümüdür. Öz növbəsində Bakı və Ankara erməni işğalından qurtulmuş Azərbaycan torpaqlarına yenidən həyat vermək barədə planlar hazırlayır. Artıq konkret layihələr barədə söhbət gedir. Azadlığa çıxmış Azərbaycan torpaqlarında indi infrastruktur layihələri icra edilir, yol, işıq, su çəkilir. Qarabağın və işğaldan azad edilmiş digər ərazilərin dirçəldilməsi işində Azərbaycan və Türkiyə şirkətləri dost ölkələrlə bərabər iştirak edir. Bu gün Türkiyə və Azərbaycan arasında əlaqələrin gücləndirilməsi Qafqaz bölgəsində sabitliyin təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, ölkələrimiz arasında əlaqələrin inkişafı və möhkəmlənməsi regionun inkişafına, sabitliyinə və təhlükəsizliyinə mühüm töhfələr verir”.