YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aqil Məmmədov: İctimai rəyi çaşdırmaq kimsəyə uğur gətirməz

“Azərbaycan çoxpartiyalı, plüralizmə, siyasi fəaliyyətə açıq bir ölkədir. Siyasi fəaliyyət hüququ həm konstitusiya və qanunlarla, həm də, dövlətin müəyyən etdiyi siyasətə uyğun olaraq təmin olunur. Azərbaycanda iqtidar və müxalif düşüncə, fərqli fikirlərin ifadəsi hər zaman mövcud olub, bu gün də var. Lakin, bəzi siyasətçilərin, əgər, onları siyasətçi adlandırmaq mümkündürsə, fəaliyyəti və çıxışları əndazəni aşır, antidövlət, antimillət xarakteri daşıyır”. Bu fikirləri Milli Məclisin deputatı Aqil Məmmədov bildirib.

Millət vəkili qeyd edib ki, bəzi siyasətçilər siyasi fəaliyyəti qarayaxma, hamının bildiyi həqiqətləri təhrif etmə kimi anlayırlar: “Cənab Prezident İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan bütün sahələrdə yalnız irəliləyib, inkişaf edib. Bunu dünyanın bir sıra təşkilatları da illik hesabatlarında qeyd ediblər. Aparılmış məqsədyönlü, prinsipial siyasətin nəticəsi olaraq Azərbaycan Ali Baş Komandanın rəhbərliyi ilə 30 il erməni işğalında qalan torpaqlarını azad etdi. Bu gün həmin ərazilərə həyat qayıdır, infrastruktur, nəqliyyat-kommunikasiya xətləri bərpa olunur. Füzuli Beynəlxalq hava limanı ilk sərnişin reysinin həyata keçirilməsi də bunun sübutu olaraq hamımıza qürur hissi yaşatdı. Bu işlər işğaldan azad olunmuş bütün ərazilərdə sürətlə davam etdirilir. Bu reallıqları görməzdən gələrək yalan-böhtan söyləmək, təkcə Azərbaycan iqtidarına qarşı deyil, bütövlükdə milli mövqeyə qarşı olmaqdır”.

A.Məmmədov bu sıradan son vaxtlar partiya sədri Əli Əliyevin çıxışlarının cəmiyyətdə hiddət doğurduğunu söyləyib: “Hamının bildiyi həqiqətləri təhrif etməklə heç nəyə nail olmaq mümkün deyil. Hər şeydə maksimal nəticə gözləmək reallıqla yaşamaq hissini itirmək deməkdir. Azərbaycan ərazilərinin böyük bir qisminə nəzarəti birbaşa təmin edib. Yerdə qalan ərazilərdə də dövlət suverenliyinin bərpası üçün dövlət qəti mövqedədir. Cənab Prezidentin dediyi kimi o, nəyi nə vaxt və necə edəcəyini yaxşı bilir. Bir daha qeyd edim ki, istənilən mövzuda fikir söyləmək sərbəstliyi var. Amma, ictimai rəyi çaşdırmağa yönəlmiş, tamamilə yad mövqedən məsələləri qiymətləndirmək heç kimə uğur gətirməz. Zaman-zaman sübut olunub ki, Azərbaycan xalqı yekdil şəkildə ölkə Prezidentinin ətrafında sıx birləşib və onun uğurlu siyasətinin əsas qarantıdır”.