YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pərvin Kərimzadə: Azərbaycan həqiqətləri dünya qadınlarının diqqətinə çatdırılıb

Məlum olduğu kimi, 13-15 oktyabr 2021-ci ildə Sankt-Peterburqda Üçüncü Avrasiya Qadın Forumu keçirildi. “Qadınlar: yeni reallıqda qlobal missiya” adlı III Avrasiya Qadınlar Forumu sabit və təhlükəsiz gələcəyin qurulmasında qadınların roluna həsr edilib. Forum, müasir rəqəmsal texnologiyalardan istifadə edərək hibrid formatda təşkil olunmuşdu və bu, çox sayda iştirakçının tədbirlərə uzaqdan qoşulmasına imkan verdi.

Forumda Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Azərbaycan Respublikası Milli Məclisi sədri Sahibə Qafarova, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matvienko və digər parlament rəhbərləri, deputatlar, müxtəlif ölkələrin hökumətlərinin nümayəndələri, iri şirkətlərin və bankların rəhbərləri, beynəlxalq təşkilatların və assosiasiyaların nümayəndələri, elm, media dairələrin təmsilçiləri və başqaları iştirak etmişdir. 40-a yaxın ölkə və 10-dan artıq iri beynəlxalq təşkilatın rəhbərləri və təmsilçiləri iştirak edib. Forum çərçivəsində 90 rəsmi tədbir - plenar iclas, sessiyalar və dəyirmi masalar və s. keçirilmişdir.

Milli Məclisin sədri Sahibə Qafarova Sankt-Peterburqa işgüzar səfəri çərçivəsində oktyabrın 13-də Üçüncü Avrasiya Qadın Forumunun plenar sessiyasında çıxış edərək ölkəmizdə həyata keçirilən qadın siyasəti, dünyada qadınların artan rolu, ölkəmizdə həyata keçirilən qadın siyasətinin tarixi və uğurları haqqında məlumat verib. Spiker qeyd edib ki, tarix boyu Azərbaycanda qadınlar hər zaman xüsusi diqqət və qayğı ilə əhatə olunublar, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması azərbaycanlı qadınların cəmiyyətin fəal üzvünə çevrilməsi üçün geniş imkanlar açdı. Həmin dövrdə müsəlman şərqində ilk dəfə olaraq, Azərbaycanda qadınlar kişilərlə bərabər seçmək və seçilmək hüququnu əldə ediblər. Müasir dövrdə ölkəmizdə qadınlarla bağlı həyata keçirilən dövlət siyasətinin qayəsinin onların siyasi, sosial, iqtisadi və mədəni hüquqlarını həyata keçirmək, gender bərabərliyini təmin etmək və dövlət idarəçiliyində iştirakını genişləndirmək olduğunu bildirən S.Qafarova vurğulayıb ki, bu siyasətin əsası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur. Müasir dövrdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə görülən işlər qadınlarla bağlı dövlət siyasətinin bütün sahələrində əhəmiyyətli irəliləyişə səbəb olub. Ölkəmizdə aparılan sistemli islahatlar, regionların sosial-iqtisadi inkişafına yönəlmiş geniş dövlət proqramları qadınların həyatına müsbət təsir göstərir. Bu sahədə qəbul edilmiş qanunlar gender bərabərliyinin təmin edilməsi işinin daha da təkmilləşdirilməsinə imkan verir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva qadın hüquqlarının qorunması, qadınların dövlət və ictimai həyatda rolunun artırılması istiqamətində daha böyük uğurlar əldə olunmasına xüsusi töhfələr verir. Azərbaycanın birinci xanımı çoxşaxəli və uğurlu fəaliyyəti ilə qadınlarımızı öz potensiallarını daha böyük əzmlə reallaşdırmağa ruhlandırır.

Spiker Sahibə Qafarova səfər çərçivəsində Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb. Görüşdə Milli Məclisin sədri Sahibə Qafarova Üçüncü Avrasiya Qadın Forumunun yüksək səviyyədə təşkil olunduğunu bildirib, belə forumları gender məsələlərini, həmçinin parlamentlərarası əməkdaşlığın perspektivlərini müzakirə etmək baxımından imkan kimi dəyərləndirib. İki ölkə arasında parlamentlərarası münasibətlərə toxunan Milli Məclisin sədri ikitərəfli əlaqələrin inkişafında qanunverici orqanların özünəməxsus rolunu qeyd edib. Milli Məclisin sədri Ermənistanın işğal dövründə şəhər və kəndlərimizi tamamilə dağıtdığını bildirərək, bu ölkənin hazırda da regionda sülhün və təhlükəsizliyin təmin olunmasına qarşı törətdiyi təxribatlar, xüsusilə minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtina etməsi haqqında geniş məlumat verib. Spiker vurğulayıb ki,cari ilin iyulunda Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü müəyyənləşdirilib. Bu Fərmana əsasən, iki yeni rayon - Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb. Zəngəzur dəhlizinin yaradılmasının çox böyük əhəmiyyəti var. Belə ki, bu dəhlizin yaradılması həm regional kommunikasiyaların bərpasına, həm də regionun inkişafına, sülh və təhlükəsizliyin təmin edilməsinə böyük töhfə olacaq.

Səfər çərçivəsində spiker Sahibə Qafarova BMT-nin Qadınlar Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktoru Aliya El-Yassir ilə də görüşüb. Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirən Milli Məclisin sədri deyib ki, ölkəmiz həmişə BMT-nin çox fəal üzvü olub və təşkilatın müxtəlif fəaliyyət sahələrini əhatə edən qurumları ilə müsbət əməkdaşlıq əlaqələri qurub. Milli Məclisin Sədri qadınlarla bağlı dövlət siyasətinin həyata keçirilməsində yeni uğurların əldə edildiyini xüsusi qeyd edib. O, bu sahədə atılan addımların qadınların cəmiyyət həyatının bütün sahələrində fəal iştirak etməsinə, onların ölkəmizin inkişafına töhfələrinin əsaslı şəkildə artmasına imkan verdiyini bildirib.

Sahibə Qafarova Azərbaycanın Birinci vitse-Prezidenti Mehriban xanım Əliyevanın müasir dövlətçiliyimizdə böyük xidmətlərini xüsusi vurğulayaraq, onun çoxşaxəli fəaliyyətinin hər bir Azərbaycan qadını üçün örnək təşkil etdiyini söyləyib. BMT-nin Qadınlar Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktoru Aliya El-Yassir müasir dövrdə gender məsələləri, qadınların cəmiyyətlərdə artan rolu, bir sıra ölkələrdə cinsi ayrı seçkiliklə bağlı problemlər və digər məsələlərə toxunub, Azərbaycanda həyata keçirilən dövlət siyasətinin uğurlu olduğunu bildirib.

Forum müxtəlif mövzularda sessiyalarda öz işini davam etdirib. Sessiyalarda Milli Məclisin komitə sədri Hicran Hüseynova “Sosial dəyişikliklər – 2030. İnklüziv davamlı inkişafa nail olunmasında qadınların missiyası”, deputatlardan Pərvin Kərimzadə “Qadın alimlər müasir dövrün qlobal çağırışları qarşısında”, Sevinc Fətəliyeva “Qadınların missiyası: sağlam bu günümüz və gələcəyimiz uğrunda”, Ülviyyə Həmzəyeva “Dünya pandemiya dövründə və ondan sonra. Buna hazırlığımız”, Fatma Yıldırım isə “Qadınların sülh diplomatiyasının və etimadın inkişafındakı missiyası” sessiyalarında fəqli mövzularda  çıxışlar ediblər. Çıxışlarda Azərbaycanda qadın siyasəti sahəsində görülən işlər, gender bərabərliyi, qadınların cəmiyyətdə rolu, dövlət idarəçiliyində iştirakı, onların siyasi həyatda təmsilçiliyi və digər məsələlər barədə fikirlərini bölüşüb, müzakirə olunan məsələlərə Azərbaycan haqlı mövqeyini müxtəlif ölkələrdən olan qadınların diqqətinə çatdırıblar.

Qeyd edək ki, Milli Məclisin nümayəndə heyətinin Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfəri, səfər çərçivəsində keçirilən görüşlər və aparılan müzakirələr parlament diplomatiyasının imkanlarından istifadə edərək, ölkə həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması işinə töhfə vermişdir. Bu səfər parlamentlərarası əlaqələrin, ikitərəfli və çoxtərəfli münasibətlərin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində də əhəmiyyətli olmuşdur.

DİGƏR Xəbərlər Arxiv