YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qətərin Baş nazirinin müavini: Ölkəmiz Azərbaycanla əlaqələrin inkişafında və genişlənməsində maraqlıdır

Oktyabrın 18-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ölkəmizdə səfərdə olan Qətər Dövlətinin Baş nazirinin müavini və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani ilə birgə brifinqi keçirilib.

Şeyx Məhəmməd bin Əbdülrəhman Al-Taninin ölkəsinin Azərbaycanla əlaqələrinin genişlənməsinə böyük diqqət göstərdiyini söyləyib. O, Qətər dövləti adından Azərbaycan Respublikasını və xalqını 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib. Bu əlamətdar gündə ölkəmizə inkişaf və suverenlik arzulayıb.

O qeyd edib ki, Qətər Azərbaycan ilə siyasi, iqtisadi, ticarət və digər sahələrdə əlaqələrin inkişafında maraqlıdır. İki ölkə arasında diplomatik əlaqələr 1994-cü ildə qurulub. 2016-cı ildə ölkələrimiz arasında qardaşlıq əlaqələrinin inkişaf etdirilməsinə dair saziş imzalanıb.

“Bu gün Azərbaycanın xarici işlər naziri ilə görüşdə bir çox sahələrdə əməkdaşlıq əlaqələrini müzakirə etdik. Həmçinin siyasi, diplomatik və iqtisadi sahələrdə iki ölkə arasında əldə olunmuş nailiyyətlərə toxunduq və fikir mübadiləsi apardıq. Bundan əlavə, regionun əmin-amanlığı və sabitliyinin əhəmiyyətini vurğuladıq. Eyni zamanda, regionda cərəyan edən hadisələr barədə danışdıq. Regionda siyasi dialoqun aparılması Qətərin xarici siyasətində prioritet təşkil edir”, - deyə Məhəmməd bin Əbdülrəhman Al-Tani diqqətə çatdırıb.

Qətər ilə Azərbaycan arasında çox möhkəm zəmin üzərində qurulan münasibətlərin, yüksəksəviyyəli siyasi dialoqun mövcud olduğunu söyləyən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isə bildirib: “Qətərli həmkarımla görüşdə ikitərəfli əlaqələrin gündəliyi, əməkdaşlıq məsələlərini müzakirə etdik. İslam Əməkdaşlıq Təşkilatı, Ərəb Dövlətləri Liqası və BMT çərçivəsində ölkələrimiz arasında faydalı əməkdaşlıq var. Görüş zamanı bu əməkdaşlığın detalları müzakirə olundu. Ölkələrimiz arasındakı iqtisadi, investisiya, ticarət əlaqələri və onların perspektivləri barədə geniş müzakirələr aparıldı. Hesab edirik ki, həm ticarət dövriyyəsinin artırılması, həm də ölkələrimizin qarşılıqlı və birgə üçüncü dövlətlərə investisiya imkanları çox vacibdir. Bu sahədə danışıqlar aparılır. Ənənəvi istiqamətlərdən başqa, alternativ enerji sahəsi və onun inkişafı barədə də fikir mübadiləsi aparıldı. İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərində Qətər dövlətindən olan investorların cəlb edilməsi potensialı müzakirə olundu. Pandemiya ilə əlaqədar məhdudiyyətlərdən əvvəl ölkələrimiz arasında turizm sahəsində çox yaxşı artan tendensiyalar mövcud idi. Düşünürük ki, bu məhdudiyyətlər aradan qaldırıldıqca çox qısa müddətdə bu istiqamətdə daha yüksək nəticələr əldə olunacaq. Bu baxımdan bu gün imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında ümumvətəndaş pasportlarına malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında” Sazişin çox böyük əhəmiyyəti var”.

Qətərin hər zaman beynəlxalq təşkilatlarda Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini söyləyən Ceyhun Bayramov həmkarına keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, onun aspektləri, 44 günlük Vətən müharibəsi və nəticələri, üçtərəfli bəyanatlar, işğaldan azad olunmuş ərazilərin və dağıntıların miqyası, Azərbaycanın apardığı quruculuq işləri, mina təhlükəsi barədə geniş məlumat verdiyini bildirib. Nazir regionda kommunikasiyaların açılmasının vacibliyi, bununla bağlı məhdudiyyətlərin aradan götürülməsi, Azərbaycan tərəfinin bu məsələdə konstruktiv mövqeyi barədə həmkarını məlumatlandırdığını deyib. O, hazırda konkret nəticələrin əldə edilməməsinin təəssüf doğurduğunu, bunun, eyni zamanda, bölgədə normallaşma prosesinin ləngiməsinə səbəb olduğunu vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv