YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mübariz Qurbanlı: Ölkəmizdə dini maarifləndirmə sahəsində ciddi işlər həyata keçirilib

Ulu öndər Heydər Əliyevin Fərmanı ilə yaradılan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ötən illər ərzində fəaliyyətini xeyli genişləndirib. Ötən əsrin 90-cı illərinin sonlarında müstəqilliyini bərpa edən Azərbaycan dövlətinin qarşısında çox mühüm vəzifələr dururdu. Bunlar iqtisadiyyat, beynəlxalq münasibətlər, ölkədaxili siyasət, o cümlədən milli-mənəvi dəyərlərimiz və ideoloji fəaliyyətlə bağlı idi. Bu vəzifələr məhz Ulu Öndərin siyasi hakimiyyətə qayıdışından sonra həyata keçirilməyə başladı. Azərbaycanda dövlət siyasətinin mühüm istiqamətlərindən biri də dövlət-din modelinin müəyyənləşdirilməsi idi. Müstəqilliyini bərpa etmiş Azərbaycanın ilk Konstitusiyasında nəzərdə tutulan 4 əsas prinsipdən biri dünyəvilik idi. Dünyəvilik Azərbaycanda dövlət-din modelinin əsasını təşkil etdi ki, bütün bunlar da Azərbaycanın qanunvericiliyində, o cümlədən dini etiqad azadlığında əksini tapıb. Azərbaycan Konstitusiyasında vicdan azadlığı da təsbit edilib.

Bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı komitənin yaradılmasının 20 illiyi münasibətilə jurnalistlərə açıqlamasında bildirib.

Komitə sədri qeyd edib ki, son dövrlər ölkəmizdə dini maarifləndirmə sahəsində ciddi tədbirlər həyata keçirilib. Eyni zamanda, Azərbaycanın dövlət–din modelinin dünyaya örnək kimi çatdırılması istiqamətində bir sıra işlər görülüb. Bundan əlavə, müharibə dövründə ermənilərin müharibəni dini müstəviyə keçirmək cəhdlərinin qarşısını alınmasında Azərbaycandakı dini konfessiyaların nümayəndələri böyük fəallıq göstəriblər.

M.Qurbanlının sözlərinə görə, hazırda işğaldan azad edilmiş ərazilərdə dini ibadət yerlərinin bərpası istiqamətində ciddi tədbirlər həyata keçirilir. İşğalçı ermənilər azad edilən ərazilərdəki bütün dini abidələri demək olar ki, dağıdıblar. 67 məsciddən cəmi 1 məscid qalıb, onu da erməniləşdirməyə çalışıblar. Digər məscidlər yarıdağılmış vəziyyətdə olub və ya tamamilə məhv edilib.

Bildirilib ki, işğaldan azad olunan ərazilərdəki pravoslav kilsələr də ya dağıdılıb, ya da erməniləşdirilməyə çalışılıb. Həmin ərazilərdə İslama aid dini abidələr içərisində məscidlərin bərpası istiqamətində artıq işlərə başlanılıb. O cümlədən Qafqaz Albaniyasına aid dini məbədlərə Alban-Udi Dini İcmasının nümayəndələrinin səfərləri təşkil edilir. Həmin kilsələrin də bərpası istiqamətində addımlar atılır. Bu işlər müvafiq dövlət qurumları tərəfindən həyata keçirilir.