YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazirlər Kabinetinin geniş iclasında 2022-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri, sonrakı üç il üçün icmal büdcənin göstəriciləri müzakirə olunub

Sentyabrın 24-də Baş nazir Əli Əsədovun sədrliyi ilə Azərbaycan Respublikasının 2022-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri, sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin müzakirəsinə həsr olunmuş Nazirlər Kabinetinin geniş iclası keçirilib.

İclası açan Baş nazir Ə.Əsədov 2020-ci ilin düşmən üzərində parlaq Qələbə nəticəsində Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə əlamətdar olduğunu bildirib. 44 günlük Vətən müharibəsində Qələbənin dövlətimizin başçısının rəhbərliyi, sərkərdəlik məharəti, xalqın Prezidentə birmənalı dəstəyi və onun ətrafında sıx birləşməsi, Azərbaycan Ordusunun rəşadəti və yüksək döyüş qabiliyyəti nəticəsində təmin edildiyi xüsusi vurğulanıb.

2021-ci ilin ötən dövrünün iqtisadi göstəricilərinə toxunan Baş nazir 8 ayda iqtisadi artımın 3,6 faiz təşkil etdiyini, o cümlədən qeyri-neft sektorunun 5,7 faiz artdığını, qeyri-neft sənayesində 18,4 faiz artımın qeydə alındığını bildirib.

Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə bərpa-yenidənqurma işlərinin aparılması, müasir iqtisadi sahələrin yaradılması, infrastrukturun qurulması, əsas fəaliyyət sahələri kimi, kənd təsərrüfatı, turizmin formalaşdırılması, regionda yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizinin bərpası istiqamətində işlər ən əsas prioritetlər sırasındadır və bu məsələ gələn ilin dövlət büdcəsində öz əksini tapıb.

Qeyd edilib ki, 2022-ci ildə ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, onun müasir hərbi texnika və silah-sursatla təchizatı, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da gücləndirilməsi, müdafiə sənayesinin təkmilləşdirilməsi və digər tədbirlər üçün maliyyə təminatının yaradılması əsas prioritet xərc istiqamətlərindən biri olacaq.

Azərbaycanda COVID-19 xəstəliyinin əhaliyə mənfi təsirinin minimuma endirilməsi və vəziyyətin nəzarətdə saxlanılması ilə bağlı həyata keçirilən praktiki tədbirlərdən söhbət açılıb. Bildirilib ki, 2022-ci ildə də pandemiya ilə mübarizə məqsədilə dövlət büdcəsində müvafiq məbləğdə vəsait nəzərdə tutulub.

İqlim dəyişikliklərinin yaratdığı risklərin qarşısının alınması və yarana biləcək mümkün fəsadlara adekvat cavab verilməsi Hökumət qarşısında duran ciddi vəzifələr kimi səciyyələndirilib.

Bildirilib ki, kənd təsərrüfatı sahəsində əsas prioritet keyfiyyət dəyişikliyinə nail olmaq, məhsuldarlıq və səmərəliliyi artırmaqdır.

Eyni zamanda, vurğulanıb ki, qlobal ərzaq bazarlarında bəzi məhsullar üzrə qiymətlərdə müşahidə edilən bahalaşmanın ölkənin ərzaq təminatına mənfi təsirinin qarşısının alınması, idxaldan asılılıq səviyyəsinin azaldılması və ərzaq təhlükəsizliyinin etibarlı təşkil edilməsi xüsusi diqqət tələb edən məsələlərdəndir. Bu baxımdan, dünya birjalarında buğdanın kəskin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı subsidiya dəstəyi barədə müvafiq qərarların qəbul olunduğu bildirilib.

Dövlət satınalmalarının şəffaflığının və səmərəliliyinin təmin edilməsi istiqamətində işlərin davam etdiriləcəyi, şişirdilmiş qiymətlərlə satınalmaların qarşısının qətiyyətlə alınması məqsədilə müvafiq addımların atılacağı qeyd olunub.

Tenderlər zamanı müqavilələrin bir mənbə ilə bağlanması hallarının tez-tez baş verdiyi vurğulanaraq bunun qəbuledilməz olduğu bildirilib.

Ölkədə tətbiq edilən subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə bundan sonra da ardıcıl tədbirlərin görüləcəyi diqqətə çatdırılıb.

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial islahatlar, ictimai iş yerlərinin yaradılması, məşğulluq məsələləri və aztəminatlı əhalinin sosial-rifahının yaxşılaşdırılmasının bundan sonra da diqqət mərkəzində olacağı vurğulanıb.

Şəhid ailələrinə və müharibə əlillərinə göstərilən hərtərəfli dövlət qayğısı, onlara maliyyə dəstəyinin göstərilməsi, müalicəsi və sosial durumlarının yaxşılaşdırılması məsələsinin bundan sonra da prioritet təşkil edəcəyi qeyd olunub.

Baş nazir bir daha xatırladıb ki, insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması hökumət üzvlərinin əsas vəzifələrindən biridir və bu məsələ daim diqqət mərkəzində olmalıdır.

Daha sonra gündəlikdə duran məsələlərə dair məruzələr dinlənilib, müzakirələr aparılıb.