YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident: Sahibkarlara imkanlar verilməlidir ki, gəlsinlər öz vəsaitlərini qoysunlar, iş yerləri yaratsınlar

Siz çalışmalısınız ki, rayonlara həm yerli, həm də xarici investisiyalar cəlb edəsiniz. Burada da fəallıq göstərilməlidir. Çünki özəl investisiyalar olmadan ölkəmiz istədiyimiz qədər inkişaf edə bilməz. Dövlət hər şeyi öz boynuna götürə bilməz.

Bu fikri Prezident İlham Əliyev Cəlilabad və Şəmkir rayonlarının yeni təyin olunmuş icra hakimiyyəti başçılarını videoformatda qəbul edərkən söyləyib.

Ölkə üzrə bütün quruculuq-abadlıq işlərinin dövlət investisiya xətti ilə görüldüyünü və sahibkarlara şərait yaradılmalı olduğunu vurğulayan dövlətimizin başçısı deyib: “Sahibkarlara imkanlar verilməlidir ki, gəlsinlər öz vəsaitlərini qoysunlar, iş yerləri yaratsınlar. Ancaq iş görmək istəyən sahibkar bəzi hallarda problemlərlə üzləşir, ona qarşı hansısa əsassız tələblər qoyulur, ondan pay istənilir və sahibkar da küsüb gedir, ümumiyyətlə, nə iş yeri yaradır, nə müəssisə yaradır, çıxıb gedir. Bu hallar da var. Buna da son qoyulmalıdır. Sahibkar əmin olmalıdır ki, o, ancaq dövlətin vergisini ödəməlidir, vəssalam”.

Prezident İlham Əliyev diqqətə çatdırıb ki, Cəlilabad və Şəmkir rayonlarının çox böyük potensialı, münbit torpaqları, insan resursları, hazırlıqlı kadr potensialı var. Hər iki rayonun əhalisi də kifayət qədər böyükdür, digər rayonlarla müqayisədə çox böyük sənaye və kənd təsərrüfatı, turizm potensialı var. Bunlardan səmərəli şəkildə istifadə etmək lazımdır. “Baxın, dövlət hər şeyi edib, gözəl yollar, qaz xətləri, elektrik xətləri, su xətləri çəkilib, suvarma sistemləri, su anbarları yaradılıb, xəstəxanalar, məktəblər, idman qurğuları tikilib. Qalan işləri yerlərdəki rəhbərlər etməlidirlər. Ona görə, bu da sizə verdiyim tapşırıqlardan biridir və elə işləməlisiniz ki, bir də demək istəyirəm, insanlar sizdən razı qalsınlar, rayonlarda işlər yaxşı getsin, inkişaf olsun, quruculuq olsun, abadlıq olsun. Belə olan halda siz məndən yüksək qiymət alacaqsınız. Əks təqdirdə, sizi nələr gözləyir, sizdən əvvəl işləyənlərin aqibəti daim sizin gözünüzün qabağında olmalıdır”, - deyə dövlətimizin başçısı qeyd edib.

İctimai nəzarətin əhəmiyyətindən danışan Prezident İlham Əliyev deyib: “İctimai nəzarətin gücləndirilməsi üçün siz yerlərdə təşəbbüs göstərməlisiniz ki, fəallar bu quruculuq-abadlıq işlərinə qoşulsunlar. Eyni zamanda, dövlət orqanlarında təmsil olunan məmurların işi də elə şəffaf olmalıdır ki, ictimai nəzarət də bunu təsdiqləsin. Onsuz da bizim kifayət qədər informasiya mənbələrimiz var və əgər nə isə orada düzgün istiqamətdə getməsə, kimsə əyri yolla getsə, biz ondan gec-tez xəbər tutacağıq. Ona görə, bu da nəzərə alınmalıdır”.