YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezidentin müsahibələri ədalətin və həqiqətin ümumbəşər dəyər olduğunu sübut edir

Ənvər Haqverdiyev

Politoloq

Ölkə mətbuatını izləyənlər, siyasi şərhçilər və gündəmi təqib edənlər bilirlər ki, Prezident İlham Əliyevin məsələlərlə bağlı mövqeyi hər zaman öz xalqına bəyan olmuşdur. Addımları, qərarları hər zaman beynəlxalq hüquqa, vicdan normalarına və humanist dəyərlərə söykənən bir lider kimi cənab İlham Əliyev Azərbaycan həqiqətlərini dünya birliyinə nəinki çatdırır, hətta qəbul olunmasını təmin edir. Müharibənin başlanmasından artıq bir il ötür. Azad edilmiş ərazilər bərpa olunur, ərazilər minalardan təmizlənir və əhalinin öz torpaqlarına qaytarılması ilə bağlı sürətli işlər həyata keçirilir. Dünyanın gözü, qulağı sözün bütün mənalarında ölkəmizdədir. Təsadüfi deyildir ki, müharibənin başlanmasının il dönümü ərəfəsində cənab Prezident dörd ölkənin televiziya kanalına müsahibə vermişdir. Əmin ola bilərsiniz ki, müsahibə üçün müraciətlər daha çox olmuşdur. Həm bu müsahibələr zamanı, həm də “27 sentyabr - Anım günü” münasibəti ilə xalqa müraciəti əsnasında ölkə başçısı maraqlı faktlara toxunub ki, onların daha diqqətlə həm ölkə daxilində, həm də ölkə xaricində öyrənmək çox vacibdir.

Müharibənin qaynar fazası bitib. Lakin mübarizəmiz isə hələ qarşıdadır. Dostlarımızın dünyada sayının artırılması vacib məqamdır. Eyni zamanda da haqqımızda yalan məlumatlar yayanlara, bizə nifrətlə yanaşanlara, məsuliyyətsiz bəyanatlarla çıxış edənlərə qarşı aparılan “media müharibələri” böyük əhəmiyyətə malikdir. Hər kəsə məlumdur ki, I Qarabağ Müharibəsi dövründə sosial şəbəkə imkanlarının olmaması və mətbuatdan düzgün istifadə edilməməsi bir çox məqamın, faktın dünya birliyinə çatdırılmamasına səbəb oldu. Nəticədə dünyada məlumatsız insanlar, hətta dövlət rəsmiləri belə qərəzli xəbərlər yaydılar, ədalətsiz qərarlar qəbul etdilər. Məsələn, ABŞ senatının qəbul etdiyi “907-ci düzəliş” buna bariz nümunədir. Xocalı kimi tarixdə çox az rast gəlinən bir faciə baş verməsinə rəğmən dünyada bu elə ifadə olunmuşdur ki, güya soyqırmı biz özümüz törətmişik. Bu əlbəttə, erməni hərbi-siyasi hakimiyyətinin məsuliyyətsiz və həyasız yanaşmasıdır. Ümumiyyətlə, deməliyəm ki, həqiqətlərlə mübarizə aparıldığı təqdirdə Ermənistanın Azərbaycanla heç bir məsələdə mübarizə aparmaq imkanı mövcud deyildir.

Rusiya cəmiyyətində fikir formalaşdıran rus mediasının rolu böyükdür. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, mənfur qonşularımız rus mediası vasitəsi ilə rus cəmiyyətinə təsir imkanları əldə etmişlər. Hətta heç bir əsası olmayan məlumatlar yaymışlar. Yalan ayaq tutsa da yerimir. Zaman keçdikcə ermənilərin ruslara söylədikəri yalanlar gün üzünə çıxır. Məsələn, Rusiya müdafiə nazirinin silahlandırma haqqında demədiyi fikirləri erməni mediası və rəsmiləri deyilmiş kimi ifadə edib. Özünə hörmət edən siyasətçi bunu etməzdi. Bütün məsələlər zamanla öz həllini tapır. Rusiyada yaşayan soydaşlarımızın və rus dostlarımızın aktiv fəaliyyətinin həqiqətlərin aşkar edilməsində rolu müstəsnadır. Vətən Müharibəsi dövründə rus telekanallarında hərarətli debatlar, gərgin müzakirələr, mövqe “döyüşləri” yəqin ki, hər birimizin xatirindədir. Müharibə vaxtı iki sima cəsarətlə öz sözünü deməyi bacardı. Politoloq Maksim Şevçenko və “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko ədalətin və həqiqətin milliyətinin olmadığını dünyaya sübut etmişdir. Prezident İlham Əliyev “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya verdiyi müsahibədə üçtərəfli bəyanatın imzalanmasına və Xüsusi Təyinatlı Qüvvələrin fəaliyyətinə, iş prinsipinə dair məsələrə aydınlıq gətirib. Üçtərəfli bəyanatın məğlubiyyət aktı olduğu cənab Prezident tərəfindən bir daha vurğulanıb. Hesab edirəm ki, bu müsahibə gələcək üçtərəfli dövlət başçıları səviyyəsində keçiriləcək görüşlərdən əvvəl Azərbaycanın qəti mövqeyinin təzahürüdür.

Türkiyənin “Anadolu” dövlət agentliyinə verdiyi müsahibə isə duyğusal anlarla yadda qalıb. Prezident İlham Əliyev tərəfindən eyni zamanda da regional əhəmiyyətli mühüm məsələlər, rəsmi və ciddi yanaşmalar ifadə olunmuşdur. Xüsusi ilə də İrana məxsus yük maşınlarının çox səliqəsiz və riyakarcasına rus sülməramlıların nəzarət zonasına Azərbaycanın izni olmadan keçid etməsi bütün reallıqları ilə dünya ictimaiyyətinə açıqlanıb. Ölkəmizə qarşı həyata keçirilən Arazboyu hərbi təlimlər də bir çox sual yaratmışdır. Özü də bu suallar rəsmi soğrulardan çox dünyada yaşayan sadə azərbaycanlıların suallarıdır ki, onların böyük əksəriyyəti də məhz İranın ərazisində yaşayır. Azərbaycan qarşılıqlı hörmət və ehtiram çərçivəsində bütün qonşuları ilə yaxşı münasibətlərə hazırdır. Lakin heç bir halda suveren hüquqlarımızı tapdalayacaq cəhdlərə yol verilməyəcəyi Prezidentin Türkiyənin “Anadolu” dövlət agentliyinə verdiyi müsahibəsində öz əksini tapıb.

Regiona və regionda baş verən hadisələrə diqqətlə yanaşan, bir çox halda ədalətsiz mövqeyi ilə seçilən ölkələrdən digəri isə Fransadır. Müharibə vaxtı dəfələrlə ermənipərəst mövqeyini ifadə edən Emmanuel Makrona qarşı ən layiqli cavablar məhz İlham Əliyev tərəfindən verilmişdir. Eyni qəti mövqe və “dəmir yumruq” əlamətləri “France 24” kanalına verilmiş müsahibədə də öz əksini açıq tapmışdır. Kəskin ismarıcların yer aldığı müsahibədən həm ermənilər, həm də onların havadarları nəticə çıxarmalıdırlar. Erməni faşizminin Avropanın mübarizə apardığı digər faşizm meyillərindən çox da fərqi yoxdur. Əksinə, erməni faşizmi daha təhlükəlidir. Biz erməni faşizminin başını əzmişik deyən dövlət başçısı onun bir daha oyanışına imkan verilməyəcəyini açıq bildirildi. Əlbəttə, müharibədən sonra bütün əməkdaşlıqlara hazır olduğumuz dövlət başçısı tərəfindən bütün platformalarda ifadə olunur. Fransa cəmiyyətini maraqlandıran bir başqa sual da yəqin ki, Qarabağda yaşayan “bir ovuc” erməniyə “status” verilib-verilməyəcəyi idi. Müharibədən əvvəl münaqişənin sülh yolu ilə həlli naminə buna hazır olduğumuz, lakin bu təklifin Ermənistan tərəfindən qəbul edilmədiyi vurğulanmışdır. Bu gün isə nə müharibə, nə münaqişə, nə də Dağlıq Qarabağ adlı bir ərazi vahidi vardır. Cəmi 25 min adamın yaşadığı əraziyə heç bir siyasi, mədəni və yaxud da digər statusun verilməyəcəyi bir daha cənab Prezident tərəfindən qeyd edilmişdir. Bu açıqlamalar kimləri isə bərk narahat edə bilər. Lakin süveren hüquqlarımızın bərpası və milli maraqlarımız həm dövlət başçımız, həm də xalqımız üçün daha əhəmiyyətlidir.

Müharibənin bitməsinin bir ili ilə əlaqədar beynəlxalq media nümayəndələrinə verilmiş sonuncu müsahibə İspaniyanın “EFE” infomasiya agentliyinə olmuşdur. Hesab edirəm ki, hörmətli Prezidentin hər müsahibəsi siyasətçilər üçün bir dərslikdir. Lakin “EFE” infomasiya agentliyinə verilmiş müsahibə xüsusi əhəmiyyətə malikdir. Bu mühahibədə dövlət başçısı Paşinyanla birbaşa görüşmək üçün hazır olduğunu ifadə etmişdir. Delimitasiya, demarkasiya işlərinin aparılması və ərazi bütövlüyünün qarşılıqlı tanınması regionda daha böyük tərəqqiyə səbəb olacaqdır. Türkiyə Prezidentinin təklif etdiyi 6-lıq formatında əməkdaşlıq modelinə dəstək verdiyimizi ifadə edən dövlət başçısı Ermənistanın öz movqeyini dəqiqləşdirməli olduğunu da vurğulamışdır. Yaratdığımız yeni reallıqlar fövqündə regionda yeni ticarət əlaqələri və iş yerləri açıla bilər. Şərqdən qərbə doğru bütün nəqliyyat qovşağı regionumuzdan keçə bilər. Bu əməkdaşlıq formatından bütün bölgə dövlətləri, eyni zamanda da region gəlir əldə edə bilər.

Minsk qrupu məsələni həll etmədi, lakin regiona əhalinin qayıtmasını təmin edə, mina xəritələrinin təhvil verilməsini, minaların yerlərinin dəqiq göstərilməsi üçün Ermənistana təyziq edə bilər. Minsk qrupunun həmsədrləri bu işlərlə məşğul olsalar daha faydalı olardı. Heç kimə fayda verməyəcək və hətta Ermənistanının özünün belə dilə gətirmədiyi status məsələsini səsləndirmək əhəmiyyətsizdir. Yenidənqurma və bərpa prosesində Avropa İttifaqı da iştirak etmək istəyir. Bu mütləq bərabər şərtlərdə və ədalətli həyata keçirilməlidir. Bizə kreditlər, humanitar yardımlar Ermənistandan daha çox lazımdır. Nəticədə 30 illik müharibənin ən böyük zərərçəkmişi Azərbaycandır.

Azərbaycan qazının Avropaya idxalının artırılması ilə bağlı verilmiş suala Prezidentin cavabı hesab edirəm ki, dünyanın ən ali siyasət və diplomatiya məktəblərində araşdırılmalı və öyrənilməlidir. Bilirsiniz ki, son günlər Rusiya Avropaya ixrac etdiyi qazın həcmini azaldıbdır. İndi Avropa yeni və etibarlı qaz təminatçısının axtarışındadır. Prezident İlham Əliyev bunu etmək potensialımızın olduğunu vurğuladı. Lakin bu qış ərzində mümkün olmadığını ifadə etdi. Əslində hesab edirəm ki, Azərbaycan bu gedişlə balanslaşdırılmış xarici siyasətini ifadə etmiş oldu. Lakin yaşadığımız regionda olan tərəfdaşlarını uzaq tərəfdaşlarına qurban verməyəcəyini də göstərdi. İndi yeni əməkdaşlıq formatları və gələcək inkişaf perspektivləri region dövlətlərinin maraqlarını müdafiə etməyin əhəmiyyətini artırır. Amma bu heç də Azərbaycanın gələcək enerji strategiyasında Avropaya ixrac olunacaq qazın miqdarının artmayacağı anlamına gəlmir. Sadəcə regionda və dünyada baş verəcək hadisələr bizim bu istiqamətdə də yol xəritəmizi müəyyən edəcəkdir.

Ümumiyyətlə, dövlət başçısının müharibə dövründə və hətta müharibədən bir il sonra verdiyi müsahibələr dünyada böyük əks-səda doğurur. Dövlət başçımızın xarizmatik şəxsiyyyəti, səsləndirdiyi siyasi bəyanatların əhəmiyyəti və verdiyi sözlərin hamısının yerinə yetirilməsi dünyada həm dövlətimizə, həm vətəndaşlarımıza, həm də dövlət başçımıza olan hörməti və diqqəti artırır.