YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Anar Məmmədov: İşğaldan azad edilmiş ərazilərin bərpası milli prioritetimizdir

“Azərbaycanın işğal altında olan torpaqlarının düşmən tapdağından azad edilməsi həmin ərazilərdə iqtisadiyyatın bərpası üçün təcili addımların atılmasını zəruri edir. Hazırda Azərbaycan qarşısında dayanan əsas vəzifə azad edilən torpaqların bərpası, keçmiş köçkünlərin qaytarılması və bu insanların normal həyatının təmin edilməsidir. Bu istiqmətdə işlərə artıq başlanılıb və prosses şəraitdən, strateji planlardan asılı olaraq mərhələli şəkildə davam edəcək”. Bu fikirləri Milli Məclisin deputatı Anar Məmmədov deyib.

Deputat bildirib ki, 44 günlük müharibədə qazanılmış parlaq Qələbədən, böyük Zəfərdən sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev işğaldan azad olunmuş ərazilərə dəfələrlə səfər edib. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın aprelin 26-da Cəbrayıl və Zəngilan rayonlarına səfərləri də göstərdi ki, işğaldan azad olunmuş ərazilərimiz ən qısa müddətdə yenidən qurulacaq. Dövlət başçısının işğaldan azad olunmuş ərazilərə 6 ayda 7 dəfə səfər etməsi, ilk növbədə, onu göstərir ki, Qarabağın bərpası Prezident  İlham Əliyevin qarşıya qoyduğu milli prioritetdir. İşğaldan azad olunmuş əraziləri sülh, əməkdaşlıq və təhlükəsizlik bölgəsinə çevirən Prezident İlham Əliyevin növbəti səfəri digər işğaldan azad olunmuş ərazilər kimi Cəbrayıl və Zəngilan rayonlarının, kəndlərinin də, bütün yaşayış yerlərinin də tezliklə bərpa olunacağına bir daha əminlik yaradır. Ölkə rəhbərinin səfər zamanı hər bir azərbaycanlının qəlbində qürur və fəxr hissi yaradan çıxışı Qarabağın və bölgənin inkişafı üçün mühüm vəzifələr və milli prioritetlər kimi dəyərləndirilməlidir.

Millət vəkilinin sözlərinə görə, işğaldan azad edilmiş bütün rayonlarımızın baş planları hazırlanıb başa çatdıqdan sonra bərpa-quruculuq işlərinə artıq start verilib. Bu səfərin ən mühüm məqamlarından biri işğal dövründə ermənilərin dağıtdığı yurd yerlərimizin bərpası istiqamətində ilk layihənin icrasının başlanılması oldu. İlk bərpa edilən kəndlər isə Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndləri olacaq. Bu kəndlər “ağıllı” kənd pilot layihəsi çərçivəsində yenidən qurulacaq. Azad edilmiş Azərbaycan ərazilərinin Prezidentimizin birbaşa təşəbbüsü və tapşırıqları ilə bərpa edilməsi və yenidən qurulması indiki pandemiya şəraitində dünya iqtisadiyyatında böyük problemlərin yarandığı bir dövrdə dövlətimizin gücünü və qüdrətini nümayiş etdirən möhtəşəm bir hadisədir.

A.Məmmədov qeyd edib ki, indiyədək işğaldan azad olunmuş rayonlarda yol infrastrukturunun qurulması ilə bağlı bir neçə layihənin icrasına başlanılıb: “Bu layihələr işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacaqdır. Prezidentin Cəbrayıl və Zəngilana səfəri də bu baxımdan əlamətdar oldu. Belə ki, səfər zamanı işğaldan azad olunmuş ərazilərdə ikinci hava limanının təməli qoyuldu. Zəngilanda təməli qoyulan hava limanı bu bölgəni beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır. Buradan dəmir və avtomobil yolları da keçəcək və Naxçıvana yol açılacaq. Həmçinin, səfər zamanı təməli qoyulan Zəngilan-Horadiz avtomobil yolu strateji əhəmiyyəti ilə seçilir. Belə ki, yolun ümumi uzunluğu 124 kilometrdir və 6 zolaqdan ibarət olacaq. Horadizdən Zəngilanın Ağbənd qəsəbəsinə qədər yeni dəmir yolu da çəkiləcək. Daha sonra Zəngəzur dəhlizi ilə dəmir yolu Naxçıvan Muxtar Respublikasına qədər uzadılacaq. Göründüyü kimi bütün nəqliyyat layihələri Zəngəzur dəhlizinin yaradılması istiqamətində atılan mühüm addımlardır. Azad edilmiş rayonlarda qısa müddət ərzində yol infrastrukturunun qurulması olduqca əhəmiyyətlidir və bu cür layihələrin həyata keçirilməsi işğaldan azad edilmiş ərazilərin inkişafı üçün böyük əhəmiyyət daşıyır”.