YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən müharibəsi şəhidlərinin xatirəsi ehtiramla yad edildi

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, qazilər və rayon ictimaiyyətinin nümayəndələri Xətai rayonundakı Əhmədli kənd qəbristanlığında Xocavənd uğrunda gedən döyüşlərdə xüsusi igidlik göstərərək şəhidlik zirvəsinə ucalan Eldar Süleyman oğlu Əliyevin şəhidliyinin ildönümü ilə bağlı məzarını ziyarət etdilər.

Sonra tədbir iştirakçıları şəhid Eldar Əliyevin yaşadığı evin qarşısında onun xatirə lövhəsinin açılış mərasiminə qatıldılar.

Çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirdi ki, Vətən müharibəsinin başladığı ilk günlərdən Azərbaycan xalqı Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsinin qələbə ilə başa çatacağına tam əmin idi: “Bu əminlik 44 gün davam edən savaşda özünü tamamilə doğrultdu. Azərbaycan Ordusu döyüş meydanında düşmənə layiqincə cavab verərək onları torpaqlarımızdan qovdu. Qısa zaman kəsiyində - 44 gün ərzində Qələbəyə nail olmaq hərb tarixində bir yenilikdir.  Bir neçə gün əvvəl Hadrutun düşməndən azad edilməsini qeyd etdik. Mənfur ermənilər Hadrutu alınmaz qala adlandırırdılar, lakin qüdrətli ordumuz qısa zaman ərzində bu ərazini tamamilə işğaldan azad etdi. Hadrutun düşməndən təmizlənməsi ilə Füzuliyə yol açıldı. Füzuli də qısa zamanda erməni tapdağından azad olundu. Beləliklə, Qələbəmizin təməli olan Şuşanın azad olunması istiqamətində işlərə başlanıldı. Bu Qələbənin qazanılmasında  Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi əsas rol oynadı.”

Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Vaqif Abbasov çıxışında qeyd etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızın erməni işğalından azad olunması üçün bütün gücünü səfərbər edərək böyük Qələbə qazandı: “Şəhid Eldar Əliyevlə bütün Azərbaycan xalqı qürur duyur. O, xalqımız, Vətənimiz uğrunda böyük şücaət göstərib. Şəhid olmaq çox şərəflidir. Eldar kimi qəhrəman Vətən oğullarının igidliyi sayəsində bu gün biz böyük fəxarət hissi keçiririk. Onlarla hər zaman fəxr etmək lazımdır. Bu gün ölkəmizin bütün bölgələrində olduğu kimi, Xətai rayonunda da şəhid ailələri və qazilər böyük diqqət və qayğı ilə əhatə olunublar. Bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin.”

Xətai Rayon Ağsaqqallar Şurasının sədr müavini, şəhid atası Mürvət Əsgərov söylədi ki, bu gün Azərbaycanda güclü xalq-iqtidar-ordu birliyi mövcuddur: “Bu birlik, həmrəylik sayəsində Azərbaycan Vətən müharibəsində böyük Zəfər qazandı, “Dəmir yumruq” əməliyyatı ilə 44 gün ərzində doğma torpaqlarımızı düşmən tapdağından azad etdik. Əsgər və zabitlərimiz heç nədən qormadan, çəkinmədən böyük şücaət göstərərək yalnız Vətənin bütövlüyü haqqında düşünürdülər. Bir daha bu şanlı Qələbə münasibəti ilə xalqımızı ürəkdən təbrik edirəm. Şəhidlərin xatirə lövhələrinin vurulmasına görə dövlətimizin rəhbərliyinə minnətdarlığımı bildirirəm.  Belə xatirə lövhələrinin açılması ilə şəhidlərimiz əbədiləşir. Şəhidlərimiz haqqında hər birimiz ürəkdolusu danışa bilərik. Xalqımız şəhidlərimizin adını hər zaman yaşadacaq. Allah şəhidlərimizə rəhmət eləsin!”

Şəhidin döyüş yoldaşları – tabor komandirinin müavini, mayor Valeh Lətifov və bölük komandiri, baş leytenant Əli Ələkbərov mərasimdə çıxış edərək Eldarın qəhrəmanlığından, vətənpərvərliyindən danışdılar, onunla bağlı xatirələrini bölüşdülər. Vətən qarşısında öz borclarını ləyaqətlə yerinə yetirənlərin xatirəsinin xalqımız tərəfindən daim əziz tutulduğunu  qeyd etdilər.

Anım tədbirində məktəblilərin təqdimatında Vətənə, vətənpərvərliyə həsr edilmiş şeirlər səsləndirildi.

Daha sonra tədbir iştirakçıları İkinci Fəxri xiyabanda Cəbrayıl uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş mayor Malik Təvəkkül oğlu Əliyevin və baş leytenant Elçin Əvəz oğlu Əzizovun şəhidlik məqamına yüksəlmələrinin ildönümü ilə bağlı məzarlarını ziyarət etdilər.

Anım mərasimlərində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Şəhidlərin valideynləri göstərdikləri diqqət və qayğıya görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya  minnətdarlıqlarını bildirdilər.

Vətən müharibəsi şəhidlərinin ruhuna dualar oxundu, məzarları üzərinə əklillər, tər gül-çiçək dəstələri düzüldü.