YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Hüseynli: “Üç qardaş - 2021”: Azərbaycan-Türkiyə-Pakistan münasibətləri keyfiyyətcə yeni mərhələyə daxil olub

Əli  Hüseynli

Milli Məclisin deputatı

Məlum olduğu kimi, sentyabrın 12-dən Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin “Üç qardaş - 2021” birgə beynəlxalq təlimi başlayıb. Sentyabrın 20-dək davam edəcək birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılmasıdır.

Bu formatda birgə hərbi təlimlərin keçirilməsi dostluq və qardaşlığın növbəti təzahürü olaraq Azərbaycanla Türkiyə və Pakistan arasında əməkdaşlığın hörmət və etimada söykəndiyini təsdiq edir.

Ölkəmizin Türkiyə ilə ən yüksək səviyyədə bərqərar olmuş qarşılıqlı əlaqələri ilə bərabər tarixən formalaşan Azərbaycan – Pakistan əməkdaşlığı da daim diqqət çəkib. Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdən  Ermənistana yerini göstərmək üçün onunla sərhədlərini bağlayan Türkiyə ilə yanaşı, bu məsələdə prinsipial mövqe tutan  Pakistan Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən və Ermənistanla diplomatik əlaqələrdən imtina edən dost ölkədir. Pakistan ölkəmizin müstəqilliyini tanıyan, Azərbaycanda səfirliyini açan ilk dövlətlərdən biri olub. Eyni zamanda o, Azərbaycanın mənafeyini bütün beynəlxalq təşkilatlarda ardıcıl şəkildə müdafiə edib, Ermənistanın təcavüzünə birmənalı münasibət bildirib. Təsadüfi deyil ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən Azərbaycanın lehinə  qəbul olunmuş 4 məlum qətnamənin işıq üzü görməsində Türkiyə ilə yanaşı Pakistan böyük dəstək nümayiş etdirib .

Dünya düzənində formalaşan yeni reallıqlardan irəli gələrək bu gün də üçtərəfli formatda qurulan münasibətlər dinamik inkişaf edir, xalqlar arasında bağlılıq getdikcə möhkəmlənir. Bizi Türkiyə və Pakistana yaxınlaşdıran təkcə dini, mədəni amillər deyil, həm də mürəkkəb coğrafi məkanda yerləşən ölkələrimizin üz-üzə qaldığı siyasi problemlərin oxşarlığı və mübarizə apardığımız hədəflərin ortaq olmasıdır. Ona görə də münasibətlərimizin bu dərəcədə yüksək səviyyədə olması sadəcə dövlətlər səviyyəsində kifayətlənməyib, həm də xalqlararası münasibətlərimizə sirayət edib. 44 günlük Vətən müharibəsinin gedişində Pakistan və Türkiyə tərəfindən Azərbaycana göstərilən mənəvi-siyasi dəstək də bunun bariz ifadəsidir. 30 illik işğala son qoyan haqq savaşımızın nəticəsi olan möhtəşəm Zəfərimizin eyni coşqu və istəklə həm Türkiyədə, həm də Pakistanda qeyd olunması dünyaya bir ismarıc olaraq diqqətçəkən məqamlardandır.

Postmüharibə dövründə isə Azərbaycan-Türkiyə-Pakistan münasibətləri özünün keyfiyyətcə yeni, daha əhəmiyyətli mərhələsinə daxil olub. Bu, ilk növbədə Milli Məclis tərəfindən irəli sürülmüş parlamentlərarası üçtərəfli əməkdaşlıq formatının təsis edilməsi ilə bağlı təşəbbüsün reallaşması və tarixi Bakı Bəyannaməsinin imzalanması ilə öz təsdiqini tapıb. Bu səbəbdəndir ki, bu gün də Pakistanın Azərbaycan və Türkiyə ilə birgə ittifaqda yer alması, 2 qardaş dövlətdən 3 qardaş dövlətə keçid formulunun tətbiqi düşmənlərimizi narahat edir.

Şübhə yoxdur ki, "Üç qardaş – 2021” beynəlxalq təlimi ordular arasında mövcud olan ikitərəfli əlaqələrin daha da gücləndirilməsinə xidmət edəcək, eyni zamanda, terrorla mübarizə üçün yeni üsulların kəşf edilməsinə və qarşılıqlı təcrübə mübadiləsi yolu ilə bacarıqlarımızı inkişaf etdirməyə imkan yaradacaq. Bu layihə hər üç ölkənin hərbi qulluqçularının peşəkar hazırlıq səviyyəsinin daha da artırılmasına böyük töhfə verəcək. Eyni zamanda, "Üç qardaş - 2021" beynəlxalq təlim formatı xalqlarımızın yeni çağırışların sınaqlarından uğurla çıxmasına kömək edəcək.

Burada ən əhəmiyyətli siyasi məqamlardan biri də odur ki, Azərbaycanın bu layihədə NATO-nun üzvü statusunda Avropanın məkanında ən güclü orduya malik Türkiyə və nüvə dövləti olan Pakistan kimi qüdrətli dövlətlərlə yanaşı durması Cənubi Qafqaz bölgəsinin lideri olan ölkəmizin indi daha geniş arealda   ciddi söz sahibi kimi qəbul edilməsini şərtləndirir. Bu isə hesab edirəm ki,  ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursunun növbəti uğuru kimi dəyərləndirilməlidir.