YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şair Ramaldanov: “YAŞAT” Fondu heç bir müraciəti diqqətdən kənar saxlamır

““YAŞAT” Fondu şəhid ailələrinin, qazilərin yanında olan doğma fonddur. Fonda daxil olan müraciətlərə, “YAŞAT” marafonunun nəticələrinə əsasən deyə bilərik ki, dövlət başçısının fərmanı ilə yaradılan Fond xalqın etimadını qazana bilib, həqiqətən də yaşada bilib”.

Bu barədə “Yeni TV”nin canlı yayımında “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü Şair Ramaldanov bildirib.

Onun sözlərinə görə, Fond heç bir müraciəti diqqətdən kənar saxlamır:  ““YAŞAT” Fondu şəhid ailələri və qazilərlə iş sahəsinə yenilik gətirdi. İndiyə qədər şəhid ailələri, qazilər müvafiq qurumlara müraciət edib, müəyyən problemlərin həlli üçün gözləyirdilərsə, Fond bu prinsipi bir qədər dəyişdi. Yenilik odur ki, “YAŞAT” Fondu özü ailələrə getdi. Şəhid ailələri hələ bu statusu almamışdan öncə Fondun nümayəndələri rəsmi təsdiqlənməni gözləmədən onların yanında oldu. Biz onların ağrısına şərik olduq. Düşünürəm ki, bizim maddi dəstəkdən çox mənəvi olaraq onların yanında olmağımız ailələr üçün daha önəmli idi. “Siz nə istəyirsiniz, problemləriniz nədir? Ağrınızı az da olsa yüngülləşdirmək üçün xalqın fondu olaraq nə edə bilərik?” suallarını verməyimiz onların yanında olduğumuzu göstərirdi”. 

Proseslərin şəffaf olduğunu Ş.Ramaldanov müvafiq portalın yaradılmasını bu baxımdan çox vacib hesab edir: “Portalda hansı ailəyə hansı formada nə qədər məbləğdə yardım olunması ilə bağlı bütün detallı informasiyalar yerləşdirilib, bu barədə videomateriallar saytda əks olunub. Yerinə yetirilməkdə olan müraciətlər barədə də məlumatlar var. Qazilərlə bağlı məsələyə gəlincə, əlil hüquqi cəhətdən əlillik dərəcəsi alan şəxs sayılır. “YAŞAT” Fondu bu sahədə də onların dərəcə almağını gözləmədən, tibbi arayış əsasında müharibədə yaralananları himayəsinə aldı. Onların müalicəsi ilə bağlı böyük işlər görüldü, xarici mütəxəssislər ölkəyə dəvət olundu. Eyni zamanda, burda müalicəsi mümkün olmayan qazilər Türkiyəyə göndərildi. İndi də proses davam edir”.

“YAŞAT” Fondunun yeni layihələri barədə də məlumat verən Şair Ramaldanovun sözlərinə görə, əmək qabiliyyəti olan qazilər üçün fondun maliyyə dəstəyilə kurslar təşkil olunacaq: “Kurslarda müxtəlif peşələr üzrə qazilərə treninqlər keçiriləcək və onlar müvafiq peşəyə yiyələnəcəklər. Qazilərin işlə təminatı üçün də kifayət qədər çox işlər görülür. Hazırda Fondun bütün heyəti şəhid ailələri və qazilərdən ibarətdir. Fond adına uyğun olaraq özünü doğruldub. Biz onları yaşadırıq və yaşatmalıyıq”.