YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

EANA-nın rəhbərliyi azərbaycanlı jurnalistlərin həlak olmasından kədərləndiyini bildirib

Avropa Xəbər Agentlikləri Alyansının (EANA) saytında Azərbaycanın işğaldan azad olunmuş ərazilərində xidməti vəzifələrini yerinə yetirən AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimovun, Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun və yerli icra hakimiyyətinin nümayəndəsi Arif Əliyevin mina partlayışı nəticəsində həlak olması ilə əlaqədar başsağlığı dərc edilib.

EANA-nın rəhbərliyi bu faciəvi hadisədən təəssüfləndiyini bildirib, həlak olanların ailə üzvlərinə başsağlığı verib, qurumun üzvü AZƏRTAC-a dəstəyini ifadə edib.

Qeyd edilib ki, EANA jurnalistlərin qorunmasının və onların peşə fəaliyyətinə demokratik cəmiyyətlərin təməl prinsiplərinə uyğun olaraq hörmətlə yanaşılmasının vacibliyini vurğulayır.

“Təəssüf ki, jurnalistlər münaqişə bölgələrində vəziyyəti işıqlandırarkən davamlı olaraq təzyiqlərə məruz qalıb, bu da sonda AZƏRTAC-dan olan həmkarımızın ölümü ilə nəticələnib. Bu hadisə bizi dərindən kədərləndirib”, - deyə başsağlığında vurğulanır.

Başsağlığını EANA-nın prezidenti, DPA agentliyinin baş icraçı direktoru Piter Kropş, İdarə Heyətinin üzvü, Albaniya Teleqraf Agentliyinin (ATA) baş icraçı direktoru Armela Krasniqi, İdarə Heyətinin üzvü, Böyük Britaniyanın “Press Association” (PA) agentliyinin icraçı direktoru Klayv Marşal, İdarə Heyətinin üzvü, Çexiyanın CTK agentliyinin baş direktoru Jiri Majstr və EANA-nın baş katibi Alexandru İon Giboi imzalayıblar.

Qeyd edək ki, EANA qitənin 32 aparıcı xəbər agentliyini birləşdirir. AZƏRTAC 2008-ci ildən Alyansın üzvüdür.

 

DİGƏR Xəbərlər Arxiv