YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarabagda quruculuq işləri geniş vüsət alır, Ermənistan isə siyasi böran yaşayır

İlqar İlyasov,

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri
Azərbaycan Respublikasının  Prezidenti,  Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində müzəffər ordumuz tərəfindən parlaq qələbə əldə edildi. Bu möhtəşəm uğuru son 25 il ərzində beynəlxalq hüquqi normativ bazasının formalaşdırılması, informasiya blokadasının yarılması, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması, milli iqtisadiyyatın gücləndirilməsi, ordu quruculuğunda həyata keçirilən islahatlar, qəhrəman zabit və əsgərlərimizin şücaəti, ən əsası isə dövlətimizin başçısının dəmir iradəsi bizə yaşatdı. Hazırda işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq tədbirləri həyata keçirilir, infrastruktur layihələri reallaşdırılır. Qarabağda həyata keçirilən bərpa işlərinin necə uzaq perspektivlərə hesablandıgını, islahatların ən müasir dünya təcrübəsi və yeni texnologoyalar üzərində qurulduğunu aydın görmək üçün onlara ötəri nəzər salmaq kifayətdir. Cənab Prezidentimiz İlham Əliyev Laçın rayonunun  Güləbird kəndində çıxış edərkən də elə həmin məsələlərə toxunaraq bildirdi ki, bölgəmizin uzunmüddətli inkişafı, sabitliyin təmin edilməsi və müharibə risklərinin sıfıra endirilməsi üçün bölgədə nəqliyyat layihələrinin xüsusi rolu vardır və burada iştirak edən bütün ölkələr ancaq xeyir götürəcək, fayda götürəcək. Azərbaycan Naxçıvanla, Türkiyə ilə birləşir. Eyni zamanda Rusiyadan Ermənistana dəmir yolu xətti açıla bilər. Bu xətt yalnız Azərbaycan ərazisindən keçə bilər. Həmçinin Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı olacaq. İran ilə Ermənistan arasında dəmir yolu bağlantısı olacaq. Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq. Yəni, bütün bölgə ölkələri bundan ancaq xeyir görəcəklər. Füzulidə aeroportun tikintisinın sürətlə davam etməsi, Şuşaya yeni avtomobil yolunun çəkilməsi, Naxçıvana istiqamət götürən dəmir yolunun təməlinin qoyulması Qarabağda müasir tələblərə cavab verən yol infrastrukturunun yaradılmasından xəbər verir. Qarabağda investorların maraqlarını cəlb edəcək resurslar, strateji aktivlər, səmərəlilik və bazarlar mövcuddur. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin ilkin proqnozlarına görə, regionun həm 80 milyonluq İran, həm də Naxçıvan üzərindən 83 milyonluq Türkiyə bazarlarına çıxış imkanları ixrac yönümlü sərmayələr üçün cəlbedicidir. Danılmaz faktdır ki, Qarabağ bölgəsi Azərbaycanda iqtisadi inkişafın yeni coğrafi drayveri – artım mərkəzi funksiyasını yerinə yetirmiş olacaq. İşğaldan azad olunmuş ərazilərimizə sərmayə qoyuluşu və quruculuq işləri Azərbaycanda ÜDM-in artımını sürətləndirəcək. O da məlumdur ki, bu ərazilərimiz dağ-mədən sənayesi, metallurgiya, yeyinti sənayesi, emal sənayesi, turizm-rekreasiya, yaradıcı sənaye, əczaçılıq, taxılçılıq, tərəvəzçilik, üzümçülük, pambıqçılıq, meyvəçilik, heyvandarlıq, quşçuluq, arıçılıq, tikinti materialları kimi sahələr inkişaf potensialına malikdir. Ekspertlərin hesablamaları onu deməyə əsas verir ki, bu sahələrə yatırılan sərmayələr həm qeyri-neft ixracının artması və idxalın əvəzlənməsi, həm də iqtisadi dəyər zəncirinin şaxələndirilməsi baxımından əhəmiyyət kəsb edəcək. Yuxarıda sadalananlar Azərbaycanın həm quruculuq ənənələrinə, sülhə və əmin-amanlığa sadiqliyini nümayiş etdirir, həm də gələcək inkişaf etmiş ölkəmizin iqtisadi inkişafının yeni istiqamətdə təməli qoyulur. İşğaldan azad olunmuş ərazilərimizdə çox sürətlə infrastruktur layihələrinin gerçəkləşdirilməsi yaxın illərdə ata-baba torpaqlarından didərgin düşmüş vətəndaşlarımızın öz ocaqlarına qayıdacaqlarının sübutudur. Möhtərəm prezidentimiz bu günlərdə dövlət televiziyasına müsahibəsində demişdir: “Birinci pilot layihə Zəngilan rayonunda icra ediləcək - “Ağıllı kənd” layihəsi. Bu layihə üç kəndi – 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edəcək və yəqin ki, yaxın gələcəkdə bu layihənin təməli də qoyulacaq... Bütün şəhərlərin baş planları hazırlanır. Hesab edirəm ki, bu, ilk növbədə, Ağdam şəhərini əhatə edəcək. Ümid edirəm, may ayının sonuna qədər Ağdam şəhərinin baş planının ilkin versiyası təqdim olunacaq və əlbəttə ki, ondan sonra, o cümlədən Ağdam rayonunun ictimaiyyəti ilə birlikdə müzakirə ediləcək. Digər şəhərlərimizin də baş planları hazırlanır. Kəndlərin bərpasına gəldikdə, burada da biz işlərimizi mərhələlərə bölməliyik. İlk növbədə, biz mövcud infrastruktura yaxın olan kəndləri bərpa etməliyik. Bu da təbiidir, çünki həm vaxt, həm səmərəlilik baxımından bu, daha məqsədəuyğundur. Ona görə Ağdam, Füzuli, Cəbrayıl rayonlarının keçmiş təmas xəttinə yaxın olan kəndlərinin bərpası ilə bağlı müvafiq göstərişlər verilib”. Diqqət çəkən məqamlardan biri də budur ki, bütün bu proseslər Ermənistanda siyasi qüvvələrin qarşıdurmasının sərtləşdiyi bu zamanda gerçəkləşir.

Müzəffər Azərbaycan ordusunun istər 12-16 iyul günlərində, istərsə də 44 gün ərzində davam edən Vətən müharibəsində əldə etdiyi parlaq qələbələr, işğalçı erməni ordusunu və bu ölkənin siyasi rəhbərliyini tam şəkildə çıxılmaz duruma saldı. Yəni, ötən illər ərzində riyakar mövqeyini ortaya qoyan, yerli ictimaiyyətlə bərabər, beynəlxalq ictimaiyyəti də hər an aldatmağa çalışan işğalçı ölkənin baş naziri Nikol Paşinyan və onun komandası, həmin vaxtlarda yaşadıqları uğursuzluqları öz xalqından gizlətməyə çalışsalar da, son anda onlar geniş xalq kütləsinin ciddi müqaviməti ilə üz-üzə qalmalı oldular. Çox keçmədi ki, erməni xalqı küçələrə axışıb açıq formada etiraz səslərini ucaltdılar, Nikol Paşinyandan və onun komandasından baş verən ölüm faktlarının hesabatlarını tələb etdilər. Bu cür ciddi etiraz və müqavimətin qarşısında çıxılmaz duruma düşən Ermənistanın hərbi-siyasi rəhbərliyi nə qədər yalan vədlər versə də vətəndaşları ələ ala bilmir. İyun ayına təyin olunmuş seçkilər isə əslində Ermənistanda yeni qarşıdurmanın, siyasi qütbləşmənin başlanığıcı ola bilər.