YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Babaoğlu: Azərbaycan, Türkiyə və Pakistan parlamentləri arasında imzalanan Bakı Bəyannaməsi mühüm tarixi addım kimi səciyyələndirilməlidir

“Sürətlə dəyişən yeni dünya nizamında yeni güc mərkəzləri və yeni ittifaqlar formalaşmaqdadır. Bu isə təhlükəsizlik və tərəfdaşlıq müstəvisində maraqların koordinasiya edilməsi və uzlaşdırılması zərurətini yaradır. Bu mənada Azərbaycanın regionumuzda yaratdığı yeni şərtlər geosiyasi və geoiqtisadi baxımdan cazibədar model təşkil edir". Bu Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, qarşıda duran çağırışlar isə yeni reallığı davamlı etmək üçün uyğun strateji qərarlar qəbul etməkdir: "Elə Azərbaycan, Türkiyə və Pakistan parlamentləri arasında imzalanan Bakı bəyannaməsi də bu istiqamətdə atılan mühüm tarixi addım kimi səciyyələndirilməlidir. Əslində bir qədər geriyə qayıtsaq görəcəyik ki, yeni reallıq həm də məhz bu üç dost və qardaş ölkənin birgə səyləri nəticəsində yaranıb. O zaman bu səylərin davam etdirilməsinin bundan sonra da olduqca aktual olduğunu söyləyə bilərik. Nəzərə almaq lazımdır ki, söhbət hər üç qardaş ölkənin vahid təhlükəsizlik kəmərinin yaradılmasından gedir. Buraya isə həm iqtisadi və kommunikasiya təhlükəsizliyi məsələləri, həm də hərbi siyasi təhlükəsizlik məsələləri daxildir. Ancaq Bakı bəyannaməsi hər nə qədər üçtərəfli sənəd kimi ortaya çıxsa da onun yaradacağı əməkdaşlıq və tərəfdaşlıq imkanları bütün digər qonşu ölkələr üçün də əlverişli şərtlər yarada bilər. Bəyannamənin strateji əhəmiyyətlərindən biri də budur”.

Millət vəkilinin sözlərinə görə, hazırda Mərkəzi Asiyada, bir az da dəqiq desək Əfqanıstan ətrafında bir geosiyasi vakkum formalaşmaqdadır: “Aqressiv kənar müdaxilələr burada yeni "Yaxın Şərq" yarda bilər ki, bu da başda qardaş Türkiyə və Pakistan olmaqla region ölkələri üçün yeni təhlükəsizlik təhdidləri deməkdir. Ona görə də hər üç ölkənin milli maraqları təhlükəsizliyi təmin etmək üçün yeni təşəbbüsləri zəruri edir. Eyni zamanda hazırda Cənubi Qafqazda uzunmüddətli sülh üçün Azərbaycana bir tarixi fürsət yaradıb. Zəngəzur dəhlizinin açılması ilə biz regional inteqrasiya və əməkdaşlığın inkişafının şahidi ola bilərik. Bu isə yeni hüquqi-siyasi əsaslar tələb edəcək. Ona görə də parlamentlərin yeni qanunvericilik bazası yaratması aktuallaşacaq. Bütün bunlarla bərabər parlament diplomatiyası həm də beynəlxalq platformalarda üç ölkənin sinxron hərəkəti üçün koordinasiyalı fəaliyyəti mümkün edəcək. Bütün bunlar üçün Bakı Bəyannaməsi yaxşı əsaslar yaradacaq”.