YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məşhur Məmmədov: Azərbaycanın qalib ölkə kimi yaratdığı yeni reallıqlar Cənubi Qafqaz regionunu tezliklə sülh məkanına çevirəcək

Milli Məclisin deputatı Məşhur Məmmədov  ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin   oktyabrın 3-də  Bərdə və Tərtər, oktyabrın 4-də Cəbrayıl rayonuna səfərlərindən bəhs edərək  bildirib ki, tariximizə qələbə səhifələrinin yazıldığı  bu günlər hər bir Azərbaycan vətəndaşının yaddaşına əbədi həkk olunmalıdır: “Bu baxımdan ki, 27 sentyabr 2020-ci il tarixdən başlanan   Vətən müharibəsini qələbə əzmi ilə davam etdirən rəşadətli Azərbaycan Ordusu  oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsini və Talış kəndini, oktyabrın 4-də Cəbrayıl rayonunu  işğaldan azad etdi. İşğal altında olan torpaqlarımızda Azərbaycanın üçrəngli bayrağının dalğalandığını görməkdən xoşbəxt nə ola bilər?  Müzəffər Ali Baş Komandanın qətiyyəti sayəsində Azərbaycan Ordusu yeni  tarix yazmaqla işğalçı Ermənistana və ona dəstək göstərən dövlətlərə mesajlarını çatdırdı: Bu torpaqlar bizimdir, 30 il işğal altında qalsalar da  öz sahibinə qovaşacaqları günün mütləq olacağını bilirdilər. Bu gün bu ərazilərimizin cənnət məkana çevrilməsi istiqamətində atılan addımlar, Azərbaycanın qalib ölkə kimi yaratdığı yeni reallıqlar qarşıdakı illərin aydın mənzərəsini nümayiş etdirir  və Cənubi Qafqaz regionunun tezliklə sülh, təhlükəsizlik məkanına çevriləcəyinə əminliyi daha da artırır.”

M.Məmmədov diqqəti işğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən bərpa və quruculuq işlərinə yönəldərək  Cəbrayıl rayonunun timsalında bu ərazilərimizdə yeni həyatın başlanmasını böyük qürur hissi ilə vurğulayıb: “Cəbrayıl rayonunun  azad olunması  beş il bundan əvvəl başlamışdır. 2016-cı ilin  Aprel döyüşləri nəticəsində Cocuq Mərcanlı kəndinin azad edilməsi və orada həyata keçirilən bərpa və quruculuq işlərindən sonra sakinlərini qarşılaması Böyük Qayıdışın başlanğıcı kimi tarixə yazıldı. Dövlət başçısı İlham Əliyev   bu əminliyi   ifadə  etmişdir ki,  Cocuq Mərcanlının qısa müddət ərzində bərpası, yenidən qurulması  işğaldan azad ediləcək bütün ərazilərdə  təmir-bərpa işlərinin aparılacağını, şəhərlərin, kəndlərin yenidən qurulacağını  və   dağılmış vəziyyətdə olan ərazilərimizə  tezliklə həyat qayıdacağını göstərir.”

Millət vəkili bildirib  ki, ölkə Prezidentinin   böyük  əminliklə  söylədiyi bu fikirlərin hazırda  reallıqda öz əksini tapmasını  şərtləndirən amillər aydındır: “Azərbaycan iqtisadi müstəqilliyini təmin etdi və bu, siyasi müstəqilliyə geniş imkanlar yaratdı. Azərbaycanın uğurlarında müstəqil siyasətinin rolu inkaredilməzdir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan qonşu və bütün başqa ölkələrlə münasibətlərini müstəqil siyasət əsasında qurur. Azərbaycan  hər bir ölkənin suveren hüquqlarına hörmətlə yanaşır və tələb edir ki, öz suveren hüquqlarına da  hər kəs hörmətlə yanaşsın,  daxili işlərinə  müdaxilə etməsin. Bu gün artıq yeni reallıqlar yaranıb. Bu reallıqların  bəzi dövlətlər tərəfindən  həzm edilmədiyi göz önündədir. Belə ki, ölkəmizə qarşı  yenə də təxribat və uydurma kampaniyasının yeni dalğası başlayıb. Azərbaycan belə cəhdlərin davamlı olduğunu daim  görür və hər zaman qarşısını qətiyyətlə alıb və bu gün də alır. Ədalətə və beynəlxalq hüquqa, real faktlara və tarixi həqiqətlərə əsaslanan siyasət daim qalib olur. Necə ki Azərbaycan bunu 44 günlük İkinci Qarabağ müharibəsində  bir daha təsdiqlədi.”

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Əminəm ki, təqribən 5 il ərzində elə bir yeni Azərbaycan, yeni Qarabağ, yeni Zəngəzur quracağıq ki, bütün dünya bizə qibtə edəcək” fikirlərini önə çəkən Məşhur Məmmədov qeyd edib ki, hər bir vətəndaşının yanında olan, ona yüksək həyat səviyyəsini təmin edən möhtərəm Prezidentimiz İlham Əliyevin bu gün işğaldan azad edilmiş ərazilərimizin ən müasir şəkildə, “ağıllı şəhər” və “ağıllı kənd” layihələri çərçivəsində bərpasında və yenidən qurulmasında əsas məqsədlərdən biri   30 ilə yaxın dövrdə əziyyət çəkmiş, çadırda, vaqonun altında, yataqxanada, uşaq bağçasında dözülməz şəraitdə  yaşamış soydaşlarımıza ən yaxşı həyatı bəxş etməkdir. Ağdam və Şuşa şəhərlərinin ardınca Cəbrayıl şəhərinin bərpasının təməl daşının qoyulması, şəhərlərin baş planının ictimai rəy əsasında təsdiqlənməsi də bu məqsədə xidmət edir. Müzəffər Ali Baş Komandan  bu hədəfi də açıqlayır ki,  müharibəni Zəfərlə başa vurduq. Sülh dövrünü də Zəfərlə başlamışıq, Zəfərlə başa vuracağıq.