YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Məmmədyarov: Azərbaycan hər zaman İslam ümməti ilə onun kədər və problemlərinin bölüşməsində həmrəy olmuşdur

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində Ərəb Dövlətləri Liqası-Mərkəzi Asiya-Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumunda çıxış etmişdir. 

Elmar Məmmədyarov bildirmişdir ki, Ərəb dövlətləri ilə tarixi, dini və mədəni bağlılığı olan bir ölkə kimi, Azərbaycan Respublikası həmişə Ərəb Dövlətləri Liqasının hər bir üzvü ilə möhkəm ticari, iqtisadi və siyasi sütunlara söykənən münasibətlərin inkişafına xüsusi önəm vermişdir. Həmçinin Ərəb dövlətləri ilə olan dostluq əlaqələri İslam Əməkdaşlıq Təşkilatı, Ərəb Dövlətləri Liqası və Fars körfəzi ölkələrinin əməkdaşlıq şurası çərçivəsində mühüm və uzunmüddətli əməkdaşlıq üçün yol açmışdır. Buna görə də məntiqlidir ki, Azərbaycan əvvəldən Ərəb Dövlətləri Liqası-Mərkəzi Asiya-Azərbaycan Forumu təşəbbüsünü alqışlamış və onun irəliləyişində fəal iştirak etmişdir. Qətiyyətlə inanırıq ki, bu mexanizm bizim siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığımızın keyfiyyətcə yeni səviyyəyə qalxmasına xidmət edəcək və daha çox qarşılıqlı anlaşma, hörmət və dəstəyi təmin edəcəkdir.

Nazir demişdir: “Azərbaycan hər zaman İslam ümməti ilə onun kədər və problemlərinin bölüşməsində həmrəy olmuşdur. Bizim dəstəyimiz Azərbaycanın 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasına (TŞ) üzvlüyü zamanı xüsusilə aşkar və faydalı olmuşdur. Ərəb Dövlətləri Liqasının baş katibi Nabil Əl-Ərəbiyə ünvanladığım məktubumda da qeyd etdiyim kimi, Azərbaycan BMT Təhlükəsizlik Şurasında İslam ümmətinin haqq işinə sadiq qalmış və təşkilatdakı müzakirələrin predmeti olmuş Fələstin, Suriya böhranı, Sudan, İraq və Yəmən məsələlərində fəal mövqe nümayiş etdirmişdir. Bundan əlavə, 2013-cü il oktyabrın 28-də Azərbaycanın təşəbbüsü və sədrliyi ilə ilk dəfə BMT Təhlükəsizlik Şurasının və İslam Əməkdaşlıq Təşkilatının “BMT və İƏT arasında birgə əməkdaşlığın gücləndirilməsi” mövzusunda xüsusi iclası keçirilmişdir. Bu tarixi görüşün nəticəsində BMT TŞ-yə qeyri-daimi üzv olan İƏT üzvünün sədrliyi ilə ildə iki dəfə belə iclasın keçirilməsi haqda razılıq əldə olunmuşdur.

Bu baxımdan, biz qardaş Fələstin xalqını və onların sülh, sabitliyə nail olunması, suveren və müstəqil Fələstin dövlətinin yaradılması üçün göstərdiyi səylərini dəstəklədiyimizi bir daha təkrar edirik. Biz BMT Baş Məclisinin Fələstinə BMT-yə üzv olmayan müşahidəçi dövlət statusu vermək qərarını və Fələstin dövlətinin UNESCO-ya qəbulu kimi bir sıra həvəsləndirici hadisələr və müsbət irəliləyişlərin şahidi olmaqdan məmnunuq.
Həmçinin Azərbaycan Suriyada regional və beynəlxalq təhlükəsizliyi təhdid edən və bir çox günahsız həyatların itirilməsinə səbəb olan zorakılığın artmasından olduqca narahatdır. Biz Suriyadakı böhranın sülh yolu ilə həllinin tapılması üçün BMT və Ərəb Dövlətləri Liqasının səylərini dəstəkləyirik.
Çox təəssüf ki, biz hələ də dinlərin diffamasiyası, dini nifrətə təhrik və islamofobiya kimi çağırışların davam etməsi ilə üzləşirik. Həmçinin bu Forum sivilizasiyalararası dialoqun möhkəmləndirilməsi və stereotiplərin qarşısının alınmasında faydalı ola bilər.

Bildiyiniz kimi, Ermənistan Azərbaycan ərazilərini hərbi işğal altında saxlamaq və bir milyondan artıq qaçqın və məcburi köçkünün öz doğma yurd-yuvalarına qayıtmasının qarşısını almaq üçün gücdən istifadə etməyə davam edir. Həm Ermənistan ərazisində, həm də işğal olunmuş ərazilərdə təhqirə məruz qalmamış Azərbaycan məscidi və digər müqəddəs yer, dağılmamış mədəni və tarixi abidələrimiz qalmamışdır.

Daha bir ciddi narahatlıq doğuran məsələ Ermənistan tərəfindən demoqrafik vəziyyəti dəyişmək və öz işğalını möhkəmləndirmək məqsədi ilə Azərbaycanın işğal olunmuş ərazilərində Suriya ermənilərinin yerləşdirilməsidir. Bu kimi fəaliyyət beynəlxalq hüquq baxımından qeyri-qanunidir və dərhal dayandırılmalıdır.
Biz zəbt olunmuş torpaqlarda həyata keçirilmiş məlum etnik təmizləmə ilə müşayiət olunan Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğalını və təcavüzünü pisləyən davamlı mövqeyinə görə bir daha İslam ümmətinə dərin minnətdarlığımızı bildiririk. Biz İslam ümmətinə BMT Təhlükəsizlik Şurasının, İƏT və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələrində tələb olunduğu kimi, Azərbaycanın bütün işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin dərhal, qeyd-şərtsiz və tam çıxarılmasına səsləyən yekdil çağırışına görə xüsusilə minnətdarıq. Biz inanırıq ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair bu mövqe bütün Ərəb Dövlətləri Liqasına üzv qardaş ölkələrin məsələyə yanaşmasında da öz əksini tapacaqdır”.
Nazir diqqətə çatdırmışdır ki, Forum iqtisadi əlaqələrimizin inkişaf etdirilməsi və münasibətlərimizin iqtisadi təməlini möhkəmləndirə bilər. Daha mütərəqqi sərmayə və ticarət əlaqələri qarşılıqlı iqtisadi fayda və fəaliyyətin genişlənməsinə təkan verəcəkdir. Dövlət və özəl sektorlardakı əməkdaşlıq modellərinin fəal şəkildə istifadə edilməsi həm resursların mobilizasiyası, həm də siyasi dəstək baxımından zəruridir.

E.Məmmədyarov demişdir ki, əməkdaşlığa dair gündəliyi hazırlayarkən həm ikitərəfli, həm də daha geniş formatdan asılı olmayaraq, qarşılıqlı maraq doğuran spesifik sahələr istiqamətinə hədəflənərək praktik olmalı və mərhələli yanaşmadan istifadə etməliyik. Bununla əlaqədar təklif olunmuş Fəaliyyət Plana dair öz fikirlərimizi bölüşmək istərdik:

1. Ticarət və investisiya təşviqi üzrə tədbirlər: ticarət missiyalarının təşkili; müntəzəm olaraq ticarət palatası və sərgilərin təşkili; biznes portalların istifadəsinin təşviqi. Bu baxımdan, bu il aprelin 29-da Ər-Riyadda keçirilmiş ticarət palatalarının birgə iclasının nəticələrini alqışlayırıq.

2. Nəqliyyat sektorunda əməkdaşlıq: regionlarımızın tranzit və iqtisadi inteqrasiya potensialı əsasən istifadə olunmamış qalır. İnşası tamamlandıqdan sonra Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu xətti regional nəqliyyat dəhlizi çərçivəsində marşrutların şaxələndirilməsini və Çindən Ərəb Dövlətlərinə mal axınını təmin edə bilər. Bakı-Tbilisi-Qars dəmir yolu şəbəkəsi potensial Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrini birləşdirən dəmir yolu sisteminə qoşula bilər.

3. Biz hamımız bilirik ki, ən yaxşı sərmayə təhsilə qoyulan sərmayədir. Azərbaycan təhsil sahəsində əməkdaşlığa təkan vermək məqsədi ilə xüsusi akademik mübadilə proqramlarının hazırlanmasına tam dəstək verməyə hazırdır.

4. Həmçinin sənaye və yanacaq-enerji sektorlarının inkişafında tətbiq edilən təcrübə və innovasiyaların öyrənilməsi bizim üçün böyük maraq doğurur.

5. Bəzi Ərəb Dövlətləri Liqası ölkələrində ənənəvi və inkişafda olan turizm sahələri mövcuddur. Biz turizm iqtisadiyyatının və inkişafının təcrübə mübadiləsində maraqlıyıq, biznes və mədəniyyət sahələrində aparıcı rola malik olmaq istərdik.

6. İnformasiya axınının təmin edilməsi, xəbərlər mübadiləsinin həyata keçirilməsi və ictimai əlaqələr baxımından media sahəsində əməkdaşlıq.
Çıxışının sonunda nazir demişdir: “Biz Forumun işçi mexanizmini əməkdaşlıq sahələri üzrə, o cümlədən üsul və strukturlarının gələcəkdə müzakirələrinin davam etdirilməsinə ümid edirik. Sonda ümid edirəm ki, bu Forum həmrəyliyimizi gücləndirəcək, regionumuzun əhalisinə fayda gətirəcək və aramızda əməkdaşlığın yeni təzahürlərinin inkişafına təkan verəcəkdir”.