YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İtaliya Senatında Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümünə ilə bağlı mətbuat konfransı keçirilib

İtaliya Senatının “Sala Caduti di Nassirya” mətbuat konfransı zalında “Azərbaycan Respublikası müstəqilliyin bərpasından 30 il sonra” adlı mətbuat konfransı keçirilib.

Mətbuat konfransında İtaliya Senatının Xarici əlaqələr daimi komissiyasının sədri senator Vito Petroçelli, İtaliya Parlamentində İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri senator Stefano Luçidi, İtaliya Parlamentində İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyasının sədri deputat Rossana Boldi, həmin assosiasiyanın sədr-müavini senator Maria Rizzotti çıxış ediblər. İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri də tədbirə videobağlantı ilə qoşularaq fikirlərini bölüşüb. Tədbirin sonunda yekun nitqi ilə Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə çıxış edib.

Natiqlər müstəqilliyin bərpasından sonra Azərbaycanın keçdiyi yola nəzər salaraq, müstəqilliyin ilk illərində ölkəmizin qarşılaşdığı ağır siyasi, iqtisadi problemlər, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və onun ağır nəticələri, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkənin siyasi sabitlik və sosial-iqtisadi inkişaf yoluna qədəm qoyması, dövlət institutlarının formalaşdırılması və gücləndirilməsi, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasi xətti, təşəbbüsü və icraçısı olduğu strateji əhəmiyyətli enerji və nəqliyyat layihələri, bu layihələrin bölgədə sabitlik, təhlükəsizlik, əməkdaşlıq, inkişaf və rifahın təmin edilməsinə verdiyi töhfələr, Azərbaycanın multikulturalizm modeli və dünyada sivilizasiyalararası dialoqun təşviqindəki rolu mövzularına toxunublar.

Mətbuat konfransında ötən il 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın 30 ilə yaxın müddət ərzində Ermənistanın işğalı altında olan ərazilərinin azad olunması, həmin ərazilərin işğal dövründə Ermənistan tərəfindən sistematik olaraq dağıdılması, viran edilməsi, dünyanın ən minalanmış bölgələrindən birinə çevrilməsi, ərazilərin bərpası və yenidən qurulması istiqamətində Azərbaycan hökuməti tərəfindən həyata keçirilən layihələr, bu istiqamətdə İtaliya ilə əməkdaşlıq xüsusi diqqət mərkəzində olub.

Çıxış edənlər, habelə Azərbaycan-İtaliya strateji tərəfdaşlığı, bu tərəfdaşlığın daha da gücləndirilməsi istiqamətində atılan addımlar, iki ölkə arasında yüksək səviyyəli siyasi dialoq, 2018-ci və 2020-ci illərdə hər iki ölkənin prezidentlərinin qarşılıqlı dövlət səfərləri, enerji, ticarət, investisiya üzrə geniş əməkdaşlıq, humanitar, mədəniyyət, təhsil sahələrində intensiv mübadilələrdən danışıblar. Azərbaycan-İtaliya strateji tərəfdaşlığı Azərbaycanın Avropa İttifaqı ölkələri arasında nümunəvi tərəfdaşlıq kimi dəyərləndirilib.

İtaliya Senatının televiziya kanalı və sosial şəbəkə profilləri ilə canlı yayımlanan mətbuat konfransında yerli mətbuat orqanları ilə yanaşı, İtaliya parlamentinin üzvləri, o cümlədən Deputatlar Palatasının sədr müavini Ettore Rosato, akademik dairələrin, beyin mərkəzlərinin nümayəndələri iştirak ediblər. İtaliyanın çoxsaylı kütləvi informasiya vasitələri, o cümlədən “Askanews”, “İl Sole 24 Ore”, “İl Giornale dell’Italia”, “Quotidiano Nazionale”, “MSN”, “Radio Radicale”, “Agenzia Nova”, “Nova News”, “Tiscali Notzie”, “Notizie Yahoo”, “Kmetro0”, “Giornale Diplomatico”, “Finance Yahoo”, “Timgate” və sair mətbuat orqanları tədbirlə və natiqlərin səsləndirdiyi fikirlərlə bağlı çoxsaylı məlumatlar və videoreportajlar yayıblar.