YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Suraxanı rayon təşkilatı Uşaqların Beynəlxalq Müdafiəsi Gününü şəhid övladları ilə birgə keçirdi

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə karantin qaydaları çərçivəsində Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatında şəhid övladları ilə tədbir təşkil olunmuşdur. Bakı Uşaq və Gənclər Teatrının təşkilati dəstəyi ilə həyata keçirilən tədbirə Suraxanı rayonunda yaşayan bir qrup şəhid övladları dəvət olunmuşdur. Uşaqlar üçün müxtəlif səhnəciklərin təqdim olunduğu görüşdə məqsəd şəhid övladlarının atalarının yoxluğunun onlarda formalaşdırdığı ağır mənəvi - psixoloji sarsıntını ən azından bir az da olsa yüngülləşdirmək idi.

Görüşü giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə şəhid övladlarını səmimi qəlbdən təbrik edərək onlara mehriban, əmin-aman, xoşbəxt və firəvan bir dünya arzu etdiyini bildirmişdir. O demişdir ki, uşaqlarımızın bu il qalib xalqın qalib övladları kimi 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd etməsi və gələcəkdə gözəl günlər yaşaması üçün bir çox uşaqların ataları, əmiləri, dayıları öz canlarını, həyatlarını, sağlamlıqlarını qurban vermişlər.  Vüqar Seyidov Vətən Müharibəsində canlarını qurban verənlərin bir çoxlarının 18-20 yaşlarında gənclər olduğunu və cəmi bir neçə il əvvəl onların özlərinin də uşaq olduqlarını görüş iştirakçılarının diqqətinə çatdıraraq övladlarımızın düzgün, milli-mənəvi, vətənpərvərlik ruhunda tərbiyə olunması nəticəsində qələbə qazana bildiyimizi xüsusi ilə vurğulamışdır.

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov onu da qeyd etmişdir ki, bugün şəhid ailələrinin və qazilərin övladları ən gözəl təbriklərə layiq görülür, qayğı və diqqətlə əhatələnirlər. İstər dövlət başçısı cənab İlham Əliyev, istərsə də çox hörmətli Mehriban xanım Əliyeva şəhid ailələri və qazilərin uşaqlarının sosial, mənəvi-psixoloji durumlarını daim diqqətdə saxlamaqla əslində xalqımızın birliyini də təmin etmiş olurlar. Biz də YAP Suraxanı rayon təşkilatı olaraq cənab Prezidentin  və çox hörmətli birinci vitse-prezidentin bu sahədə gördüyü sosial yönümlü işləri öz fəaliyyətimizdə etalon kimi qəbul edirik.

Bakı Uşaq və Gənclər Teatrının bədii rəhbəri və direktoru, Azərbaycan Respublikasının Əməkdar artisti İntiqam Soltan da çıxış edərək sənət adamlarının öz “silahları” ilə hər zaman şəhid ailələrinin, övladlarının qayğılarını çəkməyə hazır olduqlarını demişdir.

Tədbirin sonunda YAP Suraxanı rayon təşkilatı şəhid övladlarına hədiyyələr təqdim etmişdir.