YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: Qərəzli açıqlamalar, neytrallığın qorunmaması Fransanın Minsk qrupunun həmsədrlik kreslosunu tərk etməsini sürətləndirir

  «İstər Dağlıq Qarabağ münaqişəsinin dünyadan 30 ilə yaxın dövrdə ədalət gözlədiyi, istər 44 günlük İkinci Qarabağ münaqişəsi, istərsə də postmüharibə dövründə  diqqət çəkən, ən əsası dəyişməz olan məqam dünyanın böyük dövlətlərinin ikili siyasəti, Ermənistana daha böyük iddialarla yaşamasına rəvac vermələri,  beynəlxalq hüquq və ədalət deyilən məfhumların bu güclərin  əlində bir oyuncağa, alətə çevrilməsidir. Rəsmi Bakı daim dünyanın ən nüfuzlu  təşkilatlarının tribunasından  bəyan edib ki, beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqi üçün vahid mexanizm müəyyənləşdirilməli, bütün dövlətlərə eyni şəkildə tətbiq edilməlidir.   Amma dünya dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların  bu çağırışlara sözdə  və əməldə fərqli yanaşmaları  göz önündədir. Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun etimadı doğrultmadığı reallıqdır. 

   Artıq Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub. Amma bugünümüz üçün diqqətçəkən məqam yenə  də  dünya dövlətlərinin ikili siyasətdən yaxa qurtara bilməyərək, Ermənistana   dəstək missiyasını davam etdirməsidir. Hər an erməni sevgisini ortaya qoyan   Fransanın son addımları təəssüf doğurmaya bilməz. Fransa  Milli Assambleyasının deputatı Fransua Pupponin Azərbaycan ərazisində terror və diversiya fəaliyyəti həyata keçirməyə cəhd göstərmiş erməni diversantlardan ibarət qrupun üzvlərini “hərbi əsir və dinc sakinlər” kimi qələmə verən qətnamə layihəsi təqdim edib.  Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən dövlətlər mandatına uyğun olaraq neytrallığı qorumalı, tərəfsiz, obyektiv  olmalıdır. Bu, məsələnin üzdə olan  bir tərəfidir. Digər tərəfi  belə qərəzli, əsassız  bəyanatlar,  açıqlamalar dövlətlərarası  münasibətlərə mənfi təsir göstərməyə bilməz.»

    Bu fikirləri «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

   V.Rəhimzadə qeyd edib ki,  postmüharibə dövrünün reallıqlarının yaşandığı,  bu reallıqlara uyğun olaraq həlli vacib məsələlərin  çözülməsi istiqamətində addımların  atıldığı  bir zamanda  ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın belə mövqe nümayiş etdirməsi təbii ki, təəssüf hissi doğurur: «Dövlətimizin başçısı İlham Əliyev işğaldan  azad edilmiş ərazilərimizdə quruculuq və bərpa işləri ilə bağlı Minsk qrupu həmsədrlərindən də təkliflər gözlədiyini bildirdiyi halda,  qarşı tərəfin belə  bir qərəzli qətnamə layihəsi, açıqlamalarla  çıxış etməsi  münasibətlərə təsirsiz  ola bilməz. Bundan əvvəl də  Fransa Senatı  qondarma «Dağlıq Qarabağ Respublikası»nın tanınması  ilə bağlı  qətnamə layihəsini müzakirəyə çıxardı. Təbii ki, belə qətnamələr Azərbaycan üçün adi kağız parçasıdır. Çünki Azərbaycan qərəzdən, ikili siyasətdən yaranan belə sənədlərə qarşı reallıqları qoyur və dünya ictimaiyyətindən  də tələb edir ki, həqiqətlərə real nəzərlərlə  baxsın.  Necə ki, ABŞ Prezidenti Co Bayden aprelin 24-də qondarma «erməni  soyqırımı» ifadəsini dilə gətirəndə dövlətimizin başçısı İlham Əliyev bunun tarixi səhv olduğunu bildirdi, eyni zamanda, aprelin 28-də ABŞ dövlət katibi Entoni Blinkenin  telefon zəngi zamanı  bu günlərdə ABŞ Prezidentinin dırnaqarası «erməni soyqırımı» ilə bağlı bəyanatına diqqəti  yönəldərək bildirmişdir ki,  Türkiyə Azərbaycanın yaxın dostu və müttəfiqidir, postmüharibə dövründə bölgəmizdə çox önəmli və müsbət rol oynayır və ABŞ Prezidentinin bu açıqlaması Azərbaycan rəhbərliyi və ictimaiyyəti tərəfindən narahatlıqla qarşılanmışdır.  Ölkə Prezidenti İlham Əliyev bu açıqlaması ilə  qondarma «erməni soyqırımı» iddiasının əsassız olduğunu bildirməklə yanaşı, bu reallığı da diqqətə çatdırdı  ki, Azərbaycan-Türkiyə birliyi qarşıya çıxan hər bir maneəni dəf etmək, eyni zamanda,  əsassız iddiaları tutarlı cavablandırmaq və  qalibiyyətə imza atmaq  gücündədir.»

   Baş redaktor qeyd edib ki, bu gün işğaldan  azad edilmiş torpaqlarımızda Böyük Qayıdışa hazırlıq  işləri  görülür: « Zamanın bu gün ölkəmiz üçün rəqibə çevrilməsini şərtləndirən əsas amil bu ərazilərin minalardan təmizlənməsinin uzanmasıdır. Çünki  Ermənistanın beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq minalanmış sahələrin xəritələrini verməməsi  təmizləmə işlərində  vaxt itkisinə səbəb olur. Bu baxımdan olmaz ki, ATƏT-in Minsk qrupunun həmsədrləri 30 ilə yaxın dövrdə fəaliyyətsizliklərini  postmüharibə dövründə canlandırmaqla  minalanmış ərazilərin xəritələrinin Azərbaycana təhvil verilməsi ilə bağlı təşəbbüslə çıxış etsinlər?  10 noyabr üçtərəfli razılaşmasından sonra bu ərazilərdə baş verən mina partlayışı nəticəsində həlak olanların, yaralananların statistikasına diqqət yetirdikdə görəsən dünyanın  ikili siyasətini  özlərinə bir fəaliyyət istiqaməti seçən dövlətlər narahatlıq hissi keçirirlərmi? Reallıqları bir kənara qoyub  yalanlarla diqqəti çəkməyə, Ermənistana dəstək olmağa  ehtiyac varmı? Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində  Ermənistana və ona havadarlıq edən dövlətlərə  verdiyi tarix, hüquq və milli qürur dərsini nə tez unutdular? Bu da faktdır ki, Vətən müharibəsinin gedişi dövründə  Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrinə   raket  və artilleriya hücumları nəticəsində 100-ə yaxın   dinc sakin həlak olub, 400-dən insan artıq  yaralanıb. Bu faktlar niyə  Ermənistanı müdafiə etmək yolunu tutan fransalı deputatların qətnamə layihəsində yer almır? Üçtərəfli Bəyanatdan bir ay sonra Azərbaycan ərazilərinə terrorçuluq məqsədilə göndərilən diversant qrupun üzvləri beynəlxalq humanitar hüquqa uyğun olaraq “hərbi əsir” hesab edilmir. Beynəlxalq hüquq normalarını pozub bunun əksinə  qətnamə layihəsinin hazırlanmasına vaxt sərf etməyə ehtiyac varmı?»

   «Fransanın mövqeyinə inamsızlıq yaradan  bu cür təşəbbüsləri,  qərəzli bəyanatları artıq davamlı xarakter alıb» söyləyən baş redaktor  bildirib ki,  Azərbaycan ictimaiyyətində ATƏT-in Minsk qrupunun həmsədri olan Fransanın neytrallığına çox ciddi inamsızlıq yaranıb. Fransa parlamentinin bəzi üzvlərinin bu cür addımları, dövlət rəsmilərinin açıqlamaları bu inamsızlığın aradan qaldırılmasına deyil, əksinə, daha da dərinləşməsinə yönəlib ki, bu da iki dövlət arasında münasibətlərə öz mənfi təsirini göstərəcək.

  Diqqəti bu günlərdə Fransa Senatının geniş tərkibli nümayəndə heyətinin   Ermənistana 3 günlük səfərinə də yönəldən V.Rəhimzadə qeyd edib ki,  bu səfərin  Ermənistanda uydurma “soyqırımı” tədbirləri ilə üst-üstə düşməsi artıq yaranan suallara aydınlıq gətirir:  « Senat sədri açıqlamasında açıq-aşkar  Ermənistanın işğalçılıq siyasətini, etnik təmizləmə və soyqırımı cinayətlərini, 44 günlük Vətən müharibəsində həyata keçirdiyi müharibə cinayətlərini dəstəklədiyini, bu dəstəyin gələcəkdə də davam etdiriləcəyini bildirməklə  bir daha işğalçı dövlətin bugünədək   əsassız iddialarla  çıxış etməsinə yol göstərənlərə  aydınlıq gətirir. Fransalı siyasətçilər, bəzi  Senat üzvəri də Fransanın  Minsk qrupunun həmsədri kimi  neytrallıq prinsiplərini pozduğunu,  ardıcıl olaraq Ermənistanı dəstəklədiyini etiraf edirlər. Bu etiraflar, eyni zamanda, ikili siyasətə uyğun addımlar  fonunda  Fransa Minsk qrupunun həmsədrlik kreslosunu tərk etməyə  hazır olduğunu nümayiş etdirir.»

    Baş redaktor bu ümumiləşdirməni aparıb ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin  qondarma “erməni soyqırımı”, həmçinin tarixə qovuşan   Dağlıq Qarabağ məsələsinə münasibətləri, Ermənistana açıq-aşkar dəstək göstərmələri  onlara qərəzli addımlara deyil, öz tarixlərinə bir nəzər yetirməyə vaxt sərf etmək çağırışını edir: «ABŞ və  Fransanı  Ermənistanla yaxınlaşdıran məqamlardan biri   soyqırımlar törətməkdə oxşarlıqlarıdır.  Fransa  Əlcəzairdə, Vyetnamda, Mərakeşdə, Cibutidə, Çadda, Qabonda, Tunisdə, ABŞ   Vyetnamda, Koreyada, Kamboca və Laosda,  Əfqanıstanda,  İraqda,  Xirosima və Naqasakidə milyonlarla insanı qətlə yetirib.   Özlərini “insan haqlarının və demokratiyanın vətəni” sayan Fransa və ABŞ  öz tarixləri ilə üzləşməkdən bir də ona görə qorxurlar ki, insan haqları və demokratiya ilə bir araya sığmayan bəşəri cinayətlər törədiblər. Tarixi səhvlərdən dərs almaq zamanıdır.»