YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Bakıda Hərbi Qənimətlər Parkının yaradılması Zəfər tariximizin şanlı səhifələrindən biridir

"Bakıda Hərbi Qənimətlər Parkının yaradılması Zəfər tariximizin şanlı səhifələrindən biridir. Bu parkın açılması Vətən müharibəsində rəşadətli Ordumuzun qarşısında Ermənistan ordusunun acizliyini ifadə edir.  Park İkinci Qarabağ müharibəsində ordumuzun gücünü, işğalçı Ermənistanın isə sarsıdıcı məğlubiyyətini özündə əks etdirir". Bu fikirləri Milli Məclisin İntizam komissiyasının sədri, Yeni Azərbaycan Partiyası  İdarə Heyətinin üzvü Eldar İbrahimov deyib.

Eldar İbrahimov bildirib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük müharibədə parlaq qələbə qazandı. Azərbaycanın yeni müharibə nümunəsi dünyada böyük əks-səda doğurdu: "İkinci Qarabağ müharibəsi birmənalı şəkildə Azərbaycanın gücünü göstərdi. Azərbaycan XXI əsrin müharibəsini apardı. Güclü hərbi potensialı olan ölkələr də İkinci Qarabağ müharibəsinin bütün aspektlərini öyrənir, öz ordularını müasir standartlara və tələblərə uyğunlaşdırmaq istəyirlər".

YAP İdarə Heyətinin üzvü qeyd edib ki, İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsini zəruri edən bir sıra amillər var idi: "Belə ki, ölkəmizin dinamik  inkişafı, iqtisadi müstəqilliyimizin təmin olunması, güclü ordu quruculuğu, beynəlxalq münasibətlərdə Azərbaycanın milli maraqlarının təmin edilməsi bu baxımdan xüsusi qeyd edilməlidir. Həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər mühüm hüquqi baza rolunu oynadı. Xüsusilə qələbənin əldə olunmasında xalqımızın cənab Prezidentin siyasətini birmənalı olaraq dəstəkləməsi, ölkəmizdə milli birliyin mövcudluğu qələbəmizi şərtləndirən amillər sırasındadır".

Millət vəkilinin sözlərinə görə, ötən dövr ərzində işğalçı Ermənistan bütün regional layihələrdən kənarda saxlanıldı: "Bu, Azərbaycan dövlətinin və Prezidentinin prinsipial mövqeyinin nəticəsidir. Bununla da iqtisadi cəhətdən çökən, dalana dirənən Ermənistan sosial-iqtisadi böhran məngənəsindən xilas ola bilmədi. Öz havadarlarından pulsuz aldığı silahlar da 44 günlük müharibədə Ermənistana kömək edə bilmədi.  Hərbi Qənimətlər Parkında Ermənistan ordusunun acınacaqlı durumu öz əksini tapır".

"44 günlük Vətən müharibəsi Azərbaycan xalqının iradəsini, gücünü, birliyini nümayiş etdirdi. 44 gün ərzində Azərbaycan bir addım da geri atmadı. Azərbaycan hərbçiləri qəhrəmanlıq, şücaət nümayiş etdirdilər. Bütövlükdə, İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının şanlı tarixidir. Azərbaycan dünyada özünü bir daha təsdiq etdi, Ermənistan isə diz çökmüş, məğlub ölkə kimi dünyada tanındı. İşğal altında olmuş ərazilərdə hazırkı vəziyyət isə erməni vəhşiliyinin əyani təzahürüdür. Ermənistanın ideoloji əsası özlərini mədəni, böyük sivilizasiyaya aid olan xalq kimi, müsəlman ölkəsi olan Azərbaycanı isə vəhşi ölkə kimi qələmə vermək və beynəlxalq ictimai rəydə adekvat rəyin formalaşdırılmasına nail olmaq idi. Lakin işğal altında olmuş ərazilərin mənzərəsi bunun tam əksini göstərdi. Bütün dünya bundan sonra da Ermənistanın hərbi cinayətləri ilə bağlı məlumatlandırılacaq. Parkın açılışı zamanı çıxış edən Prezident İlham Əliyev bir daha tarixi qələbəmizdən bəhs etdi, mühüm mesajlar verdi. İnanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha böyük zirvələr fəth edəcək, Qarabağımız dirçələrək dünyanın ən gözəl məkanlarından birinə çevriləcək", - deyə E.İbrahimov vurğulayıb.