YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: 907-ci düzəliş faktiki olaraq öz hüquqi qüvvəsini itirdiyi üçün ABŞ bu sənədi tamamilə ləğv etməlidir

“ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng etməsi və müxtəlif məsələlərlə bağlı müzakirələrin aparılması ölkəmizin regionda aparıcı rolunun göstəricisidir”. Bu fikri Milli Məclisin Beynəlaxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Sevinc Fətəliyeva bildirib ki, Prezident İlham Əliyev tərəfindən çox dəqiqliklə müəyyənləşdirilən və həyata keçirilən balanslaşdırılmış xarici i siyasət nəticəsində Azərbaycan ABŞ və digər dövlətlərlə ikitərəfli əməkdaşlığı əhəmiyyətli dərəcədə inkişaf etdirib. Azərbaycanın etibarlı tərəfdaş olması, gündən-günə daha da güclənməsi, daxili və xarici siyasətini daim qlobal çağırışların tələbləri çərçivəsində yeni meyarlarla zənginləşdirməsi və Cənubi Qafqazın aparıcı dövləti kimi regionu qarşıdurma deyil, əməkdaşlıq məkanına çevirmə istiqamətində səyləri ABŞ-ın diqqətini cəlb etməyə bilməz.

Deputat qeyd edib ki, Azərbaycan-ABŞ əlaqələrində enerji təhlükəsizliyi də mühüm rol oynayır. ABŞ dövlət katibinin dövlətimizin başçısına telefon zəngi zamanı bu məsələ xüsusi vurğulanıb və Cənub Qaz Dəhlisi layihəsinin əhəmiyyəti vurğulanıb. Digər bir amil isə, Azərbaycanın terrorizmlə mübarizəyə beynəlxalq səviyyədə verdiyi töhfələrlə bağlıdır. 2001-ci ilin sentyabrında ABŞ-da törədilən terror hadisəsindən sonra Azərbaycan Birləşmiş Ştatlara tam dəstəyini ifadə etdi. Bu gün də beynəlxalq antiterror koalisiyasında Azərbaycan hərbçiləri ABŞ əsgərləri ilə terrorizmə qarşı birgə mübarizə aparırlar. Azərbaycanın terrorizmə qarşı mübarizədə öz logistik imkanlarını ortaya qoyaraq ABŞ-a xüsusi dəstək verməsini nəzərə alsaq, bu, münasibətlərimizin nə dərəcədə əhəmiyyətli olmasına dəlalət edir.  Eyni zamanda, 44 günlük Vətən müharibəsində qazanılan qələbənin regionda yeni  reallıqlar yaratmasını ABŞ administrasiyası da  müşahidə edir. Məlumdur ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir və dövlətimizin başçısının qeyd etdiyi kimi, münaqişə başa çatdığı üçün həmsədrlər gələcək əməkdaşlıq mühitinin, regionda davamlı sülh və təhlükəsizliyin təmin olunması üçün yeni təkliflərlə çıxış etməlidirlər.

Sevinc Fətəliyeva həmçinin, ABŞ dövlət katibi Entoni Blinkenin bu il də “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin müvəqqəti dayandırıldığını söyləməsinə münasibət bildirərək deyib ki, 907-ci düzəlişin  cari ildə tətbiq edilməməsi müsbət haldır. Amma bu düzəliş vaxtilə Azərbaycana qarşı ədalətsiz bir qərarın nəticəsində qəbul olunub. Millət vəkilinin sözlərinə görə, 10 noyabr bəyanatına əsasən regionda kommunikasiyaların, nəqliyyat dəhlizinin açılması nəzərdə tutulur. Belə olan halda, faktiki olaraq, 907-ci düzəliş öz hüquqi qüvvəsini itirmiş olur. Ona görə də, ABŞ bu sənədi tamamilə ləğv etməlidir.

Telefon danışığı zamanı Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidentinin uydurma “erməni soyqırımı” ilə bağlı bəyanatını etirazla qarşılaması və bu məsələdə Türkiyə ilə həmrəylik ifadə etməsinə gəlincə, S.Fətəliyeva qeyd edib ki, bu fakt dövlətimizin başçısının qətiyyətinin və Türkiyə ilə qardaşlıq münasibətlərinə sadiqliyinin ifadəsidir.