YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Jalə Əliyeva: Artıq Azərbaycanla hesablaşmağın zamanıdır, hesablaşırlar, hesablaşacaqlar və başqa yolları da yoxdur

Jalə Əliyeva,

Milli Məclisin Ailə, Qadın, Uşaq məsələləri
Komitəsinin sədr müavini

"...Biz Ermənistanın vətəndaş cəmiyyətinin daha fəal olmasını gözləyirik. Çünki bu gün Ermənistanda nə hökumət, nə də müxalifət Azərbaycan haqqında nəinki müsbət, heç neytral fikir söyləmək iqtidarında deyil. Bu Azərbaycanofobiya konsepti, onilliklər ərzində azərbaycanlılara qarşı nifrətin aşılanması, əslində, erməniləri hüquqlarından məhrum edib. Ancaq hesab edirəm ki, onlar özlərində cəsarət tapmalı, erməni xalqına həqiqəti söyləməlidirlər. Müharibə artıq tarixdə qalıb, münaqişə həll edilib və biz gələcəyə baxmalıyıq...". Bu fikirlər ölkə Prezidenti, Qalib Sərkərdə, xalqının Xilaskar Oğlu, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə məxsusdur. Bu fikirləri Prezident İlham Əliyev bir neçə gün öncə baş tutan və hələ də dünya gündəmini ciddi şəkildə məşğul edən çıxışında, ADA Universitetində keçirilmiş “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans zamanı səsləndirib. Bu, gerçəkdən də, adı, sıradan bir çıxış olmayıb, növbəti Tarixi çıxış, növbəti Dərs kimi yaddaşlara, hafizələrə həkk olunub. Bu çıxışı ilə bir daha Müzəffər Ali Baş Komandan tarixi düşmənlərimizə və onların qanlı havadarlarına növbəti Dərs keçib, növbəti sarsıdıcı və öldürücü Zərbəsini vurub, 44 gün ərzində hərb-cəng meydanında, səngərdə əldə edilən Qələbəni, Zəfəri siyasi-diplomatik müstəvidə də gerçəkləşdirib, zənginləşdirib. Heç təsadüfi deyil ki, konfransdan sonrakı bir həftə ərzində 50-yə yaxın ölkənin 75-dən çox informasiya resursu dövlətimizin başçısının çıxışından sitatlar verib, diqqəti Qarabağın bərpası prosesinə, Cənubi Qafqazda yaranmış yeni reallıqlara, regionun gələcəyinə dair baxışlara, Azərbaycanın qonşuları ilə münasibətlərinə və ümumilikdə beynəlxalq ictimaiyyətə ünvanlanmış mesajlara yönəldib. Həmin materiallarda, həmçinin Ermənistanın müharibə cinayətlərinə, minalanmış ərazilərin xəritəsinin hələ də Azərbaycana verilməməsi ilə bağlı məsələlərə də toxunulub. Mövzuya ən çox dost və qardaş ölkələrin KİV-lərində müraciət olunub və bu, təsadüfi deyil. Prezident İlham Əliyevin beynəlxalq konfransda söylədiyi “İtaliya bizim yaxın dostumuz və tərəfdaşımızdır” fikri dost ölkənin media orqanlarının əsas xəbər başlığına çevrilib. “İl Giornale”, “Faro di Roma”, “Agenzia Nova” və “MSN Notizie” kimi populyar xəbər saytlarında yayılan informasiyalarda Azərbaycan Prezidentinin İtaliyanı yaxın dost və tərəfdaş ölkə kimi səciyyələndirməsi, iki ölkə arasında əməkdaşlığın müharibə zamanı və müharibədən sonrakı dövrdə sınaqdan keçdiyi, qarşıda yeni tərəfdaşlıq imkanlarının açıldığı vurğulanır. Həmçinin, bizə qardaş olan, hər zaman yanımızda olan Türkiyənin DHA və İHA xəbər agentlikləri, “Haber Global”, “Haber türk” telekanalları, “Sabah”, “Hürriyet” və digər qəzetləri də dövlətimizin başçısının çıxışındakı maraq doğuran fikirlərə geniş yer ayırıb. Xəbər və reportajlarda qeyd olunur ki, Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq konfransdakı çıxışı regiondakı mövcud vəziyyəti və perspektivləri qiymətləndirmək baxımından mühüm əhəmiyyət kəsb edir, "Yol xəritəsi" təsiri bağışlayır. Bununla yanaşı, son bir neçə gündə ərəb ölkələrinin nüfuzlu media resursları - WAM, Petra, UNA, KUNA və digər saytlar, eləcə də Bolqarıstanın “FOCUS NEWS”, Pakistanın APP agentliyi və NHT xəbər portalı, Latın Amerikası ölkələrinin İnfogate, Telam agentlikləri, Kosta-Rikanın LA NACİON informasiya portalı beynəlxalq konfransda səsləndirilən önəmli fikirləri oxucuları ilə bölüşüblər. Materiallarda vurğulanır ki, Azərbaycan lideri regionda əməkdaşlıq əlaqələrinin inkişafında maraqlıdır. Prezident İlham Əliyev dünya siyasətində hökm sürən ikili standartlara qarşı çıxır, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasını istəyir. Bəli, bütün bunlar artıq onu göstərir və bir daha onun təsdiqidir ki, Qələbəmiz, Zəfərimiz, Güclü və Haqlı olmağımız hər kəs tərəfindən qəbul və etiraf olunur. Xüsusilə də, son illərə, İkinci Vətən Müharibəsinə, müqəddəs Zəfərimizə qədər, erməni lobbisinin (o mifi də məhv, cəhənnəmlik, gorbagor etdik) təsiri altında olanlar, həqiqətə göz yumanlar, susanlar, səssiz qalanlar belə, artıq reallığın, gerçəkliyin fərqinə varmaqdadırlar, buna məcbur və məhkumdurlar. Artıq Azərbaycanla oyun oynamağın, ikili, üçlü, beşli standartlar nümayiş etdirməyin yeri və faydası yoxdur. Qarşılarında Qalib, Güclü, Haqlı, Müzəffər, Sülhpərvər Azərbaycan və onun Liderlər Lideri-Rəhbəri İlham Əliyev var. Artıq Azərbaycanla hesablaşmağın zamanıdır, hesablaşırlar, hesablaşacaqlar və başqa yolları da yoxdur, hesablaşmalıdırlar. Biz çox dedik, onlar az eşitdi, amma "Dəmir Yumruq" hər bir daşı öz yerinə qoydu və qoymaqdadır, artıq bizi dinləməli, eşitməli və qəbul etməlidirlər. Nə qədər bunu tez qəbul etsələr, özləri üçün daha xeyirlidir. Çünki itirən biz deyilik və biz olmayacağıq, itirən yenə onlar olacaqlar və ola bilərlər. Atalarımız demişkən, zərərin yarısından da qayıtmaq kardır. Bildiyiniz kimi, bu gün biz kommunikasiyanın açılmasını, xüsusilə Zəngəzur dəhlizini müzakirə edirik və Zəngəzur dəhlizi Türkiyənin razılığı və onların iştirakı olmadan açıla bilməz. Baxmayaraq ki, Türkiyə Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli işçi qrupunda iştirak etmir, ancaq Türkiyə müzakirələrlə bağlı bizim tərəfimizdən məlumatlandırılır və əgər Ermənistan kommunikasiyalarla bağlı çətinliklərə son qoymaq istəyirsə, onlar tranzit ölkə olmaq üçün hər hansı imkana malik olmaq istəyirlərsə, yalnız Türkiyə onları bununla təmin edə bilər. Ölkə Prezidentinin də çıxışı zamanı qeyd etdiyinə görə, Türkiyə hökuməti artıq buna hazırdır. Beləliklə, top Ermənistan tərəfdədir. Onların yaxşı həkimlərə ehtiyacı var. "Mən dəfələrlə demişəm, onlar zəhərləniblər. Bu zəhər əsasən onların Fransanın cənubunda, Kaliforniyada, Krasnodar diyarında və bəzi başqa paytaxtlarda çox sakit və gözəl yerlərdə oturub öz həyatlarından zövq alan diasporundan gəlir. Onlar istəyirlər ki, keçmiş Dağlıq Qarabağda və Ermənistanda olan ermənilər onların girovları, alətləri olsun, onlar da bəzi iddialı və şovinist ideyaları ilə məşğul ola bilsinlər. Erməni cəmiyyətinin dəmir pərdəni dağıtmağa ehtiyacı var, əgər mən bu analogiyalar barədə danışa bilərəmsə, onlar dəmir pərdə arxasında yaşayırlar və bu zəhərli ideyaların təsiri altındadırlar. Biz bu işdə onlara kömək etməyə hazırıq"-deyə, vurğulayan Ali Baş Komandanın bəyan etdiyi kimi, eyni zamanda, Ermənistan tərəfdən qisas cəhdləri sıfır risk altında olmalıdır. Əgər onlar bunu etsələr, biz sülh tərəfdarı olsaq da, onları tamamilə məhv edərik. Bəli, çıxışda da vurğulandığı kimi, əgər Azərbaycan xalqına və ya ərazi bütövlüyümüzə qarşı bir faiz risk təhlükəsinin olduğunu görəriksə, biz özümüzü müdafiə etmək üçün bütün vasitələrdən istifadə edəcəyik. Lakin bizi buna təhrik etmədikləri halda, biz heç vaxt gələcəkdə hər hansı bir düşmənçilik xarakterli əməliyyatlara başlamayacağıq. Seçim, qərar onlarındır! Bəli, Dağlıq Qarabağ münaqişəsi başa çatıb. Hazırda Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında yaşayan erməniləri də Azərbaycan vətəndaşları hesab edirik. Bu regionun reinteqrasiyası zaman məsələsidir. Biz çox tələsməyəcəyik. Biz doğru olanı etmişik və edəcəyik! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır və Qarabağ Azərbaycanındır!