YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ-ın “Jamestown” Fondu azərbaycanlı ekspertin məqaləsini yayıb

Azərbaycanlı politoloq Şəbnəm Həsənovanın “Azərbaycan-Fransa əlaqələrində təmkinli optimizm: Bakıdan baxış bucağı” sərlövhəli məqaləsi ABŞ-ın “Jamestown” Qlobal Tədqiqat və Təhlil Fondu tərəfindən nəşr olunub.

Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrda Fransanın “France-24” telekanalına verdiyi müsahibədə iki ölkə arasında münasibətlərin həm cari vəziyyəti, həm də perspektivlərinə dair fikirləri əks olunub. Müəllif bildirir ki, müsahibə, eyni zamanda, Fransa ilə yaxın münasibətlərdə olan Ermənistana da bir mesaj göndərilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Politoloq qeyd edir ki, əslində, Azərbaycan-Fransa münasibətləri uzun illərdir Ermənistan-Azərbaycan münaqişəsi ilə yanaşı, bir çox digər istiqamətləri əhatə edir. İki ölkə arasında iqtisadi, ticari əlaqələr davam edir. Ən mühüm işlər isə mədəniyyət sahəsində görülüb. 2007-ci ildən Heydər Əliyev Fondunun dəstəyi ilə mədəniyyətlər mübadiləsi çərçivəsində Fransada qədim ümumbəşəri abidələrin bərpası işləri həyata keçirilib, Fransa və Azərbaycan şəhərləri arasında bir çox qardaşlıq və dostluq müqavilələri imzalanıb. Bütün bu addımlar Azərbaycanın zəngin mədəni irsinin nümayişi ilə yanaşı, dövlətimizin dünya və birbaşa Fransanın mədəniyyət və incəsənət nümunələrinə, tarixi abidələrinə nə qədər önəm verdiyinin göstəricisidir. Azərbaycan bunun qarşılığında adekvat addım gözləyir. Buna baxmayaraq, Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində maddi, mədəni və tarixi irsin məhv edilməsi və saxtalaşdırılması qarşılığında rəsmi Parisin səssiz qalmasının təəccüb doğurduğu vurğulanır. Fransa Milli Assambleyasının nümayəndə heyətinin üzvlərinin Ağdama səfəri zamanı işğaldan azad edilmiş ərazilərdəki vəziyyətdən təsirləndikləri qeyd olunur.

Məqalədə bildirilir ki, Azərbaycanın Fransada güclü erməni icmasının olmasından və onların qərar qəbul edən şəxslərə mümkün təsirindən xəbərdardır. Fransa ATƏT-in Minsk qrupunun həmsədri olaraq neytral qalmaq öhdəliyini pozdu, dəfələrlə birtərəfli yanaşma nümayiş etdirdi. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan parlamentinin üzvləri, politoloqlar və vətəndaş cəmiyyəti institutları Fransanı ermənipərəst mövqe nümayiş etdirdikləri üçün sərt şəkildə tənqid etdilər. Bu baxımdan da Fransanın ATƏT-in Minsk qrupundakı həmsədrliyi ilə bağlı müxtəlif fikirlər səsləndirildi.

Məqalədə, həmçinin rəsmi Bakının Parisdən gələcək əlaqələrlə bağlı müsbət siqnallar aldığı və onların müsbət cavablandırıldığı bildirilir. Fransa Piyada Əleyhinə Minaların Təmizlənməsi üzrə Milli Komissiya ilə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik arasında imzalanması nəzərdə tutulan memorandumun Azərbaycan-Fransa münasibətlərində yeni mərhələnin açılması baxımından möhkəm zəmin yarada biləcəyi, Fransa Milli Assambleyasının bəzi üzvlərinin Azərbaycan ərazilərinə qanunsuz səfər etməsinin postmünaqişə dövründə bölgədə sülhyaratma səylərinə xələl gətirdiyi və digər məsələlər məqalədə geniş şəkildə təhlil olunur, faktlar diqqətə çatdırılır.

Şəbnəm Həsənova sonda Prezident İlham Əliyevin müsahibəsinə bir daha istinad edərək vurğulayır ki, Azərbaycan gələcəyə ümidlə baxır və İrəvandakı hökumətlə dialoqa başlamağa hazır olduğunu dəfələrlə bəyan edib. Azərbaycan xoşagəlməz ritorikanın üzərində dayanmaq istəmir, dünyanın aparıcı ölkələrindən biri olan Fransa ilə normal münasibətlər qurmaq istəyir və əməkdaşlığı davam etdirmək üçün hər zaman açıqdır, Fransanın da regionda sülh, sabitlik, təhlükəsizlik arzuladığına ümid edir.