YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Anar Məmmədov: Azərbaycan–Türkiyə əlaqələri Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” tezisinə əsaslanır

“Azərbaycan–Türkiyə əlaqələri Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” tezisinə əsaslanır. Atılan qəti addımlar Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə dönmədən inkişaf etdirilməsinə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlər zəminində də əsl qardaşlıq nümayiş etdirmələrinin əməli göstəriciləri, mühüm nəticələridir”. Bu fikirləri Milli Məclisin deputatı Anar Məmmədov deyib.

Deputat bildirib ki, 44 günlük Vətən müharibəsinin gedişində qardaş Türkiyə həmişə Azərbaycanın yanında oldu, Qarabağ problemini öz problemi hesab etdi: “Təcavüzkar Ermənistanın havadarlarının təzyiqləri ilə qarşılaşan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qətiyyətlə bildirirdi ki, onun ölkəsi ədalətin, haqq işinin tərəfindədir və ona görə də Azərbaycanı dəstəkləməkdə davam edəcək. O, xəbərdarlıq edirdi ki, Ankara Ermənistan-Azərbaycan müharibəsinə üçüncü tərəfin qarışmasına dözməyib hadisələrin gedişinə dərhal müdaxilə edəcək. Bu baxımdan Vətən müharibəsi dövründə Türkiyənin bütün dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdilər. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Beləliklə, bu gün Türkiyə Azərbaycanın qələbəsindən sonra ərazidə sülhün qorunması prosesində də yaxından iştirak edir.”

Millət vəkilinin sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi bu gün dünyada Azərbaycan və Türkiyə dövlətləri kimi əsl qardaş ölkələr göstərmək mümkün deyildir: “Çoxəsrlik böyük tarixi ənənələrə, dərin köklərə malik olan Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan mərhələsi xalqlarımızın və ölkələrimizin şanlı birlik salnaməsinə pozulmaz yeni və parlaq səhifələr əlavə edir.

Hazırda siyasi müstəvidə ölkələrimiz arasında yüksək səviyyədə münasibətlər formalaşır, iqtisadi sahədə əlaqələrin daha da gücləndirilməsinə dair mühüm addımlar atılır. Azərbaycan və Türkiyənin mövcud potensialı iqtisadi sahədə əlaqələrin, xüsusən də qarşılıqlı ticarət dövriyyəsinin həcminin xeyli dərəcədə artırılmasına imkan verir. Həmçinin Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin istifadəyə verilməsi Azərbaycanın, Türkiyənin və digər ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayır.”

A.Məmmədov qeyd edib ki, iki ölkə arasında yüksələn xətlə inkişaf edən münasibətlər hər iki ölkənin hakim partiyaları arasında olan münasibətlərin də artıq yeni müstəviyə keçməsindən xəbər verir: “Belə ki, YAP-ın nümayəndə heyətinin Türkiyənin Ədalət və İnkişaf Partiyasının dəvəti ilə Ankara şəhərində səfərdə olması, eyni zamanda hər iki ölkənin hakim partiyaları - Ədalət və İnkişaf Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlığa dair niyyət protokolunun imzalanması məhz iki ölkənin siyasi arenasında müxtəlif istiqamətlərdə yaxınlaşmanın müjdəçisidir. Belə ki, YAP və AKP sədrlərinin – dövlət başçılarının tapşırıqları əsasında iki qardaş ölkənin hakim partiyaları arasında çoxistiqamətli əlaqələrin daha da inkişaf etdirilməsi milli ideologiyaların inkişafına, birgə sosial layihələrin işlənib hazırlanmasına, qarşılıqlı təcrübə mübadilələrinə, eləcə də millət vəkillərinin beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyəti üzrə koordinasiyanın yaradılmasına təkan verəcəkdir. Bir sözlə, bütün dünyaya nümunə olan və daim güclənən Azərbaycan və Türkiyə münasibətləri dayanmadan inkişaf edir, əməkdaşlığın yüksək səviyyəsi hərtərəfli əlaqələrin gücündən və sarsılmazlığından xəbər verir. Bu baxımdan dostluq və qardaşlıq əlaqələri ölkələrimiz arasında digər sahələrdə olduğu kimi hakim siyasi partiyaların münasibətlərinin də bundan sonra nümunəvi məcrada dinamik şəkildə inkişaf edəcəyinin bariz nümunəsidir”.

 

 

DİGƏR Xəbərlər Arxiv