YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə hər bir səfəri xalqımızı qürurlandırır, düşmənləri isə sarsıdır

“Müzəffər Ali Baş Komandanın işğaldan azad olunmuş Tərtərin Suqovuşan qəsəbəsinə, Talış kəndinə və Cəbrayıl rayonuna səfər etməsi, həmin ərazilərdə Azərbaycan bayrağını ucaltması, bərpa işləri ilə tanış olması, təməlqoyma və açılış mərasimlərində iştirakı Qarabağın və Şərqi Zəngəzurun bərpası istiqamətində Prezident İlham Əliyevin siyasi iradəsinin, qətiyyətinin, eləcə də Azərbaycan dövlətinin gücünün və qüdrətinin növbəti dəfə isbatı oldu. Söz yox ki, Qarabağda, Şərqi Zəngəzurda aparılan işlər nə qədər insanlarımızı sevindirirsə, bir o qədər bərpa, quruculuq prosesi gedən ərazilərdə Azərbaycan dövlətinin varlığını həzm edə bilməyən həm xarici qüvvələri, həm də “5-ci kolon”u ciddi şəkildə narahat etməkdədir. Bu səbəbdəndir ki, Azərbaycanı təhdid və şantaj etməyə müxtəlif cəhdlər edir, sosial şəbəkələr üzərindən psixoloji təzyiq metodlarına əl atırlar. Görünən odur ki, Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə hər bir səfəri xalqımızı qürurlandırır, düşmənləri isə sarsıdır”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan, milli qürur məsələsi olan qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltması kimi “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması haqqında Sərəncam imzalaması da böyük tarixi və siyasi hadisə olduğu qədər, həm də ədalətin bərpası edilməsi heç kəsdə şübhə doğurmur: “Eyni zamanda, 44 günlük Vətən müharibəsindən sonra regionda formalaşan yeni reallıqlar, ölkə daxilində milli-siyasi birlik, xalq-hakimiyyət tandemi, güclü dövlət və Liderin siyasi qətiyyəti Azərbaycanın daha da qüdrətlənməsini istəməyənləri hərəkətə gətirir. Bir tərəfdən Azərbaycanı Qarabağda, Şərqi Zəngəzurda, Araz vadisində görmək istəməyənlər, digər tərəfdən hər fürsətdə siyasi hakimiyyəti qəsb etmək arzuları ilə yaşayanlar cəmiyyətimizi aldatmaq, ictimai rəyi çaşdırmaq üçün bütün mümkün vasitələrdən istifadə edirlər. Əlbəttə ki, milli maraqlara xidmət edən bütün addımlara qarşı çıxmaqdan, hətta düşmənin vəkilliyini etməkdən belə çəkinməyən “5-ci kolon”un, onları tezislərlə “silahlandıran” anti-Azərbaycan dairələrinin cəhdləri iflasa məhkumdur. Bu iflası əsaslandıran əsas amillərdən biri məhz xalq-iqtidar birliyi, milli-siyasi barış mühitidir. İctimaiyyətimiz ötən illər ərzində Azərbaycan ordusunun zəif olması, Qarabağı işğaldan azad edə biləcək gücə sahib olmaması barədə təbliğat aparanları, Vətən müharibəsi dövründə Ordumuza, dövlətimizə, Ali Baş Komandana dəstək verməkdən imtina edən, milli-siyasi birliyə qoşulmayan, daha çox siyasi separatizmlə məşğul olanları yaxşı tanımalıdır. Onlar bu gün də AXCP, Müsavat, Milli Şura, VİP kod adları altında, “müxalifətçi” komuflyajında milli maraqlarımızı zərbə altında qoymaq üçün çalışırlar. Zaman və reallıq bir daha sübut edir ki, özünə müxalifət deyənlərin əsas məqsədi şaiyələr, yalanlar ilə milli birliyi, ictimai-siyasi sabitliyi pozmaq olub”.

“Doğma torpaqlarımızın azad olunması xalqımızın şərəfli tarixidir və Vətən müharibəsi zamanı, ondan sonrakı dövrdə Azərbaycan xalqı tarixinin ən şərəfli anlarını yaşayır” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Şərqi Zəngəzur, Qarabağ cənnətə çevrildikcə, işğaldan azad olunmuş ərazilərdə Azərbaycanın mövcudluğu gücləndikcə, azərbaycanlılar doğma torpaqlarına qayıtdıqca şərəfli tarixi anların sayı daha da çox olacaq. Bu səbəbdən də milli birliyin qorunması, milli maraqlarımızın müdafiəsi hər bir vətəndaşın mənəvi borcu olmalı, özünə müxalifət deyənlərin, onların havadarlarının yalanlarını, çağırışları, təhdidlərini daha güclü Azərbaycan naminə rədd və ifşa etməlidir.