YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Naqif Həmzəyev: Paşinyanın Türkiyə rəhbərliyi ilə görüşmək istəyi İranı narahat edir

"30 ilə yaxın Azərbaycan torpaqları işğal altında saxlanıldı və bu işğal dövründə işğalçı Ermənistan digər dövlətlərlə diplomatik əlaqələr qurmaqda çətinlik çəkirdi".

Bunu açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Onun sözlərinə görə, Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və Cibuti kimi dövlətlər işğal dövründə Ermənistanla diplomatik əlaqələrdən yayınıblar: "Burada Azərbaycanın İslam həmrəyliyinə verdiyi töhfənin böyük rolu var idi. Ancaq İran əlaqələr qurmaqla yanaşı, Ermənistana humanitar yardım da edirdi. Azərbaycan isə səbirlə İranın müsəlman qardaşlarına qarşı səmimi mövqe sərgiləyəcəyini gözləyirdi. Amma biz bunun şahidi olmadıq. İndi İranın Azərbaycan sərhədində təlim keçirməsi müəyyən suallar doğurur. Çünki 30 il ərzində bu sərhəddə hansısa təlimlər keçirildiyini görmədik. Faktiki olaraq bu təlimlərin hansı məqsəd daşıdığı ekspertlər tərəfindən araşdırılır".
N.Həmzəyev bildirib ki, Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun regionda reallığı dəyişdirməsi Ermənistanın da Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə nəticələnəcək: "Nikol Paşinyanın Türkiyə rəhbərliyi ilə görüşmək istədiyini bildirməsi İranı narahat edir. Çünki bu, İranın Ermənistan üzərindəki təzyiqini azaldacaq. Ancaq İran unutmamalıdır ki, Azərbaycan heç vaxt öz ərazisindən bu ölkəyə qarşı istifadə edilməsinə imkan vermədi. ABŞ və digər Qərb dövlətlərinin İrana qarşı təzyiqlər tətbiq etdiyi vaxtda belə, İrana üz çevirmədi. Bu gün də biz İrana qarşı eyni münasibəti sərgiləməkdə davam edirik. Bu baxımdan İran Ermənistana yardım etməkdənsə, Azərbaycanla dostluq münasibətlərini inkişaf etdirsə, daha yaxşı olar".
"Hədəfimiz hazırda işğaldan azad olunan Qarabağ torpaqlarına öz soydaşlarımızın ən qısa müddətdə köçürülməsidir. Biz müharibədə birləşdiyimiz kimi, yenə də dövlət başçısının ətrafında birləşib bunun da öhdəsindən gələcəyik. Bu gün xaricdə və ölkədə yaşayan həmvətənlərimiz Prezident İlham Əliyevin bizi daha işıqlı gələcəyə aparacağına inanır. Ümidimiz var ki, tezliklə Azərbaycan bütün istəklərinə nail olacaq", - deputat qeyd edib.