YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistan təkcə azərbaycanlılara deyil, bütün türklərə düşmən münasibəti bəsləyir

Dünya birliyi 23 il əvvəl törədilmiş və bəşər tarixinin qara səhifələrindən biri olan Xocalı qətliamına qiymət verməlidir.
Bu fikri Mərmərə Qrupu Vəqfinin sədri Akkan Suver bildirib.
A.Suver qeyd edib ki, 1992-ci il fevralın ikinci yarısından başlayaraq Azərbaycanın Xocalı şəhəri erməni silahlı dəstələri tərəfindən mühasirəyə alınmışdı və hər gün toplardan, ağır texnikadan atəşə məruz qalırdı. Xocalı strateji mövqeyinə görə düşmənin əsas hədəflərindən birinə çevrilmişdi. Ona görə də bu şəhəri işğal etmək ermənilərin başlıca məqsədlərindən biri idi. Hələ həmin il yanvarın ilk günlərində Xocalının digər rayonlarla əlaqəsi kəsilmişdi, şəhərə elektrik enerjisi verilmirdi. Erməni silahlı dəstələrinin SSRİ dövründə Xankəndi şəhərində yerləşmiş 366-cı motoatıcı alayın zirehli texnikasının və hərbçilərinin köməyi ilə şəhərə hücumu iki saat davam edən top atəşi ilə başladı. Sonra tarixdə qara ləkə kimi qalan Xocalı soyqırımı törədildi. Nəticədə uşaqlara, qadınlara və yaşlılara fərq qoyulmadan 613 nəfər azərbaycanlı qətlə yetirildi, 1275 insan əsir götürüldü. Xocalı soyqırımı erməni hərbi birləşmələrinin Azərbaycan əsgərləri ilə döyüşünün nəticəsində baş verməmişdi. Ermənilər açıq-aşkar azərbaycanlılara qarşı qırğın törətdilər.
Mərmərə Qrupu Vəqfinin sədri diqqətə çatdırıb ki, Xocalıda törədilmiş vəhşət sözlə ifadə edilə bilməz. Dünya ictimaiyyətinin gözü qarşısında bu qətliamı törədənlər 1915-ci ilə aid yalanları uyduranların nəvələridir.
Akkan Suver qeyd edib ki, Türkiyə Ermənistanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olsa da, bundan üç ay sonra ermənilər əllərinə keçən ilk fürsətdə azərbaycanlıları qətlə yetirdilər, onları doğma torpaqlarından didərgin saldılar. Bu gün Ermənistanın dövlət bayrağında Türkiyə ərazisində yerləşən Ağrı dağının rəsmi var. Ermənistan himnində “torpaqlarımız işğal altındadır, bu torpaqları azad etmək üçün ölün, öldürün” deyilir.
Bildirilib ki, Azərbaycana düşmən kəsilən Ermənistan əslində bütün türklərə düşmən münasibəti bəsləyir. Xocalı faciəsinin ildönümündə Azərbaycan və Türkiyə birlikdə həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmalıdır. “Biz ASALA-nın törətdiyi cinayətlərin, Xocalı qətliamının insanlığa nə qədər zərər verdiyini davamlı olaraq dünyaya yaymalıyıq. Beynəlxalq ictimaiyyətə həm də çatdırmalıyıq ki, Cənubi Qafqaz regionunda sülh, sabitlik, rifah üçün Ermənistan işğal etdiyi əraziləri geri qaytarmalıdır”.
Akkan Suver deyib: “Biz qisas almaq istəyi ilə, keçmişin acıları ilə yaşamırıq. Tarixdə yaşanmış acı hadisələri gələcək nəsillərə kin və nifrətlə ötürmürük. Bütün bunlara baxmayaraq bilirik ki, Ermənistanda hələ də hər evdə 1915-ci hadisələri ilə bağlı şəkillər və əşyalarla bəzədilmiş guşələr var. Bu, kimin kin və nifrətlə yaşadığını sübut edir”.