YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında aparılan yenidənqurma işləri ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 24-də Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında aparılan yenidənqurma işləri ilə tanış olub.
Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına aparılan yenidənqurma işləri barədə geniş məlumat verdi. Bildirildi ki, uzun illər təmir olunmayan bu müalicə müəssisəsi ilk dəfədir əsaslı şəkildə yenidən qurulur.
Dövlətimizin başçısı İlham Əliyevin 2013-cü il 18 aprel tarixli Sərəncamına əsasən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında əsaslı təmir və yenidənqurma işləri aparılaraq, onu çoxprofilli tibb müəssisəsinə çevirmək məqsədilə Prezidentin ehtiyat fondundan ilkin olaraq 3 milyon manat vəsait ayrılıb. Ümumi sahəsi 6 hektar olan xəstəxananın yenidənqurma işlərinə 2013-cü ilin may ayında başlanılıb və bu ilin fevralında başa çatdırılıb.
Bu tibb müəssisəsi möhtəşəmliyi ilə yanaşı, xidmətin müxtəlifliyi ilə də fərqlənir. Xəstəxana kompleksi 3 əsas korpusdan ibarətdir. Burada doğum şöbəsi, cərrahiyyə və terapiya bölmələri fəaliyyət göstərəcək. 430 çarpayılıq xəstəxana mərkəzləşmiş havalandırma sistemi, ən müasir tibbi avadanlıq ilə təmin olunub. Palatalarda xəstələrin rahatlığı üçün hər cür şərait yaradılıb. Burada tibb işçiləri tərəfindən şəhər əhalisinə, qaçqın və məcburi köçkün ailələrinə, ətraf rayonların sakinlərinə tibbi xidmət göstəriləcək.
Xəstəxana kompleksindəki şöbələrdə müxtəlif xəstəliklərin müayinəsi və müalicəsi mümkün olacaq. Cərrahiyyə, terapiya, pediatriya, ginekologiya, yoluxucu xəstəliklər, anesteziologiya, reanimatologiya, şua-diaqnostika, fizioterapiya, qəbul şöbələri, konsultativ poliklinika, klinik laboratoriya, təcili tibbi yardım stansiyası və əməliyyat blokları tibbin ən son nailiyyətləri olan avadanlıq və cihazlar ilə təmin edilib. Səhiyyə ocağında ilk dəfə olaraq, 10 çarpayılıq dializ otağı yaradılıb ki, bu da Mingəçevirdə dializə ehtiyacı olan xəstələrin hamısını əhatə edəcək.
Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, xəstəxananın bütün infrastrukturu tamamilə yenilənib. Tibb ocağı üçün ən son tibbi texnologiyalarla təchiz olunan 5 təcili tibbi yardım avtomobili alınıb. Ərazidə əqli və fiziki cəhətdən zəif olan uşaqlar üçün Reabilitasiya Mərkəzi də tikilib.
Yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev xəstəxananın kollektivi ilə görüşdü.