YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ceyhun Əhmədli: 44 günlük Vətən müharibəsində Rusiyanın obyektiv, bitərəf mövqe sərgiləməsi erməni cəmiyyətində birmənalı qarşılanmayıb

“44 günlük Vətən müharibəsində Rusiyanın obyektiv, bitərəf mövqe sərgiləməsi, postmüharibə dövründə, xüsusən sərhəddəki insidentlə bağlı rəsmi Moskvanın obyektiv yanaşması erməni cəmiyyətində birmənalı qarşılanmayıb. Bu, həqiqətdir ki, bu gün Ermənistan cəmiyyətində Rusiyaya yönələn böyük nifrət, narazılıq var”.

Bunu “Yeni TV”nin canlı yayımında politoloq Ceyhun Əhmədli deyib.

Onun sözlərinə görə, son hadisələr Paşinyanın hakimiyyətə gəlməsilə antiRusiya ritorikası formalaşmış erməni cəmiyyətində nifrəti daha da dərinləşdirib: “Belə şəraitdə siyasi qüvvələr özünü qərbpərəst göstərməyə çalışır. Seçiləcəkləri təqdirdə Qərblə əməkdaşlığa xüsusi diqqət yetirəcəklərini cəmiyyətə təlqin etməyə çalışırlar. Baş nazir vəzifələrini icra edən Paşinyanın Belçika və Fransaya səfəri də bu aspektdən dəyərləndirilməlidir. Təkcə erməni cəmiyyətinin yox, Ermənistan hakimiyyətinin də Rusiyadan narazılığı var. Ermənistan rəhbərliyi Rusiyanın obyektiv mövqeyinə görə, qıcıq yaratmaq, Moskvanın diqqətini çəkmək istəyir. Yəni mənim alternativim var. Rusiya Ermənistanı dəstəkləməsə, Qərb dövlətlərilə əməkdaşlıq genişləndiriləcək. Fransaya səfər zamanı Paşinyan dedi ki, Ermənistan Fransanın regionda daha aktiv iştirakında maraqlıdır. Xatırlayırsınızsa, bundan öncə isə demişdi ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan-Azərbaycan sərhəddində dayansın. Yəni, iki ölkənin sərhədçiləri deyil, yalnız həmsədrlərdən ibarət beynəlxalq müşahidəçi qrupu sərhəddə yerləşdirilsin. Bu açıqlama birmənalı şəkildə ABŞ və Fransanı regiona cəlb etmək məqsədi daşıyır”.