YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan və Türkiyənin mövcud əməkdaşlıq potensialı qardaşlığımızı daha da möhkəmləndirir

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dost və qardaş ölkə Türkiyə ilə bütün sahələrdə əlaqələr davamlı yüksələn xətt üzrə inkişaf edir. Türkiyə və Azərbaycanın münasibətləri möhkəm təməllərə malikdir. Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı siyasi, iqtisadi, mənəvi, eləcə də geostrateji mahiyyəti ilə ötən dövr ərzində öz təsdiqini tapıb. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Dövlətlərimiz arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.

Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, atılan qəti addımlar Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir. Prezident İlham Əliyev müxtəlif beynəlxalq tədbirlərdə həmişə qardaş ölkəyə birmənalı dəstək verməyin əsl örnəyini nümayiş etdirib. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir. Hər iki ölkənin rəhbərliyinin sıx münasibətləri xalqlarımız üçün də, dünya birliyi üçün də nümunədir.

Deputatın sözlərinə görə, ölkələrimizin iqtisadi potensialı qardaşlığımızın gücünü və qüdrətini artırır: “Azərbaycan və Türkiyənin mövcud potensialı əlaqələrin iqtisadi sahədə, xüsusən də qarşılıqlı ticarət dövriyyəsinin həcminin indiki ilə müqayisədə xeyli dərəcədə artırılmasına imkan verir. Bu istiqamətdə bir sıra mühüm addımlar atılıb. Türkiyə ilə Azərbaycan arasında qaz satışı və nəqli ilə bağlı bütün məsələlər razılaşdırılıb. Ölkələrimiz arasında yeni sazişin imzalanması isə böyük bir coğrafi məkanda reallaşdırılan enerji siyasətinin əsas konturlarını müəyyən edən mühüm faktorlardan biri olacaq. Çünki Avropa İttifaqının, digər Qərb ölkələrinin böyük ümidlərlə baxdığı “Nabucco” kəmərinin inşa edilməsi xeyli dərəcədə məhz Azərbaycanla Türkiyə arasında razılaşdırılan yeni qaz sazişindən keçir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin istifadəyə verilməsi Azərbaycanın, Türkiyənin və digər ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayır. Bir məqama xüsusi diqqət yetirmək lazımdır ki, işğal olunmuş Azərbaycan torpaqlarının 2020-ci ildə əks-hücum əməliyyatı ilə erməni qəsbkarlarından azad edilməsi zamanı Türkiyə dövlətinin və onun Prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək sözün həqiqi mənasında təmənnasız qardaşlığın təntənəsi idi. Vətən müharibəsi dövründə Türkiyənin bütün dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sahələrdə böyük əzmkarlıq göstərdilər. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi cənab Rəcəb Tayyib Ərdoğanın dediyi kimi: “Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır”.

Sevinc Fətəliyeva münasibətlərin daha da möhkəmlənməsində hər iki ölkənin hakim partiyalarının da rolunu vurğulayıb. Siyasi müstəvidə əməkdaşlığın güclənməsində YAP nümayəndə heyətinin bir neçə gün əvvəl Türkiyəyə səfəri və səfər zamanı aparılan müzakirələrin, əldə edilən razılaşmaların da böyük əhəmiyyət kəsb etdiyini vurğulayan deputat deyib: “İyunun 1-3-də YAP-ın nümayəndə heyəti Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) dəvəti ilə Ankara şəhərində səfərdə olub. Nümayəndə heyətini qəbul edən Türkiyə Prezidenti Türkiyə-Azərbaycan əlaqələrinin hazırkı mərhələyə çatmasında Azərbaycan Prezidentinin rolunu yüksək qiymətləndirdiyini vurğulayıb, bundan sonra da bölgədə sülhün bərqərar olması və iki qardaş ölkənin münasibətlərinin daha da inkişaf etdirilməsi işinə Prezident İlham Əliyevin mühüm töhfələr verəcəyinə əmin olduğunu ifadə edib, hər iki tərəfdən hakim partiyaların roluna toxunaraq partiya funksionerlərinin fəaliyyətlərini yeni çağırışlara uyğunlaşdıra bilmələrinin vacibliyini qeyd edib”.

Deputatın sözlərinə görə, bu səfər göstərir ki, hər iki ölkənin hakim partiyaları arasında uzun illərdir davam edən əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. Əməkdaşlığa dair niyyət protokolu partiya təcrübəsinin öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Partiya liderləri arasında olan dostluq münasibətləri YAP və AKP arasında əlaqələrin daha da yaxınlaşmasına, uğurlu təcrübə mübadiləsinə təkan verəcəyinə əminlik yaradır. Dostluq və qardaşlıq əlaqələri ölkələrimiz arasında digər sahələrdə olduğu kimi hakim siyasi partiyaların münasibətlərində də nümunəvi məcrada dinamik şəkildə inkişaf edəcək. “44 günlük Vətən müharibəsindəki tarixi qələbədən sonra qardaş ölkənin aparıcı şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq işlərində yaxından iştirakı iqtisadi əlaqələrin inkişafında yeni dövrün başlanğıcının əsasını qoydusa, YAP ilə AKP arasında imzalanmış niyyət protokolu iki ölkənin siyasi arenasında müxtəlif istiqamətlərdə yaxınlaşmanın ifadəsidir”, - deyə o qeyd edib.