YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ceyhun Bayramov: Ermənistanın minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsi ciddi narahatlıq doğurur

Mayın 21-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurası Nazirlər Komitəsinin 131-ci iclasında iştirak edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, iclasda çıxış edən nazir bu il yanvarın 25-də Azərbaycanın Avropa Şurasına üzvlüyünün 20-ci ildönümü tamam olduğunu vurğulayıb. C.Bayramov deyib ki, Avropa Şurasına üzv olduğu müddətdə Azərbaycan bu təşkilat və onun müxtəlif təsisatları ilə bütün istiqamətləri üzrə konstruktiv əməkdaşlığa fəal şəkildə cəlb edilib, bu əməkdaşlığın qarşılıqlı hörmət və anlayış əsasında davam etdirilməsində maraqlı olub.

Nazir Ceyhun Bayramov cari ilin Azərbaycanın 1991-ci ildə müstəqilliyinin bərpasının 30-cu ildönümünün qeyd olunduğu və müstəqillik dövründə ilk silahlı münaqişəsiz il olduğunu vurğulayıb. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış üçtərəfli Bəyanatın Ermənistan ilə Azərbaycan arasında 30 ilə yaxın davam edən silahlı münaqişəyə son qoyduğu diqqətə çatdırılıb. Bu sənədin iki ölkənin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət əsasında Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması üçün lazımı şərait yaratdığı iclas iştirakçılarının diqqətinə çatdırılıb.

Eyni zamanda, C.Bayramov hələ də Ermənistan tərəfindən 10 noyabr tarixli Bəyanatdan və ümumilikdə beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərin pozulmasının şahidi olduğumuzu təəssüflə qeyd edib. Bu xüsusda, Ermənistanın hələ də Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yerləşdirilmiş minaların xəritələrini verməkdən imtina etməsinin, eləcə də Ermənistan 1991-1994-cü illər ərzində Azərbaycana qarşı törətdiyi hərbi təcavüz nəticəsində itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyi barədə məlumatı təqdim etməməsinin ciddi narahatlıq doğurduğu vurğulanıb.

Nazir Avropa Şurası da daxil olmaqla, beynəlxalq ictimaiyyəti Ermənistanı revanşist fəaliyyət və Azərbaycana qarşı nifrətdən imtina edərək, davamlı sülh, regional əməkdaşlıq və inkişaf üçün nadir imkandan istifadə etməyə inandırmaqda qətiyyət nümayiş etdirməyə çağırıb.

Ceyhun Bayramov çıxışında Avropa Şurası Nazirlər Komitəsində sədrliyini müvəffəqiyyətlə başa vurması münasibətilə Almaniyanı təbrik edib və Macarıstana gələcək sədrliyi dövründə Azərbaycanın tam dəstəyini ifadə edib.