YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin sədri: Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı ilə əlaqələrin inkişafına böyük önəm verir

Mayın 31-dən iyunun 4-dək Azərbaycanın parlament nümayəndə heyəti Pakistan İslam Respublikasında rəsmi səfərdə oldu. Səfər çərçivəsində İslamabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İkinci Ümumi Konfransı keçirildi.

Konfransda bildirildi ki, Azərbaycan nüfuzlu beynəlxalq qurumlarla, o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatı ilə əlaqələrin inkişafına böyük önəm verir. Təşkilatın üzvü olan ölkələr arasında çoxşaxəli əməkdaşlığın dərinləşdirilməsi günün tələbidir.

Bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin iyunun 8-də keçirilən iclasında deyib.

Sahibə Qafarova qeyd edib ki, konfransda Azərbaycan ərazilərinin 30 ilə yaxın Ermənistan tərəfindən işğalı ilə üz-üzə qalsa da, uğurlu regional layihələrin həyata keçirilməsinə nail olduğu, enerji təhlükəsizliyinin təmin edilməsində və enerjinin ixrac marşrutlarının şaxələndirilməsində mühüm tərəfdaşa çevrildiyi vurğulanıb.

Konfrans çərçivəsində qadın parlament üzvlərinin iclasının ilk sessiyasına sədrlik etdiyini deyən Sahibə Qafarova diqqətə çatdırıb ki, konfransın ayrı-ayrı mövzulara həsr edilən panel iclaslarında Azərbaycan nümayəndə heyətinin üzvləri də iştirak ediblər.

“Konfrans çərçivəsində Azərbaycan nümayəndə heyətinin keçirdiyi ikitərəfli görüşlərdə torpaqlarımızın 30 ilə yaxın erməni işğalı altında olması, erməni vandallarının işğal dövründə şəhər və kəndlərimizi viran qoyması, 44 günlük Vətən müharibəsi nəticəsində işğalın aradan qaldırılması və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, eləcə də müharibədən sonrakı dövrdə Ermənistanın minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsi, bu səbəbdən hərbi qulluqçularımızın və dinc sakinlərin minalara düşərək həlak olması barədə məlumatlar hər bir nümayəndə heyətinin nəzərinə çatdırıldı”, - deyən S.Qafarova bildirib ki, tədbirin yekunu olaraq imzalanan İslamabad Bəyannaməsinin müddəaları təşkilat üzvlərinin bölgələrimizdə tərəfdaşlıq və əməkdaşlıq proseslərini inkişaf etdirmək əzmində olduqlarını bir daha göstərdi.