YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rafael Hüseynov: AŞPA-da ikili standartlar, qeyri-obyektiv və sifarişli çıxışlar çoxalıb

“Son illərdə AŞPA-da daimi müzakirə mövzularımızdan biri Avropa Şurasında köklü islahatların zəruriliyi, yeniləşmənin vacibliyi, ənənəvi problemlərdən xilas olmağın təxirəsalınmazlığı olub. Təəssüf ki, düzəldilməli başlıca qüsurlar yenə əvvəlki kimi qalmaqda davam edib, sadəcə, bəzi komitələrin və siyasi qrupların adları dəyişdirilib, bəzi prosedur qaydalarında kosmetik düzəlişlər olunub və elə köhnə yerişimizlə irəliləməkdə davam etmişik”. Bu fikirləri AŞPA-da “Türkiyədə demokratik təsisatların fəaliyyəti” mövzusunda sərbəst debatlarda çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov deyib.

Deputat bildirib ki, islahat aparılmalı ən vacib məsələ hələ də davam edən ikili standartların aradan qaldırılmasıdır. İkili standartlar əvvəlkindən də çoxalıb. Qeyri-obyektivlik, sifarişli çıxışlar, qərəzli qruplaşmalar, bəzi üzv ölkələri daim hədəf seçərək onların üstünə getmək vərdişi qalmaqda davam edir.

 “Burada Türkiyə ilə bağlı müxtəlif illərdə hazırlanmış eyniadlı məruzələri qaldırın, müzakirələrin stenoqramlarını oxuyun. Hər dəfə Türkiyəni xüsusi ehtirasla tənqid edən eyni adları görəndə təəccüblənməyin. Təkcə Türkiyənin deyil, elə Azərbaycanın da belə ştatlı əleyhdarlarının kimlər olduğunu mən bir dəfə bu kürsüdən sadalamışam. Xatırlayıram, 2016-cı ilin iyun sessiyasında da Türkiyə ilə bağlı eyni sərlövhəli məruzə müzakirə edilirdi. Məruzə Türkiyədə qanunun aliliyinin davam edən eroziyasından danışırdı, ölkədəki antiterror əməliyyatları zamanı ortaya çıxan insan haqları pozuntularına dair iddialar irəli sürülürdü, mətbuatla bağlı ciddi problemlərin olduğu bəyan edilirdi, bütün bunların ölkədə demokratik təsisatların normal fəaliyyət göstərməsinə təhlükə törətdiyini bildirilirdi”, - deyə R.Hüseynov vurğulayıb.

Ədalətli şəkildə müqayisə aparılacağı təqdirdə avropalı parlamentarilərin bugünkü Türkiyənin 5 il əvvəlki Türkiyədən daha güclü, daha demokratik olduğunu görəcəklərini bildirən R.Hüseynov vurğulayıb ki, 5 il əvvəl burada Türkiyədə demokratiyanın təhlükədə olduğu bildirilirdi. Avropa Şurası artıq yetərincə yaşlıdır və Türkiyə bu 72 yaşlı təşkilatın elə 72 ildir üzvüdür. Axı, Avropa Şurasına Avropanın vicdanı deyiblər. Türkiyəyə ən azı bu müstəvidən vicdanla baxmağa, onu vicdanla qiymətləndirməyə adət edilməlidir.